30 ilə yaxın müddətdə dağıdılmış, məhv edilmiş, talan edilmiş yurdlarımız artıq inkişafa, tərəqqiyə doğru inamla addımlayır!
Doğma nəfəsə 30 ilə
yaxın bir zaman ərzində həsrət qalan, düşmən tapdağı altında inləyən
Qarabağımız bu gün aparılan yenidənqurma və bərpa işləri nəticəsində yeni görkəm
alır, əzəli şöhrətini bərpa etmiş olur. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə
təkcə infrastruktur layihələr icra edilmir, eyni zamanda erməni vandalizminə məruz
qalmış dini-tarixi abidələrimizdə təmir-bərpa işləri uğurla icra olunur. Zəngilan rayonunda pilot
layihə kimi həyata keçirilmiş “Ağıllı kənd layihəsi” çərçivəsində artıq bir
qisim məcburi köçkün öz ata-baba yurduna, evinə, eşiyinə qayıdıb. Hazırda da Zəngilan
rayonunda böyük infrasruktur layihələr icra edilir. Onların arasında Zəngəzur dəhlizinin
tərkib hissəsi olan nəqliyyat infrastrukturu xüsusi əhəmiyyət kəsb edir. Uçuş-enmə
zolağının uzunluğu 3 min metr olan Zəngilan hava limanı bu günlərdə istifadəyə
verilir. Sevindirici hal odur ki, Zəngilan hava limanının açılışında qardaş
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edir. Bütün
bunlar dünyaya bir daha mesajdır ki, bu
gün Azərbaycan regionun süpergüc dövlətidir. Dövlət başçımız cənab İlham
Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərləri və səfərlər çərçivəsində
görülən işlərlə tanışlıq dövlətin bu istiqamətə diqqətinin bariz nümunəsidir. Cənab
Prezidentin görülən işlərə birbaşa şəxsən nəzarət etməsi, Ölkə rəhbərinin
siyasi iradəsindən irəli gəlir. Gördüklərimiz belə deməyə əsas verir ki, çox
keçməyəcək, işğaldan azad edilmiş torpaqlara həyat qayıdacaq, bu ərazilər yenidən
çiçəklənəcək, bura təkcə ölkənin deyil, regionun ən inkişaf etmiş məskənlərindən
birinə çevriləcəkdir. Bu gün Qarabağ regionunun dilbər güşələrindən biri olan Şərqi
Zəngəzur iqtisadi rayonuna daxil olan, qədim
yaşayış məntəqələrimizdən sayılan Zəngilan rayonunda aparılan sürətli yenidənqurma
işləri zəngilanlıların 30 illik yurd, ev, el, oba həsrətinə son qoyacaqdır. Coğrafi
cəhətdən müşahidə etsək görəcəyik ki, Zəngilan həm də Şərqi Zəngəzur iqtisadi
rayonunun qapısıdır. Zənigilanın yerləşdiyi coğrafi mövqe ilə yanaşı onun malik
olduğu təbii resursları rayonun iqtisadi əhəmiyyətinin artmasına və xarici
investorların iqtisadi marağına səbəb olmuşdur. Artıq qeyd etməliyik ki, Zəngilanda
müxtəlif iqtisadi platformaların layihələndirmə proseslərinə start verilmiş və
bu proseslərdə dünyanın-Türkiyə, Cənubi Koreya, İsrail, İtaliya, Çin və Rusiya
kimi nəhəng ölkələrinin investor şirkətləri
yaxından iştirak edirlər. Zəngilan rayonunun iki ölkə ilə qonşu dəhlizlərə
malik olması xarici ticarət üçün çox əlverişli, unikal imkanlara şərait
yaratmış olur. Həm də Zəngilan hava limanının istifadəyə verilməsi bu regionda
aparılan yenidənqurma işlərini sürətlənməsinə, turistlərin rahat gediş gəlişinə
müstəsna təsir göstərmiş olacaqdır. İstifadəyə veriləcək hava limanı sayəsində
Zəngilan həm də beynəlxalq və tranzit yükdaşımaların mərkəzi olacaq, böyük logistika mərkəzinə çevriləcəkdir. Bu
gün Zəngilan rayonunda digər məsələlərlə yanaşı, həm də xalqımızın milli mədəni
irsinin, dini abidələrimizin bərpası sahəsində uğurlu layihələr icra
olunmaqdadır. Belə ki, Zəngilan rayonunda, Heydər Əliyev Fondunun dəstəyi ilə Zəngilan
şəhər məscidinin əsaslı şəkildə təmiri həyata keçirilməkdədir. Düşmən bu məscidi
demək olar ki, büsbütün məhv etmişdi. Ölkə rəhbərliyi tərəfindən həm də Ermənistanın
törətdiyi cinayətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması məqsədilə bu
gün bir çox işlər görülür. Bu istiqamətdə görülən işlər sırasında işğaldan azad
olunmuş ərazilərə diplomatik korpusun nümayəndələrinin, yerli və xarici KİV təmsilçilərinin,
müxtəlif beynəlxalq hüquq təsisatları üzvlərinin səfərlərinin təşkilini təqdirəlayiq
hal kimi qeyd etməliyik. Qüdrətli Azərbaycan bütün məqsədlərinə nail olduğu ki,
Zəngilan rayonu daxil bütün azad edilmiş ərazilərimizdə ən müasir səviyyədə həyatı
bərpa edəcəkdir. Bəli 30 ilə yaxın müddətdə dağıdılmış, məhv edilmiş, talan
edilmiş yurdlarımız artıq inkişafa, tərəqqiyə doğru inamla addımlayır!
Gülmirə Səfərova;
Neftçala rayon Tarix
diyarşünaslıq Muzeyinin direktoru
Digər xəbərlər