Tarixi qərar

2022-09-04 Baxış: 464
img

Ötən əsrin 80-ci illərinin sonundan etibarən Azərbaycan xalqı üzləşdiyi bütün problemlərin yalnız Heydər Əliyevin rəhbərliyi ilə həllini tapa biləcəyinə inanır, təkidlə respublika rəhbərliyinə qayıtmasını tələb edirdi. Çünki o illərdə cərəyan edən proseslər, Azərbaycana qarşı Ermənistanın ərazi iddiaları və ittifaq rəhbərliyinin baş verənlərə münasibətdə aşkar şəkildə bu ölkənin mövqeyini dəstəkləməsi göstərirdi ki, Azərbaycana qətiyyətli rəhbər lazımdır. Bu rəhbər isə yalnız Heydər Əliyev ola bilərdi.Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin xilas missiyasına Naxçıvandan başladı. Ulu öndərin Naxçıvanın çətin vaxtlarında buraya qayıtması bu qədim Azərbaycan torpağını təhlükədən sovuşdurdu. Ən əsası bu qayıdışla Azərbaycanda müstəqillik uğrunda mübarizə özünün yeni mərhələsinə qədəm qoydu, imperiya qüvvələri ilə mübarizə daha da genişləndi. Xalqımızın dahi oğlunun alovlandırdığı istiqlal mücadiləsi milli dirçəliş prosesinin bütün Azərbaycanda aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı.Ulu öndər Heydər Əliyevin Naxçıvana qayıdışı Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan MSSR Ali Sovetinə seçki kampaniyası ilə bir vaxta düşmüşdü. Babək rayonunun əməkçiləri ilə görüşdə Heydər Əliyevin 340 nömrəli Nehrəm seçki dairəsi üzrə Azərbaycan SSR xalq deputatlığına namizədliyi irəli sürüldü. Keçirilən seçkilər zamanı Heydər Əliyev həm respublika parlamentinə, həm də Naxçıvan Ali Məclisinə deputat seçildi. Həmin il noyabrın 17-də Naxçıvan Ali Məclisinin birinci sessiyası keçirildi. Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişərək Naxçıvan Muxtar Respublikası adlandırılması qərarlaşdırıldı. SSRİ hökumətinin hələ fəaliyyətdə olduğu dövrdə Naxçıvan MSSR-in adından "Sovet Sosialist" sözlərinin çıxarılması Heydər Əliyevin sarsılmaz siyasi iradəsinin və böyük uzaqgörənliyinin nəticəsində mümkün olmuşdu. Eyni zamanda, həmin sessiyada Heydər Əliyevin təklifi ilə Naxçıvan MSSR Ali Sovetinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi adlandırılması da sadəcə redaktə xarakterli düzəliş deyildi. Bu, dünyada Sovet İttifaqı kimi tanınan, siyasi sistemini sovetlər üstündə quran möhtəşəm bir ölkənin siyasi strukturunda dəyişiklik edilməsi demək idi. Naxçıvan MSSR-in adından "Sovet Sosialist" sözlərinin çıxarılması, Naxçıvan MR Ali Soveti formatında "Soveti" ifadəsinin "Məclisi" sözü ilə əvəz edilməsi əslində tam mənası və məntiqi ilə de-fakto SSRİ-nin tərkibindən çıxmaq, bu dövlətin çərçivəsində müstəqil dövlət qurumu yaratmaq demək idi. Bundan başqa, Naxçıvan MR Ali Sovetinin 17 noyabr 1990-cı il sessiyasında Azərbaycanın dövlət rəmzi kimi Xalq Cümhuriyyəti dövründə qəbul edilmiş üçrəngli bayrağın Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilməsi barədə yekdilliklə qərar qəbul edilmiş və sessiyanın iclasına sədrlik edən Heydər Əliyevin təşəbbüsü ilə həmin milli mahiyyət daşıyan Dövlət Bayrağı Ali Məclisə gətirilmişdi. Bütün bunlar yalnız və yalnız Naxçıvan MR Ali Məclisinin sessiyasına sədrlik edən Heydər Əliyevin həm böyük siyasi iradəsinin, yüksək azərbaycançılıq idealının, həm də qeyri-adi cəsarətinin sayəsində həyata keçirimişdi. Azərbaycan xalqının qan yaddaşında silinməz iz qoymuş 20 Yanvar faciəsinə də ilk dəfə siyasi qiymət Naxçıvan MR Ali Məclisi tərəfindən verildi. Xalq deputatı Heydər Əliyev "1990-cı il yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında" qərar layihəsini işləyib Ali Məclisin sessiyasının müzakirəsinə təqdim etdi. Həmin gün Ali Məclisin binası önünə toplanmış xalq kütlələrinin ciddi tələbi, muxtar respublika deputatlarının fəallığı və Heydər Əliyevin böyük siyasi nüfuzu nəticəsində qəbul olunan bu qərarda ilk dəfə Qanlı Yanvar hadisələrinə düzgün siyasi qiymət verilmiş, bu hadisədə SSRİ rəhbərliyi ilə yanaşı, respublika rəhbərliyinin də böyük günahı qeyd olunmuş və onların adları açıq göstərilərək məsuliyyətə cəlb edilmələri tələb edilmişdi.1991-ci il sentyabrın əvvəllərində Naxçıvan MR-nın ictimai-siyasi həyatında onun müqəddəratını həll edəcək mühüm hadisələr baş verdi. Sentyabrın 3-də keçirilən və tariximizdə özünəməxsus yer tutan Naxçıvan MR Ali Məclisinin fövqəladə sessiyasında Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin Sədri seçildi. Bu, Azərbaycan xalqının taleyində böyük siyasi əhəmiyyətə malik olan tarixi hadisə idi.1991-ci ilin ikinci yarısından etibarən Azərbaycanda hakimiyyət böhranının dərinləşməsi demək olar ki, son həddə çatmışdı. Etibarını itirmiş Azərbaycan Kommunist Partiyası artıq səlahiyyətlərini də itirməkdə idi. Naxçıvan Vilayət Partiya Komitəsi də muxtar respublika Ali Məclisinin sessiyalarının keçirilməsində maraqlı ola bilmirdi. Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvanda da sözün əsl mənasında elan olunmamış fövqəladə şərait yaranmışdı. Naxçıvan MR Ali Məclisinin 3 sentyabr 1991-ci il tarixli fövqəladə sessiyasının çağırılması ölkədə, o cümlədən regionda yaranmış çətin və mürəkkəb vəziyyətin tələblərindən irəli gəlmişdi. Sessiyanın gündəliyinə həmin tarixi mərhələnin aktual məsələləri daxil edilmişdi. Fövqəladə sessiya ölkədə Azərbaycan Respublikası prezidenti seçkilərinin keçirilməsinə münasibət bildirməli idi. Eyni zamanda, gündəliyə daxil edilmiş Azərbaycan Kommunist Partiyası təşkilatının fəaliyyətini davam etdirib-etdirməməsi məsələsi də cəsarətli münasibət tələb edirdi. Gündəlikdə nəzərdə tutulan məsələlərin hamısı fövqəladə zamanın meydana çıxardığı aktual problemlər idi, Azərbaycan üçün taleyüklü məsələləri əhatə edirdi. Bu problemlərin həllinə təsir göstərmək Azərbaycanda müstəqil dövlətçilik prosesinin dərinləşdirilməsinə və sürətləndirilməsinə xidmət edirdi. Ancaq həmin məsələlərin müsbət həlli Naxçıvan MR Ali Məclisinin fövqəladə sessiyasında bu ali hakimiyyət orqanının sədri seçiləcək şəxsin siyasi iradəsindən, cəsarəti və uzaqgörənliyindən çox asılı idi. Buna görə Naxçıvan MR Ali Məclisinin 3 sentyabr 1991-ci il tarixli sessiyasının həll edəcəyi ən əsas vəzifə təşkilati məsələ idi.Həmin gün Ali Məclisin binası qarşısına toplanmış minlərlə insan Heydər Əliyevin seçilməsini tələb edən bəyanatlarla çıxış edirdi. Lakin sessiyanın keçirilməsinə qədərki mərhələdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı, MR Ali Məclisinin üzvü kimi ölkədə, o cümlədən regionda gedən ictimai-siyasi proseslərdə sözünü deyən, cəmiyyət həyatının demokratikləşdirilməsinə ciddi təsir göstərən, xüsusən özünü bütövlükdə dövlət müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş Heydər Əliyev heç bir rəsmi dövlət vəzifəsi daşımaq niyyətində olmadığını bildirmişdi. Naxçıvan MR Ali Məclisinin 3 sentyabr 1991-ci il tarixli sessiyasının iclasında da o, dörd dəfə çıxış edərək namizədliyini irəli sürənlərə minnətdarlıq duyğularını ifadə etməklə yanaşı, böyük təkidlə bu məsələnin səsə qoyulmamasını xahiş etmişdi. Lakin xalqın və Naxçıvan MR Ali Məclisi deputatlarının təkidi ilə Heydər Əliyev ölkə və region üçün fövqəladə şəraitdə və fövqəladə hal olaraq çağırılması zəruri sayılmış sessiyada bu ali dövlət qurumunun rəhbəri seçilməsinə razılıq verdi. 3 sentyabr 1991-ci il tarixdə - öz işinə başlayan sessiyanın iclasları 4 sentyabr, 5-6 və 7 sentyabrda 5 gün ərzində davam etdirildi, ölkə səviyyəsində və region üçün əhəmiyyətli olan məsələlər geniş müzakirə edilərək müvafiq qərarlar qəbul olundu. Gündəlikdə duran məsələlərə uyğun olaraq Naxçıvan Ali Məclisinin sessiyası yaranmış tarixi şəraitdə alternativsiz namizəd irəli sürüldüyünü, hələlik ölkədə çoxpartiyalı sistemin formalaşmadığını, Kommunist Partiyasının süquta uğradığını, seçki komissiyası və məntəqələri üzvlərinin partokratiya nümayəndələrinin sifarişi ilə təyin olunduğunu nəzərə almaqla Azərbaycan Respublikasının prezidentinin seçilməsi üçün 8 sentyabr 1991-ci il tarixə təyin edilmiş seçkilərin Naxçıvan MR ərazisində keçirilməsinin dayandırılmasına dair qərar qəbul etdi. Eyni zamanda, 3 sentyabr 1991-ci il sessiyasında "Azərbaycan Kommunist Partiyasının və onun strukturlarının fəaliyyətinə münasibət haqqında" məsələ müzakirə edilərək Azərbaycan Respublikasının Ali Sovetindən xahiş olundu ki, Sovet İttifaqı Kommunist Partiyası, Siyasi Büro, Mərkəzi Komitə dağıdıldığı üçün respublikada da bu siyasi-təşkilati qurumların fəaliyyəti dayandırılsın. Bunlar Azərbaycanda müstəqil dövlətçiliyin bərqərar olmasına xidmət edən tarixi qərarlar idi.Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər sayəsində sovet ordusu hissələri MR ərazisindən çıxarıldı. Ulu öndərin ən böyük xidmətlərindən biri Naxçıvanı işğal təhlükəsindən xilas etməsi idi. Ali Məclisin Sədri Heydər Əliyevin Türkiyə və İrana səfərləri, apardığı danışıqlar regionda blokada şəraitinin yaratdığı böhranın aradan qaldırılması, iqtisadi problemlərin və enerji məsələlərinin həllində əhəmiyyətli rol oynadı. Heydər Əliyev Naxçıvan MR-nın rəhbəri olduğu dövrdə muxtar respublikada elmin, təhsilin, mədəniyyətin, siyasi maarifçiliyin ictimai faktora çevrilməsi, inkişaf etdirilməsi məsələlərinə əhəmiyyət verilmiş, bu sahələrdə ciddi, yaddaqalan tədbirlər həyata keçirilmişdi.Heydər Əliyevin 1991-ci ilin sentyabrında Naxçıvan MR Ali Məclisinin Sədri vəzifəsinə seçilməsi Azərbaycanda dövlət müstəqilliyi uğrunda gedən prosesə ciddi təsir göstərdi, xalqı istiqlal mücadiləsinə doğru istiqamətə yönəltdi. Bu, xalqın böyük arzusu və tələbi ilə dünya miqyaslı siyasətçi Heydər Əliyevin böyük siyasətə yenidən qayıdışının həlledici mərhələsi idi. Qarşıda isə ulu öndəri daha çətin, eyni zamanda şərəfli bir missiya gözləyirdi.

Anar Güllərli, 

YAP Neftçala rayon təşkilatının fəal gənci