Ölkənin hərbi qüdrətini artıran dövlət siyasəti
1918-ci ilin 28 mayında qəbul
edilmiş Azərbaycan Demokratik Respublikasının İstiqlal Bəyannaməsində qeyd
edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxildəki
düşmən qüvvələri zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün
silahlı qüvvələrini yaratmalıdır. Bu zərurətlə bağlı 1918-ci ilin 28 mayında
yaradılan ilk kabinədə hökumətin müdafiə naziri vəzifəsinə general Xosrov
bəy Sultanov təyin edildi. Cəmi 23 ay ömür sürən Xalq Cümhuriyyəti süqut
etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayandı və yalnız Ulu öndər
Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra müstəsna xidmətləri
sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi geniş vüsət aldı.
İkinci Dünya müharibəsindən sonrakı dövrdən 1969-cu ilədək Azərbaycanda hərbi
kadr hazırlığına İttifaq rəhbərliyi qısqanc münasibət bəsləyirdi. Ümummilli
lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə ordu
quruculuğu, milli zabit kadrlarının hazırlığı məsələləri önə çəkilməyə
başlandı. Heydər Əliyev 1971-ci ildə böyük səylər nəticəsində Azərbaycanda hərbi
kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını
daşıyan hərbi liseyin yaradılmasına nail oldu. 1991-ci ilin
sonlarında SSRİ-nin dağılması nəticəsində öz müstəqilliyini yenidən bərpa edən
Azərbaycan mürəkkəb ictimai-siyasi durumla üzləşmişdi. 1991-ci il
sentyabrın 5-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaradılması barədə
qərar və həmin il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti tərəfindən
Silahlı Qüvvələrin yaradılması haqqında qanun qəbul edilsə də, respublika rəhbərliyi
bu qərarların həyata keçirilməsi üçün ciddi səy göstərmirdi. Ordu quruculuğu
sahəsində də, digər sahələrdə olduğu kimi, anarxiya hökm sürürdü. 1993-cü ilin
yayında Ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə
qayıdışından sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı, 1994-cü
il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə
imzalandıqdan sonra Azərbaycanda Milli Ordunun formalaşması daha da sürətləndi,
həyata keçirilən siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının
yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına,
döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı. Ümummilli
lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf
yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Prezident, Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam
etdirir. Ordumuz ən müasir silahlarla,
texnika ilə təchiz edilmişdir. O cümlədən Azərbaycanda istehsal olunan bir çox
hərbi təyinatlı məhsullar ordumuzun potensialını gücləndirir. Prezidentin Fərmanı ilə son illər ərzində 20-dən çox hərbi zavod yaradılmışdır. Bu zavodlarda
1200 adda hərbi təyinatlı müxtəlif məhsullar istehsal olunur, ordumuz təchiz
edilir. Eyni zamanda, Azərbaycan artıq hərbi məhsulları ixrac etməyə də
başlamışdır. Həmçinin Azərbaycan bir çox ölkələrdən ən müasir silah və texnika
alır. Onların arasında yüzlərlə zirehli texnika, bir çox gözətçi gəmiləri, hərbi
gəmilər, hava hücumundan müdafiə sistemləri, ən müasir standartlara cavab verən
sistemlər, onlarla döyüş təyyarəsi, yüzdən çox döyüş, hərbi nəqliyyat, nəqliyyat
helikopteri, ən müasir kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları, ən müasir
artilleriya qurğuları, uzaqmənzilli raketlər, yaylım atəşli raket sistemləri, əməliyyat-taktiki
raket kompleksləri – deyə bilərəm ki,
ordunun maddi-texniki təchizatı baxımından Azərbaycan dünya miqyasında nadir
ölkələrdən biridir. Prezident İlham
Əliyev, eyni zamanda, ölkəmizin milli gücünün artırılmasına hesablanan ardıcıl
siyasət həyata keçirirdi. Bu siyasət, ilk növbədə, müharibə vəziyyətində olan
respublikamızın iqtisadi gücünün və maliyyə imkanlarının artırılmasına
hesablanmışdı. Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi əsasında
reallaşdırılan islahatlar sayəsində Azərbaycan bütün dünya üzrə ən dinamik
templərlə inkişaf edən ölkələr sırasına yüksəldi. Özünün iqtisadi müstəqilliyinə
nail olan Azərbaycan, həmçinin istənilən xarici təhdidi dəf etməyə və düşmənin
başını əzməyə qadir olan güclü ordu qurmağa nail oldu. Qürurverici haldır ki,
nüfuzlu reytinq agentliklərinin dəyərləndirmələrinə görə, Azərbaycanın Silahlı
Qüvvələri dünyanın 50 ən güclü ordusu sırasında yer alır. 2020-ci
il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat
törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan
əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər
tariximizə qızıl hərflərlə yazıldı. Vətənpərvər oğullarımızın erməni təcavüzünü qəhrəmancasına dəf etməsi və
əks-hücuma keçərək düşmənə sarsıdıcı zərbələr endirməsi xalqımızın qələbə əzminin
nümayişi oldu. Bu günlər ərzində ordumuzun işğalçı erməni ordusuna qarşı
apardığı müharibə milli şüurun, xalq və ordu birliyinin təcəssümünə çevrildi. Hər
kəs Vətən fədaisi oldu o gün. İllərlə yaşadığımız ağrı-acılar bir andaca sevincə
çevrildi. Ordumuzun bu qalibiyyəti bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan
xalqı qarşısına qoyduğu hər bir vəzifəni yerinə yetirə bilmək qüdrətindədir.Noyabrın 8-də Şuşanın, ertəsi gün isə daha 70-dən
artıq yaşayış məntəqəsinin işğaldan azad edilməsindən sonra düşmən onun üçün
kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı.Qırx
dörd günlük Vətən müharibəsində şanlı Zəfərimizdən sonra Müzəffər Ali Baş Komandan
İlham Əliyev, eyni zamanda, üç rayonumuzun düşməndən döyüşsüz azad edilməsinə
nail olmaqla minlərlə insanın həyatını xilas edən, ölkəsinin vətəndaşlarının həyatının
dəyərini hər şeydən uca tutan humanist Xilaskar Sərkərdə kimi də adını tarixə
qızıl hərflərlə yazdı və bir sərkərdə olaraq son 200 ilin ən möhtəşəm, ən
parlaq Qələbəsinə, şanlı Zəfərə imza atdı. Bu da Azərbaycan xalqının həyatında ən
qürurverici və əbədiyyən unudulmayacaq tarixi hadisədir.Azərbaycan torpaqları qarış-qarış, kənd-kənd işğaldan azad edildi. Uzun
illərdən sonra doğma torpaqlarımızda yenidən üçrəngli şanlı bayrağımız
ucaldıldı. Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun,
xalqımızın zəfəri ilə başa çatdı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti,
siyasi iradəsi, ordumuzun şücaəti hesabına qazandıq. Ona görə 44 günlük qəhrəmanlıq
savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq.
Cavad Mirzəyev
YAP Neftçala rayon təşkilatının əməkdaşı
Digər xəbərlər