Biz Qayıdırıq

2022-10-27 Baxış: 333
img
Bu günlərdə  Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidentinin dəvəti ilə ölkəmizə növbəti səfəri gerçəkləşdi. Ərdoğanın bu dəfəki səfəri, Zəngilan və Cəbrayılı ziyarəti də əvvəlki səfərlər kimi təsadüfi deyildi və vacib əhəmiyyəti özündə ehtiva edirdi. Zəngilan Hava limanının təntənəli açılışı və Cəbrayılda rəsmi qarşılanma mərasimi çox möhtəşəm bir mənzərə idi. Prezident İlham Əliyevin Cəbrayılda mətbuata verdiyi bəyanatda  bir sıra xüsusi məqamlar var idi. Türkiyə-Azərbaycan qardaşlığı, bərpa olunan ərazilər, nəqliyyat dəhlizi kimi Azərbaycanın müstəsna əhəmiyyəti, dünyaya verilən sülh mesajı ilə yanaşı bütün məcburi köçkünlərin öz yurd-yuvalarına qayıdacağı məsələsi də önəmli məqamlardan idi.
 Bəli, Böyük sevinclə, xoş ovqatla, Ali Baş Komandan İlham Əliyevə, onun Müzəffər Ordusuna minnətdarlıq hissi ilə 29 illik həsrətdən sonra elimizə, obamıza dönürük. Qatar vaqonlarında, çadır şəhərciklərində min bir əzab-əziyyətə qatlanan məcburi köçkün vətəndaşlarımız illərin həsrət yükündən azad olur. Ötən zamanın ağır nisgilindən qurtuluşu sevincə bürünmüş göz yaşları əvəz edir. İçində ömür sürdüyümüz bu şərəfli günlər tariximizdə yeni səhifələr açır.Düşmənin 30 ildə xarabalığa çevirdiyi Qarabağ və Şərqi Zəngəzuru yenidən quran cənab İlham Əliyevin işğaldan azad edilən torpaqlarımızda həyata keçirdiyi misli görünməmiş quruculuq işləri Azərbaycanın qüdrətinin  göstəricisidir. Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan Böyük qayıdışa 2017-ci ildə Cocuq-Mərcanlıdan başladı.
Bunun davamı kimi cari ilin iyulun 19 -da 40 dan çox ailə Zəngilana qayıtdı. Göründüyü kimi, artıq intizarla gözlədiyimiz "Böyük qayıdış" konsepsiyası gerçəkləşir. Tezliklə bütün Qarabağda, Şərqi Zəngəzurda həyat yenidən bərpa olunacaq, infrastruktur qurulacaq, iş yerləri açılacaq. Azərbaycanın həyatında, sözün əsl mənasında, yeni mərhələ başlayacaq.
Lamiyə Abdullayeva,
YAP Neftçala rayon təşkilatının fəal üzvü