Dövlətimizin strateji fəaliyyət istiqamətlərini müəyyən edən sənəd
Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunmasının 27 ili
tamam olur. Hüquqi, demokratik və dünyəvi dövlətin əsaslarını yaratmaq
məqsədilə ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında müstəqil
Azərbaycanın ilk Konstitusiyası hazırlanmış və 1995-ci il noyabrın 12-də
referendumda xalqımız tərəfindən qəbul edilmişdir. Azərbaycan müstəqilliyini
bərpa etdikdən sonra ölkəmizin qarşısında bu müstəqilliyi qoruyub saxlamaq, dövlətçiliyimizi
inkişaf etdirmək, demokratik islahatlar aparmaq kimi mühüm vəzifələr dururdu.
Lakin respublikamız müstəqilliyini bərpa etsə də, ölkədə hökm sürən
ictimai-siyasi qeyri-sabitlik, xaos və anarxiya yeni konstitusiyanın qəbul
edilməsini mümkünsüz edirdi. Azərbaycan vətəndaş qarşıdurması astanasına
sürüklənmiş, milli dövlətçiliyimiz isə məhv olmaq təhlükəsi altında idi. Mövcud
olan hüquq sistemi və qanunlar hüquqi və demokratik cəmiyyət quruculuğuna,
qanunun aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının müdafiəsinə
təminat vermirdi. Cəmiyyətin gələcək inkişafı hüquq sahəsində islahatların
həyata keçirilməsini, tamamilə yeni mütərəqqi və demokratik dəyərlərə əsaslanan
hüquq və məhkəmə sisteminin, qanunvericilik bazasının formalaşdırılmasını tələb
edirdi. Məhz belə bir çətin məqamda, ümummilli liderimiz Heydər Əliyevin
hakimiyyətə xalqın təkidli tələbi ilə qayıdışı müstəqil Azərbaycan
dövlətçiliyinin əsasını qoydu. Ulu Öndər xalqı müstəqil Azərbaycan və
azərbaycançılıq ideyaları ətrafında birləşdirməklə özünün tarixi missiyasını
yerinə yetirdi və dövlətçiliyimizin tarixi səhifələrini yazdı. Ümummilli
Liderin dərin zəkası sayəsində, ilk növbədə, dövlət idarəçiliyinin bütün
sahələrinin mütərəqqi standartlara uyğunlaşdırılmasına, insan hüquq və
azadlıqlarının qorunması ilə bağlı davamlı demokratik islahatların həyata
keçirilməsinə başlanılmışdır. Ölkədə ictimai-siyasi sabitlik bərqərar olunandan
sonra, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində qanunçuluq və hüquq
qaydası bərpa edildi. Bütün bunlar isə Azərbaycan xalqının və dövlətinin
tarixində ilk milli Konstitusiyanın qəbul edilməsi üçün lazımi ictimai-siyasi
şəraitin yaradılması ilə nəticələndi. Müdrik şəxsiyyətin rəhbərliyi altında
hazırlanaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın
ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə
yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön
plana çıxarmışdır. Yeni qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası
humanizm və demokratiya prinsipləri ilə ölkəmizdə vətəndaşların hüquq və
azadlıqlarının təmin edilməsi, dövlətçiliyimizin tərəqqisi naminə hərtərəfli
zəmin yaratdı. Məhz Heydər Əliyevin gərgin əməyinin bəhrəsi olan bu böyük
tarixi və hüquqi sənəd Azərbaycanın müstəqillik yolunda daha da inamla
addımlamasına, milli, mənəvi dəyərlərimizin qorunması və əhalinin rifahının
təmin edilməsi üçün geniş imkan yaratdı. Konstitusiyada demokratik təsisatlar,
hüquqi dövlətin atributları, hakimiyyət bölgüsü, insan hüquq və azadlıqları və
onların təminatı kimi mütərəqqi müddəalar öz əksini tapmışdı. Dövlət
müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, demokratik quruluşa
təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq,
qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, hamının layiqli
həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq qalaraq digər
xalqlarla dostluq, sülh, əmin-amanlıq şəraitində yaşamaq kimi ülvi niyyətlərin
bəyan edilməsi Konstitusiyanın demokratik dəyərlərini əks etdirir. Bu tarixi
hadisə dövlətçilik tariximizdə şanlı bir səhifə yazdı və dövlətimizin hüquqi,
siyasi və iqtisadi inkişafının gələcək istiqamətlərini müəyyənləşdirdi.
Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirilən islahatlar
ölkəmizdə siyasi, iqtisadi və hüquqi sistemin köklü dəyişdirilməsindən ibarət
olmaqla, dövlət və cəmiyyətin həyatının bütün sahələrini əhatə etmişdir. 27 il
öncə qəbul olunan Azərbaycan Respublikasının Konstitusiyası ölkə ərazisində
birbaşa ali hüquqi qüvvəyə malik olan, həyatımızın bütün sahələrinə təsir
göstərən canlı bir sənəddir. Konstitusiya hüquq sisteminin təməlini təşkil
edir. Hüquq sisteminin nüvəsini, bünövrəsini təşkil etməklə, konstitusiya bu
sistemdən təcrid olunmuş şəkildə deyil, həmin sistem daxilində fəaliyyət
göstərir. Konstitusiya hüquq sisteminin başlıca yaradıcı elementi, onun əsas
hüquqi mənbəyidir. Konstitusiya qəbul edildikdən sonra ölkəmizdə dövlət
hakimiyyəti orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində mühüm
addımlar atılmış, beynəlxalq təcrübə və tövsiyələr nəzərə alınmaqla
məhkəmə-hüquq islahatları həyata keçirilmiş, bir sıra yeni institutlar -
Konstitusiya Məhkəməsi, İnsan hüquqları üzrə müvəkkil (Ombudsman), yerli
özünüidarəetmə orqanları olan bələdiyyələr yaradılmış və fəaliyyətə başlamış,
xüsusi mülkiyyət institutunun inkişafı və ümumiyyətlə, mülkiyyət hüquqlarının
müdafiəsi ilə bağlı mükəmməl təminat sistemi formalaşmışdır. Ulu öndər Heydər
Əliyevin işğal altındakı torpaqlarımızın azad olunması üçün göstərdiyi səylər
təkcə diplomatiya ilə məhdudlaşmırdı. Ümummilli Lider danışıqların aparılması
ilə yanaşı, Azərbaycan Ordusunun formalaşması və gücləndirilməsinə xüsusi
diqqət yetirirdi. 1993-cü ilin sonlarından başlayaraq həyata keçirilmiş xüsusi
tədbirlər nəticəsində Azərbaycanda milli ordu quruculuğu keyfiyyətcə yeni
mərhələyə qədəm qoydu. Yeni ordu quruculuğu prosesi daha sonra ümummilli lider
Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının
Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam
etdirildi və qısa müddət ərzində müasir hərbi texnika ilə təchiz edilmiş,
möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə
vurmağa qadir olan qüdrətli Azərbaycan Ordusu yaradılmışdır. Bu, həmin
rəşadətli ordudur ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
44 gün ərzində Qarabağda Zəfər bayrağımızı qaldırdı. 2020-ci il sentyabrın
27-də başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin
qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə,
Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün
dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Torpaqlarımızın
işğaldan azad olunması ilə tarixə qızıl hərflərlə həkk olunmuş 44 günlük zəfər
yürüşümüz alınmaz qala, mədəniyyət paytaxtımız Şuşanın noyabrın 8-də düşmən
tapdağından qurtulması ilə başa çatmışdır. Bu il Konstitusiyanın qəbul edilməsinin
27-ci ilində qürur və fəxrlə deyə bilirik ki, Konstitusiyanın müddəaları bütöv
Azərbaycanın ərazisində ali qüvvəyə malikdir və 30 ilə yaxın müddətdən sonra
vətəndaşlarımız pozulmuş hüquqlarını bərpa edərək öz yurdlarına geri dönmək
prosesinə hazırlaşırlar. Böyük Qələbəni Azərbaycan xalqına bəxş etməklə Ali Baş
Komandan cənab İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, “Şuşasız
Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” deyən Ulu Öndərin arzusunu reallaşdırdı.
Bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin,
Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda törədilmiş
terror aktları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında
aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi. Bu Qələbəni, Zəfəri
bizlərə yaşadan isə ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı
Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, siyasi iradəsi
və Rəşadətli Ordumuzdur.
Elşad Əhmədov,
YAP Neftçala rayon təşkilatı
Ərazi Partiya təşkilatının sədri
Digər xəbərlər