Ölkədə aparılan sürətli iqtisadi və siyasi islahatların yeni hədəfləri, Azərbaycanı iqtisadi, demokratik və hüquqi cəhətdən qüdrətli dövlətə çevirməyə hesablanıb.

2022-07-20 Baxış: 466
img

Bu gün ölkə rəhbərliyi tərəfindən həyata keçirilən sosial-iqtisadi islahatlar bir istiqamətə yönəlib; ictimai həyatın və iqtisadiyyatın bütün sahələrində idarəetmə çevikliyinin, modernləşmənin tətbiqi ilə Azərbaycanın dayanıqlı inkişafını təmin etmək. Bütün bu istiqamətdə qeyd olunan islahatların aparılması üçün Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən dərin siyasi iradə ortaya qoyulmuşdur. Aparılan iqtisadi, sosial islahatlara nəzər salsaq görəcəyik ki, istənilən qərar qəbul edilərkən ilk növbədə insan amili, vətəndaşların sosial rifah və maraqları nəzərə alınır. Bu gün Azərbaycanın dövlət büdcəsi sosial yönümlüdür. Dövlət xərclərinin böyük bir hissəsi sosial xidmətlər sahəsinin yaxşılaşdırılmasına, pensiya və təqaüdlərin hər il artırılmasına, sosial mənsubiyyətlərinə görə nisbətən həssas kateqoriyaya aid edilən insaların həyat şəraitinin yaxşılaşdırılmasına hesablanmışdır. Qeyd etmək lazımdır ki, cənab İlham Əliyev tərəfindən həyata keçirilən bütün sosial-iqtisadi islahatlar ölkə vətəndaşları tərəfindən çox böyük sevinclə qarşılanır. Ölkədə aparılan kadr islahatları, gənc kadrların karyera yüksəlişində önə çəkilməsi, korrupsiya və ona bərabər tutulan digər neqativ hallara qarşı ortaya qoyulmuş qəti və amansız mövqe vətəndaşların çox böyük əksəriyyəti tərəfindən yüksək qiymətləndirilir və xalqın ölkə rəhbərliyinə, hakimiyyətdə olan iqtidara olan inamının günü-gündən artmasına səbəb olur. Bəzən bu islahatlara kölgə salmaq istəyən xarici qüvvələrlə yanaşı daxildə də bəzi antimilli ünsürlərə rast gəlirik. Çox gözəl başa düşürük ki, bu “insalar”ın çağırışları, özlərinə xas təfəkkür tərzinə malik bəyanatları onları maliyyələşdirən xarici qüvvələrin təzyiqləri nəticəsində ərsəyə gəlmişdir. Amma o qüvvələr anlamırlar ki, və ya anlamaq istəmirlər ki, artıq Azərbaycanda 1990-cı illər deyil. Xalq onların pafoslu çıxışlarına deyil, əməli işlərə, inkişafa, haqqa, ədalətə inanır. Bu cür qüvvələr görün hansı iyrənc xüsusiyyətlərə malikdirlər ki, onlar şəxsi ambisiyaları, daxili murdarlıqları sayəsində Azərbaycanın ümummilli problemi olan “Qarabağ problemi”nin zəfər qələbəmizlə, qalibiyyətimizlə yekunlaşmasını da sevinclə qaşılamadılar. Tarixi qələbəmizi həzm edə bilmədilər. Artıq bu bir daha sübut edir ki, həmin qüvvələr həmişə Azərbaycanın bütövlüyünə, müstəqilliyinin əbədiliyinə, süverenliyinə, iqtisadi inkişafına qısqanclıqla, paxıllıqla yanaşan nadanlardır. O ünsürlərin ən böyük cəzasını xalq vedi. Onları tarixin arxivinə gömdü. Bu gün Azərbaycan qeyd etdiyimiz kimi, cəmiyyətin bütün sahələrində tarixi uğurlara nail olub. Artıq siyasi sahədə də Azərbaycan dünya dövlətlərinə nümunə olacaq islahatlara start verib. Ölkədə iqtidar-müxalifət arasında sağlam diaoloq mühütü qurulub və bu dialoq dərinləşməkdədir. Siyasi tərəflər arasında aparılan dialoq artıq öz müsbət təsirlərini göstərməkdədir. Bu gün Azərbaycan xalqı vəhdət halında öz liderinin ətrafında sıx birləşib və bundan sonra da ölkə rəhbərliyi tərəfindən həyata keçirilən islahatlara, çağırışlara öz dəstəyini, töhfəsini verməyə hazırdır.

 

Fərid Əhmədov;

Neftçala rayon ziyalısı