Kiçik bir ölkə Heydər Əliyevin uğurlu siyasəti nəticəsində qısa müddət ərzində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi

2022-06-22 Baxış: 536
img

Tarix səlnaməsinin XX əsr üçün taleyüklü səhifəsinin iştirakçısı,yaradıcısı,aparıcısı 30 ildən artıq Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyan,onu bir dövlət və millət kimi tarixin sınaqlarından çıxaran Vətəndaş, Şəxsiyyət, Lider...

         Xalqın böyük oğlu olmaq üçün xalqı, məmləkəti müqəddəsliklə sevərək, onun sevimli övladı olmağa layiq olmaq ən vacib şəxsiyyət olmalıdır.Bununla yanaşı bütöv xalqın görə bildiyi zirvədə görülmək daha gərəklidir.   

         1918-1920-ci illər və 1991-1993-cü illərdəki az ömürlü müstəqilliyimizin düşmənləri əzəmətli, möhtəşəm, vüqarlı, Ana torpağın tərkinə qaya kimi bərkidilmiş Heydər Əliyevin ancaq qartal baxışlı zəhmindən ehtiyat edərək heç bir fırıldağa əl ata,  iblis oyunu oynaya bilmədilər. Babək dövrünün milli azadlıq hərəkatının daxili qüvvələr hesabına yatırılmasından tutmuş, 1918-1920- ci illərdəki təcavüzlərdən, təxribatlardan xəbəri olan və bu səbəbləri zərgər dəqiqliyi ilə bilən Heydər Əliyev şəxsiyyət bütövlüyü, vətəndaş əqidəsi ilə Vətənin-Azərbaycanın bütöv bir dövlət kimi dünya dövlətləri arasında müstəqil məmləkət dövrünü yaşaması üçün müqəddəs tarixi iş görə bildi. O, şəxsiyyətin bütövlüyü, zəkasının ziyası, əqlinin qüdrəti ilə Müstəqil Azərbaycan dövlətinin təməlini formalaşdırdı.

           Bütün xalq Heydər Əliyevi tariximizdə bütövlüyümüzün təminatçısı kimi anlamalıdır. Heydər Əliyev Azərbaycanın müstəqilliyini istəməyənlərin əməllərinə sipər olan əqli qüdrət sahibi, ağlının gücündən, qüdrətindən istifadə etməyi bacaran şəxsiyyət kimi düşünülməlidir.

            Heydər Əliyevin tariximizdən qazandığı dövlətçilik təcrübəsindən bəhrələnməyi, örnək kimi qəbul etməyi bacarmalıyıq.Onun önəmli əməllərini müqəddəsliyimiz üçün qəbul etməyi rəva bilməliyik. Heydər Əliyevi anlamaq, onun əqidəsini, düşüncəsini başa düşmək üçün Heydər Əliyev zirvəsinə çatmaq kifayət edər.

         Ulu öndərin düşüncəsinin bəhrəsi idi ki, qeyd etmişdi: Müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan daha çətindir! Belə ki, müstəqilliyimizə sevinmək yox, onu dərk edib sevmək daha vacibdir, yəni sevdiyini itirmək mümkün deyildir.

           Azərbaycan xalqı fəxr edir ki, dahi şəxsiyyət, görkəmli dövlət xadimi, Ümummilli liderimiz Heydər Əliyevin ideyaları layiqincə həyata keçirilir, bu ideyalar Azərbaycanı müstəqillik yolu ilə inamla irəliyə aparır. İndi fəxrlə deyə bilərik ki, Azərbaycan dünyanın hər yerində əbədi milli liderimiz Heydər Əliyevlə tanınır.Bu böyük İnsan övladı olduğu xalqına xidmət etməklə həm tarixi şəxsiyyət kimi yüksəlmiş, dünya şöhrəti qazanmış, həm də Azərbaycanı, xalqımızı yüksəltmiş, dünyaya tanıtmışdır. Bu istiqamətdə görülən işləri və yaşanmış ömrü izlədikcə görürük ki, O, hər gördüyü işin nəticəsinə görə vətən, dövlət  və özü qarşısında məsuliyyətin mahiyyəti ilə zirvədən zirvəyə yüksəlmişdir.

Gülrux Nağıyeva

YAP Neftçala rayon təşkilatının fəal üzvü