Neftçalada Azərbaycan Polisi Günü qeyd olunub

2022-07-04 Baxış: 352
img

Azərbaycan Polisinin 104 yaşı Neftçala rayonunda da qeyd olunub. Tədbirdən öncə Neftçala şəhərində ulu öndər Heydər Əliyevin əzəmətli heykəli tədbir iştirakçıları tərəfindən ziyarət olunub, abidənin önünə gül dəstələri düzülüb, dahi rəhbərin əziz xatirəsi ehtiramla yad edilib.

Neftçala rayonu Heydər Əliyev Mərkəzinin önündə gerçəkləşən tədbirdə rayon icra hakimiyyətinin başçısı Mirhəsən Seyidov, YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, RİH-in məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Polis şöbəsinin kollektivi və veteran polis işçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mirhəsən Seyidov Azərbaycan Polisinin keçdiyi 104 illik şərəfli yoldan, ictimai asayişin, daxili təhlükəsizliyin, həmçinin vətəndaşların hüquq və azadlıqlarının qorunmasında polis əməkdaşlarının əvəzsiz rolundan, Prezident İlham Əliyevin polis əməkdaşlarına göstərdiyi diqqət və qayğıdan danışıb, istər koronavirus pandemiyası dövründə, istərsə də Vətən müharibəsi günlərində göstərdikləri şücaət və fədakarlığa görə bütün polis işçilərinə, o cümlədən Neftçala rayon Polis şöbəsinin əməkdaşlarına bir daha təşəkkür edib. O, daxili işlər naziri Vilayət Eyvazovun əmri ilə təltif olunan Neftçala rayon Polis şöbəsinin əməkdaşlarını ürəkdən təbrik edib, onlara yeni-yeni nailiyyətlər arzulayıb.

Sonra çıxış edən Neftçala rayon Polis şöbəsinin rəisi, polis polkovniki Vüsal Şəbəndəyev daxili işlər orqanlarının fəaliyyətini hər zaman yüksək qiymətləndirdiyinə görə şəxsi heyət adından Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlığını bildirib, bundan sonra da ölkədə sabitliyin və təhlükəsizliyin təmin olunmasında, fundamental insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində və qarşıya qoyulan digər mühüm tapşırıqlarının vaxtında icra olunmasında polis əməkdaşlarının vicdanla və peşəkarlıqla xidmət edəcəklərini bildirib.

Tədbirdə çıxış edən rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev və digər natiqlər də peşə bayramı münasibətilə polis əməkdaşlarını təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar və müvəffəqiyyətlər arzulayıblar.