Bir millətin övladları
Səmimi qardaşlıq ifadəsini işlədərkən təbii ki, hər birimizin düşüncəsində, gözünün önündə Türkiyə Azərbaycan münasibətləri, qardaşlığı canlanır. Azərbaycan Türkiyə səmimi qardaşlıq münasibətləri bütün sahələr üzrə dinamik artımla davam edir. Bu dinamik artımın əldə olunmasında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi iradələri, dövlət başçılarımızın qardaşlıq münasibəti tarixi rol oynayır. Tarix boyu böyük güclərin yaratdıqları çətinliklərə baxmayaraq Türkiyə və Azərbaycan xalqları daim bir-birinin yanında olmuşlar.
Səmimi qardaşlığın növbəti bir nümunəsi “Teknofest” festivalıdır. “ Teknofest Azərbaycan” aerokosmik və texnologiya festivalı 26-29 may tarixində keçirilmişdir. Sevindirici haldır ki, “TEKNOFEST” festivalı ilk dəfə olaraq Türkiyə Respublikasından kənarda qardaş ölkə Azərbaycanda baş tutdu. Həmin festival Türkiyə və Azərbaycan birliyinin növbəti nümayişidir. Festivalda həmçinin Türkiyə Respublikasının və ölkəmizin dövlət nümayəndələri, həmçinin Nobel mükafatı laureatı Əziz Səncər də iştirak edirdi. Ölkədə keçirilən “TEKNOFEST” festivalı bir daha onu göstərir ki, qardaş Türkiyə daim Azərbaycanın yanında olub və bundan sonra da olacaqdır. Biz 30 il ərzində bu dəstəyi, bu qardaşlıq dəstəyini hər zaman hiss etmişik, bu gün də hiss edirik və bu gün Türkiyə-Azərbaycan yenə də bir yerdədir. Dünya siyasətində özünəməxsus yeri, nüfuzu olan, siyasi, iqtisadi, hərbi qüdrəti ilə də başqa dövlətlərə nümunə göstərilən bu qardaşlıq türk dünyasının birlik və həmrəyliyinə də önəmli töhfələr verir.
Prezident İlham Əliyev və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın tədbirə qatılması, iki liderin möhtəşəm çıxışları, Türk dünyasına, və bütün dünyaya ünvanlı mesajları, habelə qaliblərin təltif olunma mərasimində iştirakları festivala həm mühüm və bənzərsiz siyasi rəng qatdı, həm də silinməz möhürünü basdı. Beynəlxalq miqyasda, bizə yaxın bölgədə gedən mürəkkəb, təhlükəli proseslər fonunda bu, gerçəkdən də çox əhəmiyyətli, yerinə düşən, iki Türk dövlətinin yeni qlobal təhdid və çağırışlara qarşı ortaq birliyinin və sarsılmaz ittifaqının unikal örnəyi oldu.
Hazırda dövlət başçılarının uğurla davam edən səmimi dostluq və qardaşlıq münasibətləri, tərəfdaşlığın genişləndirilməsinə verdikləri böyük önəm əlaqələrin daha da dərinləşməsini şərtləndirir.
Əziz Həziyev,
YAP Neftçala rayon təşkilatının fəal üzvü
Digər xəbərlər