Şəhidin qanı yerdə qalmadı
Tarix boyu xalqımız zaman-zaman
faciələrə, soyqırımlarına məruz qalıb. Bu faciələrin böyük bir hissəsi
XX əsrdə baş verib. Həmin dəhşətli faciələrdə xalqımız özünün
azadlığı uğrunda mübarizədə itkilər versə də, nəhayət, 1990- cı il 20
Yanvar qırğınından sonra azadlıq, istiqlaliyyət istəyinə qovuşdu. 20
Yanvar faciəsi Azərbaycan tarixində və bütovlükdə XX əsrdə baş vermiş
faciələr içərisində xüsusi amansızlığı ilə seçilir. Həmin dəhşətli hadisələrdən
30 il keçsə də, o məşəqqətli gecə heç vaxt unudulmur və sanki dünən
baş verib, yaddaşlarda, həm də xalqımızın qəhrəmanlıq salnaməsi
kimi qalır.
20
Yanvar faciəsindən 31 il keçməsinə baxmayaraq, hər il xalqımız bu günü
anır, axın-axın Şəhidlər xiyabanına gedir, azadlıq, istiqlaliyyət yolunda
canlarından keçən mərd oğul və qızlarımızın xatirəsini yad edir,
ruhlarına dualar oxuyur. Xalqımız öz cəsarətini, mərdliyini
qəhrəmanlığını, torpaqlarımızın hər qarışı uğrunda canını qurban verməyə
hazır olduğunu 20 Yanvar faciəsindən 30 il sonra – 2020- ci ildə də
nümayiş etdirdi.
Dünyanın ən reytinqli təşkilatlarının 30 il
ərzində nizamlamaya bilmədikləri Ermənistan –Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və
rəşadətli ordumuzun gücü, qüdrəti sayəsində 44 gün ərzində son qoyuldu.
Şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan Ordusu düşmənə divan
tutaraq işğal altında olan ərazilərimizi azad etdi və Azərbaycanı
bütövləşdirdi.
"Şəhidlərimizin
qanı yerdə qalmadı. Döyüş meydanında həm İkinci, həm də Birinci Qarabağ
müharibəsi şəhidlərinin qanını, eləcə də günahsız insanların, Xocalı
qurbanlarının, digər dinc əhalinin qisasını düşməndən aldıq. “Biz döyüşərək,
vuruşaraq, qan tökərək tarixi ədaləti, ərazi bütövlüyünü bərpa etdik, düşməni
torpaqlarımızdan qovduq” deyən Ali Baş Komandan cənab İlham Əliyevin
komandanlığı ilə qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsi Azərbaycan
xalqının mübarizliyini, yenilməzliyini bir daha dünyaya nümayiş etdirdi. 30 il
ərzində dövlət-xalq-ordu birliyi işğal olunmuş rayonların düşməndən azad
edilməsi ilə yekunlaşdı.
Baş Komandan İlham Əliyev
"Bizim sözümüz də imzamız qədər keçərlidir" deməklə təkcə
sözünün yox, şəxsiyyətinin böyüklüyünü, özünə hörmətin qüdrətini də ifadə
etmişdi. 2020-ci ilin 27 sentyabrında başlanan əkshücum əməliyyatı işğal
altında olan torpaqlarımızın azad edilməsi məqsədilə həyata keçirilmişdi.
Məqsədimiz həddini aşmış Ermənistan ordusuna cavab vermək, işğal edilmiş
torpaqlarımızı azad etmək, ermənilərin vəhşiliyinə son qoymaq idi. Məğlub olan
Ermənistanın yalvarışlarını, onun kapitulyasiya aktını imzalamasını nəzərə
alan, başlıcası isə, itkilərimizin az olması, daha çox ananın gözüyaşlı
qalmaması üçün Azərbaycan Prezidenti müharibənin dayandırılmasına razılıq
verdi.
Qeyd edək ki, 44
günlük Vətən Müharibəsi zamanı Ermənistanın dinc əhaliyə qarşı törətdiyi cinayətlər
nəticəsində 2907 nəfər həlak olub, 7 nəfər itkin düşüb, 94 nəfər mülki şəxsə şəhid
statusu verilib. Gəncə şəhəri, Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Goranboy, Tərtər
rayonlarının dinc sakinləri doğmalarını, evlərini itirsələr də, ən ağır günlərində
Vətən uğrunda əzmkarlıq, birlik nümayiş etdirdilər. Ölkəmizin ərazi bütövlüyünü
təmin etmək, ədaləti bərpa etmək üçün 44 günlük Vətən Müharibəsində minilliklər
boyu Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşamış bütün xalqların və
konfessiyaların nümayəndələri iştirak etmişlər. Qarabağ müharibəsi çoxlu dini
və etnik-milli bağlara baxmayaraq, Azərbaycan cəmiyyətinin birliyini önə çəkdi.
Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Ordusu İkinci
Qarabağ müharibəsində bizə qələbə gətirdi və Azərbaycanın böyük tarixinə həkk
olundu. Prezidentin elanı ilə möhtəşəm zəfərli yolun başlandığı gün olan 27
sentyabr anım günü kimi təyin olundu. Bu, Vətən müharibəsində rəşadətlə
döyüşmüş, işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan bayrağını
dalğalandıran, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizə,
əsgərlərimizə, komandirlərimizə səmimi ehtiramın təzahürüdür. Bundan başqa, Azərbaycan
Respublikası ərazilərinin işğaldan azad edilməsi zamanı döyüş əməliyyatlarında
iştirak etmiş, igidlik və şücaət nümayiş etdirmiş, üzərinə düşən vəzifələri ləyaqətlə
və vicdanla yerinə yetirmiş, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş
silahlı qüvvələrin şəxsi heyəti Ali Baş Komandan İlham Əliyevin əmrləri ilə müxtəlif
orden və medallarla təltif edilmişdir. Yeni təsis edilmiş - “Vətən
Müharibəsi Qəhrəmanı”, “Qələbə”, “Qarabağ”, 1-ci, 2-ci və 3-cü dərəcəli “Vətənə
xidmətə görə” adları, “İgidlik”, “Azərbaycan Bayrağı”, habelə “ Vətən uğrunda”,
“İgidliyə görə”, “Döyüşdə fərqləndiyinə görə”, “İgid döyüşçü”, “Cəbrayılın azad
edilməsinə görə”, “Füzulinin azad edilməsinə görə”, “Cəsur döyüşçü”, “Cəbrayılın
azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad
olunması¬na görə”, “Zəngilanın azad olun-masına görə”, “Suqovuşanın azad
olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına
görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının
azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” kimi medallar Vətən müharibəsi
iştirakçılarına və ya ölümündən sonra onların yaxınlarına təqdim edilmişdir.
Bu, Azərbaycanın yeni hərb tarixinin yaranması demək idi. Lakin bütün təltiflərdən,
mükafatlardan da ən uca ad elə şəhid adıdır. Şəhidlik məqamına ucalan ölməz
oğullarımız dünya var olduqca sevgi və sayğı ilə xatırlanacaq, yad ediləcək,
müqəddəs xatirələri qəlbimizdə əbədi yaşayacaq. Allah şəhidlərimizə
rəhmət eləsin, qazilərimizə can sağlığı versin!
Elşad Əhmədov,
YAP Neftçala rayon təşkilatı
Ərazi Partiya təşkilatının sədri
Digər xəbərlər