Tarixi Zəfərə gedən Şərəfli yol!

2022-09-28 Baxış: 573
img
Müstəqil Azərbaycan Respublikasının vətəndaşı olaraq əminliklə deyə bilirik ki, xalqımız bu gün sözlə ifadə edilməsi mümkün olmayan qürur, özünəinam, fəxarət və hədsiz fərəh hissi yaşayır. İnsanlarımızda olan qeyd etdiyim hisslərin səbəbi isə əlbəttə ki, tarixi düşmənimiz, 30 ilə yaxın müddətdə torpaqlarımızın iyirmi faizini heç bir hüquqa, haqq-ədalətə sığmayan şəkildə işğal altında saxlayan Ermənistan üzərində tarixi Zəfərimizdir. Bəli, 1988-ci ildən başlayaraq, 1994-cü ilə qədər davam edən ərazi iddiaları və işğala Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Qalib Azərbaycan Ordusu cəmi 44 günə son qoydu. Azərbaycan Ordusunun həyata keçirdiyi, hətta dünyanın ən müasir və inkişaf etmiş hərbi, elm mərkəzlərinin təəccübünə və böyük marağına səbəb olmuş unikal, bənzərsiz hərbi əməliyyatlar bu gün də əyani vəsait kimi tədqiq edilmədə və öyrənilməkdədir. Müzəffər Ordumuzun əsgər və zabitlərinin, müxtəlif rütbəli və mükəlləfiyyətli üzvlərinin qəhrəmancasına, ölümün üzünə dik baxaraq, yaralanmaqdan, qorxmayan, şəhadətə ucalmaqdan fəxarət duyaraq Vətən torpağının hər qarışı uğrunda döyüşməsi onu azad edərkən “canım sənə fəda olsun deməsi” illər, qərinələr, əsrlər keçsə də unudula bilməz. Qədirbilən xalqımız qəhrəman Vətən oğullarının xidməti heç zaman unutmayacaqdır. Dövlət başçımız başda olmaqla hər bir azərbaycanlının, vətənsevərin Vətən Müharibəsində qələbəmiz naminə mövqeyindən, cinsindən, vəzifəsindən, yaşından asılı olmayaraq çalışması sözün həqiqi mənasında vüqarlı, qürurlu yaşamağımıza əsas verir. Biz işğal altında olan torpaqlarımızı azad etməklə həm də bütün dünyada yenidən tanındıq, özü də bu dəfə qalib dövlət, qalib xalq kimi! 44 gün bəs etdi ki, Azərbaycan xalqında milli oyanış, yeni bir dirçəliş, tarixi birlik əldə edilsin. Bir faktı xüsusi vurğulamalıyıq ki, bu müddətdə Azərbaycan xalqı Ölkə başçısının ətrafında “Dəmir Yumruq” kimi birləşərək sözün əsl mənasında böyük xalq olduğunu bir daha sübut etdi, Bu müddətdə Azərbaycan xalqı həm də Möhtərəm Prezidentimizin qətiyyətini, sarsılmaz iradəsini, cəsarətini, Azərbaycana edilən bütün təzyiqlərə məharətlə sinə gərməsini və son dərəcə mürəkkəb, çətin müharibə şəraitində hərb meydanda, siyasi arenada, informasiya müharibəsində parlaq qələbələr qazandığını gördü. Cənab Prezident qədirbilən xalqına söz verdiyi kimi sona qədər mübarizəsini apardı, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi və Vətən uğrunda canından keçmiş, şəhidlərimizin qisasını aldı. İlham Əliyev öz adını Azərbaycan tarixinə ən şanlı və Müzəffər sərkərdə kimi qızıl hərflərlə əbədi həkk etdi. Cənab Prezident 27 sentyabr tarixində Anım Günü ilə bağlı Füzuli rayonunda, döyüşlərin ilk başladığı ərazidən verdiyi mesajlarda bir daha düşmənə, dünyaya, konkret mesajlar verdi. Bəli Azərbaycan xalqı tarixi torpaqlarının sahibidir! Hər kəs bilməlidir ki, biz bu torpaqları döyüşərək, qan tökərək azad etmişik və ölkəmizin suverenliyi, ərazi bütövlüyünə olan hər hansı təhdidin, təxribatın, məkrli niyyətin qarşısını bundan sonra da lazımı səviyyədə alacağıq!
           Əliheydər Qarayev;
           Neftçala rayon sakini