Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi
2022-06-11
Baxış: 483
Milli iftixarımız, xalqımızın böyük oğlu, Ümummilli lider Heydər Əliyev dövrümüzün siyasət nəhənglərindən biri kimi müasir dünya tarixində əbədiyaşarlıq haqqı qazanmışdır. Azərbaycanlılar üçün o, müasir Azərbaycan dövlətinin qurucusu, xalqın ən böyük təəssübkeşi və öndəridir. Böyük insan Ulu Öndər müstəqilliyim dövründə hələ çox gənc olan və kifayət qədər tanınmamış respublikamızı misilsiz xidmətlərilə beynəlxalq arenada öz sözünü deyə bilən bir dövlət kimi tanıtdı.
Ulu Öndər həyatı boyu milli mənliyi ilə fəxr edərək “azərbaycanlı” kəlməsini böyük iftixarla, fərəh və qürur hissilə deyirdi. Müasir dünyanın siyasi arenasında özünəməxsus diplomatiyası ilə fərqlənirdi. Nüfuzu ilə seçilib tanınan böyük və qüdrətli dövlət xadimi dövrümüzün ən odlu vətənpərvəri, ən böyük azərbaycanlısı kimi hər birimiz üçün əsl örnək mənbəyi idi.
Bu gün tariximizə çevrilən Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi dövrdə Azərbaycanı dünyaya tanıtdırdı. Ulu Öndər milli dövlətçiliyimizin möhkəmləndirilməsi yolunda hər birimizi mili birliyə səslədi və buna nail oldu.
Xalqımızın milli iftixarı, Ulu Öndər Heydər Əliyev milli birliyimizin zirvəsi və simvolu, dövrümüzün ən böyük azərbaycanlısı kimi dövlətimizin möhkəmlənməsində, vətəndaşların milli dövlətçilik ideologiyası ətrafında birləşməsində müstəsna rol oynayan, xalqı arxasınca aparmağa qadir güclü siyasi sima idi. O, hər bir azərbaycanlını da məhz bu zirvədə, dünyanın hansı guşəsində yaşamasından asılı olmayaraq, özü kimi vətənpərvər görmək istəyirdi.
Xalqın tələbilə 1993-cü ilin 9 iyununda Bakıya qayıdan Ulu Öndər iyunun 15-də Ali Sovetin sədri seçildi. Böyük dövlət xadimi həmin dövrdən başlayaraq Azərbaycanın problemlərinin mürəkkəb düyünlərini açmalı oldu. İnsanlar tərəddüd və şübhə içində idilər. Buna baxmayaraq Ümummilli liderimizin adı insanların içindəki ümid işığını tam sönməyə qoymamışdı. Zaman göstərdi ki, o böyük şəxsiyyətə üz tutan insanlar yanılmayıblar. Dərin böhranlardan çıxıb inkişaf yoluna qədəm qoymuş Azərbaycan Respublikasında Heydər Əliyevin möcüzəsidir. Azərbaycan xalqı bu illər ərzində müasir dünyada nüfuzlu siyasət nəhəngi kimi tanınan Heydər Əliyevi milli-mənəvi dəyərlərimizin təəssübkeşi dövlətimizin qarantı kimi dəyərləndirmişdir. Heydər Əliyevin əməllərini, misilsiz tarixi xidmətlərini sayıb qurtarmaq mümkün deyil, çünki bunlar tarixdir, böyük və qüdrətli şəxsiyyətin yaratdığı bir epoxadır. Bu tarixi mərhələdə Ümummilli liderimiz olduqca nəhəng və qüdrətli görünür.
Ulu Öndər azad və suveren Azərbaycanın rəhbəri olduğu 1993-cü ildən sonrakı 10 ildə azərbaycançılığı həyatının mənasına çevirmişdi. Dünyanın ən böyük azərbaycanlısının qəlbindəki milli qeyrətdən, təəssübkeşlikdən, qürurdan qidalanmış azərbaycançılıq duyğuları Sovet dövründə də bütün həyatı boyu bugünkü milli ideologiyamızın təməl daşına çevrilmişdi. Prezident Heydər Əliyev milli dövlət quruculuğunda özünün illərlə hazırladığı mükəmməl nəzəriyyəni azərbaycançılıq ideologiyasını milli ideologiyamızın ana xəttinə və nəzəriyyəsinə çevirərək xalqına əmanət etdi.
Ümummilli lider Heydər Əliyevdə dövlət başçısına vacib olan bütün keyfiyyətlər cəmləşmişdi. Bir tarixi şəxsiyyət olaraq o, güclü xarakterə malik, son dərəcə savadlı, mürəkkəb gedişlərilə siyasi proseslərə ustalıqla təsir etməyi bacaran, beynəlxalq siyasətin bütün mürəkkəbliklərinə hazır olan və yeni gəldikdə manevrlərlə vəziyyəti xeyrinə dəyişməyə qadir siyasətçi, müdrik, humanist, vətənpərvər, eyni zamanda tələbkar bir insan idi. O milli şüurun formalaşmasında önəmli rol oynayan, xalqı mürəkkəb dövrdə demokratik düşüncə tərzinə istiqamətləndirən və azərbaycançılıq ideologiyası ətrafında birləşdirən böyük şəxsiyyət idi. Biz bir xalq olaraq onun ruhunu əbədi yaşatmağa borcluyuq, ona görə ki, bu ulu ruhda bütöv Azərbaycan yaşayır.
Haxıyeva Sona
YAP Neftçala rayon təşkilatının fəal üzvü
Digər xəbərlər
2021-11-04
2023-04-18