Böyük nəticələrə hədəflənmiş əməkdaşlıq
2022-10-14
Baxış: 375
Azərbaycan və qırğız xalqları tarix, dil, din və mədəni dəyərlər baxımından bir-birinə çox sıx tellərlə bağlıdırlar. Bu iki xalq arasında münasibətlər tarixi əsrlərlə hesablanır. Hazırda Qırğızıstanda 20 minə qədər azərbaycanlı yaşayır. Qırğızıstanda yaşayan azərbaycanlıların əksəriyyəti 30-cu illərin repressiyaları zamanı Azərbaycandan sürgün olunanlar və onların övladlarıdır. Qırğızıstandakı Azərbaycan diasporunun nümayəndələri ölkənin biznes sahəsində, iqtisadiyyatın digər sahələrində fəal iştirak edirlər. Ölkənin tanınmış cərrahları, iş adamları arasında da azərbaycanlılar çoxdur. Soydaşlarımız əsasən, Bişkek, Talas, Qara-Balta şəhərlərində yaşayırlar. Öz tarixi yurdlarından ayrı yaşamalarına baxmayaraq, Qırğızıstanda yaşayan azərbaycanlılar dil və adətlərini qoruyub saxlayıblar. Qırğızıstan Ermənistan-Azərbaycan, “Dağlıq Qarabağ münaqişəsi”ndə Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib. Hətta deyə bilərik ki, bu dövlət münaqişənin həlli üçün müəyyən dövrlərdə fəallıq da göstərib. Belə ki, 1994-cü ilin may ayında MDB-nin vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında müqavilə Bişkek şəhərində imzalanıb. Bundan əlavə 29 oktyabr 2004-cü ildə Qırğızıstan BMT Baş Məclisinin 59-cu sessiyasının 46-cı plenar iclasında "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı bəndin Baş Məclisin cari gündəliyinə salınmasına dair qərar Qırğızıstan tərəfindən dəstəklənib. Bu gün Azərbaycanın 2020-ci ildə baş vermiş 44 günlük Vətən Müharibəsi nəticəsində tarixi torpaqlarında sahibliyini, suverenliyini təmin edib. Əlbəttə ki, bu nailiyyət sözlə, bəyanatla deyil, düçmənin anlayacağı dildə-“Dəmir Yumruq”la öz həllini tapıb. Qırğızıstanın Ölkəmizin hələ müharibə zamanı da haqlı mövqeyini dəstəkləməsi bizim xalqlarımızın milli kimliyindən, kökündən gələn məsələdir. Eyni soyu bölüşən Azərbaycan və Qırğız xalqları şübhə yoxdur ki, Liderlərinin düzgün siyasəti, gələcəyə hesablanmış planları nəticəsində daha da sıx birləşəcək və bu qardaşlıq, müttəfiqlik ən ali səviyyəyə qalxacaqdır. Müzəffər Prezidentimizin 11 oktyabr tarixində Qırğız Respublikasına rəsmi səfəri, onun xüsusi qarşılanma prosesi, qatıldığı bütün rəsmi və mədəni tədbirləri məqsədi, məramı və səviyyəsi bu ölkənin Azərbaycana, onun xalqına, Liderinə verdiyi dəyərin, hörmətin bariz nümunəsidir. İnanırıq bu gün strateji tərəfdaşlar olan hər iki ölkənin bundan sonrakı bütün istiqamətlər üzrə münasibətləri ən yüksək səviyyədə təşəkkül tapacaq, daimi inkişaf edəcəkdir. Ölkəmizin regionda artan nüfuzu, Azərbaycanın həm şərq, həm də qərb üçün əhəmiyyətli dövlətə çevrilməsi Orta Asiya ölkələri, eləcə də Qırğızıstanın qərbə inteqrasiyasında körpü rolunu oynamağa imkan verəcəkdir.
Anar Güllərli;
Neftçala rayon gənci, ictimai fəal
Digər xəbərlər
2021-11-04
2023-04-18