Azərbaycanın enerji imkanları bir çox ölkələr üçün böyük önəm daşıyır.

2022-07-18 Baxış: 464
img

2022-ci ilin altı ayının yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən açıqlanan göstəricilər ölkəmizin dinamik inkişaf yolunda olduğunu bir daha göstərdi. Dünyada iqtisadi vəziyyətin pisləşdiyi bir dövrdə Azərbaycanın iqtisadi artım göstəriciləri, ciddi nailiyyətlərin əldə olunması böyük uğurdur. Azərbaycan iqtisadiyyatının qlobal neqativ proseslərə dayanıqlılıq göstərməsi və əldə olunan uğurlar Prezidentin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin nəticəsidir. Azərbaycanın inkişaf istiqamətləri hərtərəflidir. Nəqliyyat, energetika, digər sahələr üzrə fəal işlər görülür, son 5 ayda Azərbaycandan daşınan tranzit yüklərin həcmi təxminən 30 faiz artıb ki, bu olduqca böyük göstəricidir. Xəzər üzərindən yükdaşımaların həcmi də sürətlə artmaqdadır. Bu səbəbdən də Prezident İlham Əliyev tərəfindən hökumətə tapşırıqlar verilib. Beynəlxalq Dəniz Ticarət Limanının ikinci fazasına başlanılacaq. Bu gün artıq Azərbaycan çox ciddi bir nəqliyyat-logistika mərkəzinə çevrilir. Enegtika sahəsi Azərbaycan üçün həmişə önəmli olub. Azərbaycanın enerji imkanları bir çox ölkələr üçün böyük önəm daşıyır və buna maraq böyükdür. Görülən işlər nəticəsində Azərbaycanda bərpaolunan enerji növləri üzrə ciddi inkişaf var. Azərbaycanda 710 meqavat gücündə üç Günəş və külək elektrik stansiyasının hazırda tikilməsi də səmərəli fəaliyyətin göstəricisidir. Xüsusilə, vurğulamaq lazımdır ki, bu üç stansiya məhz xarici investorların vəsaiti hesabına tikilir. Azərbaycanın bərpaolunan enerji sahəsi üzrə planları daha böyükdür. Dövlət başçısının açıqladığı kimi hələ əlavə olaraq 4 min meqavat gücündə Günəş və külək elektrik stansiyalarının inşası nəzərdə tutulur. Azad olunmuş ərazilərdə də ciddi təhlillər aparılır. Kəlbəcər və Laçın rayonlarında su elektrik stansiyalarının istehsal gücü yenidən dəyərləndirilir. Artıq bir il yarım ərzində 9 su elektrik stansiyası inşa olunub. Bu da olduqca uğurlu gösətricidir. Azərbaycanın enerji siyasətinin əsas tərkib hissələrindən biri olan “yaşıl enerji” üzrə uzunmüddətli hədəflər müəyyənləşdirilib və bu istiqamətdə uğurlu layihələr həyata keçirilir. 2030-cu ilədək Azərbaycan “yaşıl artım” ölkəsinə çevrilməyi və ətraf mühitin təmizliyinə nail olmağı planlaşdırır. Görülən işlər və mövcud potensiallar onu deməyə əsas verir ki, Azərbaycan “yaşıl enerji” ölkəsinə çevrilməkdə inamla irəliləyir.

Cavad Mirzəyev,

YAP Neftçala rayon təşkilatının əməkdaşı