Dünyada analoqu olmayan qardaşlıq nümunəsi; Azərbaycan-Türkiyə!
Müstəqil dövlət kimi bu gün ölkəmiz
dünyada gənc dövlətlərdən hesab edilsə də, əldə etdiyi nailiyyətlər, inkişaf, tərəqqi
onu deməyə əsas verir ki, Azərbaycan hazırda dünyanın ən sayılıb-seçilən dövlətlərindən
birinə çevrilmişdir. Məhz əhəmiyyətli və əlverişli coğrafi mövqeyə sahib olan
Azərbaycanın bu gün dəqiq, düşünülmüş, balanslı idarə edilməsi qeyd etdiyimiz
reallıqları şərtləndirmişdir. Hərçənd ki, müstəqilliyini bərpa etdikdən az
sonra səriştəsiz idarəçilik sayəsində Azərbaycanın suverenliyi şübhə altına
alındı. Lakin Ümummilli liderin xilaskarlıq fəaliyyəti ölkəmizi bu təhlükədən
xilas etdi. Bununla yanaşı düşmən ölkənin qəsbkar siyasəti nəticəsində Azərbaycan
təxminən 30 ilə yaxın hüquqi sərhədləri daxilində tam şəkildə inkişaf edə bilmədi.
Təxminən iyirmi faiz torpaqlarımız bu dövr ərzində düşmən işğalı altında məhv
oldu, ümumi inkişafdan, tərəqqidən təcrid olundu. Lakin düşünülmüş, zərgər dəqiqliyi
ilə hesablanmış siyasət Azərbaycanı bu gün bütövlüyünə qovuşdurdu. Tarixə adı
Müzəffər Prezident kimi əbədi həkk olmuş cənab İlham Əliyevin müdrik siyasəti nəticəsində
Azərbaycan artıq diqtə edən, maraqları ilə hesablaşılan dövlətə çevrilib. Bizim
siyasətimiz bu gün eyni zamanda qarşılıqlı anlaşma, mehriban qonşuluq, dostluq
və ən mükkəmməl qardaşlığa, strateji müttəfiqliyə əsaslanır. Məhz dünyanın
sorğu-sualsız etibarlı tərəfdaş ölkə kimi qəbul etdiyi Azərbaycan eyni zamanda
ölkələrarası münasibətlərdə yeni səviyyələrin mümkünlüyünü nümayiş etdirir. Bu
gün dünya üçün analoqu olmayan bu münasibətlər səviyyəsi qardaş Türkiyə dövləti
ilə qurulub. Bəli, hədsiz sevgi və qırılmaz bağlarla hər keçən gün bir-birinə
bağlanan bu iki dövlət dünyaya əsl nümunədir. Müasir dünyada özünü müttəfiq
kimi qələmə verən dövlətlər arasındakı münasibətlər əminliklə demək olar ki, əsasən
siyasi və iqtisadi maraqlara söykənir. Lakin ən çətin günündə belə bir-birini tək
qoymayan bir millət, iki dövlət varsa o da, Azərbaycan və Türkiyədir. Bir
tarixçi olaraq əminliklə deyə bilərəm ki, eyni soya, kökə malik bu iki ölkə bu
günki qədər bir-birinə bu səviyyədə bağlı olmayıb. Buradan bir nəticə çıxır ki,
indi hər iki ölkənin müdrik Liderləri - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan
ölkələrimizi sözün əsl mənasında bir-birinə qırılmaz tellərlə bağlayıb. Şərəf
tariximizin yazıldığı 44 günlük Vətən Müharibəsinin ilk dəqiqəsindən sonuna qədər
bir an belə haqq işimizdə bizi tək buraxmayan, sözün həqiqi mənasında dünyaya
meydan oxuyan qardaş Türkiyə dövləti, həm də bu gün dünyada ədalətin simvoluna
çevrilib. Bu mənada ədalətli işimizdə bizi dəstəkləyən Türkiyə ilə məhz Şanlı qələbəmizin
simvoluna çevrilmiş Şuşa şəhərində imzalanmış tarixi Şuşa Bəyannaməsi dünyaya
verilmiş çox ciddi mesajdır! Bir məsələni
xüsusi vurğulamalıyıq ki, Azərbaycan - Türkiyə münasibətləri təkcə, dövlətlərarası
tərəfdaşlığa deyil, köklü, ortaq tariximizə, çox uzun əsrlərə dayanan doğmalıq,
yaxın qonşuluq münasibəti ilə ölçülür. Doğmalıq, qardaşlıq münasibətləri üzrə inkişaf edən, “İki dövlət, bir millət” devizi altında
daha da sıxlaşan, möhkəmlənən birliyimizin əbədi olmasına indi heç kimin şübhəsi
yoxdur. 2021-ci ilin 15 iyun tarixində imzalanmış Şuşa Bəyannaməsindən irəli gələn strateji müttəfiqlik sayəsində Qafqazda uzunmüddətli
sülhün bərqərar olunmasına rəvac verilib. Bu gün iki qardaş ölkə, Azərbaycan və
Türkiyə regionun həlledici əhəmiyyət kəsb edən mövqeyinə sahibdirlər. Ölkələrimiz,
xalqlarımız arasındakı münasibətlər qarşılıqlı hörmətin və dərin sevginin
nümayişidir.
Əliheydər
Qarayev;
YAP Neftçala rayon təşkilatının fəal üzvü
Digər xəbərlər