Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparır
2020-ci il Azərbaycan üçün mühüm hadisələrin baş verdiyi il olmuşdur. Sentyabrın 27-də sürətli əks-hücuma keçən Azərbaycan ordusu düşmənin müdafiə xəttini yararaq işğal altında olan ərazilərimizi işğalçılardan azad etməyə başladı. Azərbaycan 44 günlük müharibə dövründə “Dəmir yumruq” əməliyyatı həyata keçirməklə erməni qəsbkarlarını darmadağın etdi. Nəticədə Ermənistan kapitulyasiya aktı imzalamağa məcbur oldu.
Azərbaycanın xarici və daxili siyasət baxımından 2020-ci ildə əldə etdiyi ən
mühüm nailiyyət sentyabrın 27-də başlanan və 44 gün davam edən işğal olunmuş Azərbaycan
torpaqlarının azad edilməsi əməliyyatıdır. 2020-ci il sentyabrın 27-dən
noyabrın 10-na kimi davam etmiş 2-ci Qarabağ müharibəsi münaqişənin 30 ilə
yaxın diplomatik yolla həll oluna bilməməsi fonunda baş vermiş və Azərbaycan
ordusunun müstəsna uğurları ilə nəticələnmişdir. 2020-ci il noyabrın 10-da Azərbaycan,
Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli birgə bəyanat isə Dağlıq
Qarabağ münaqişəsinə köklü dəyişiklik gətirmişdir. Sözügedən birgə bəyanatın
maddələri tərəflər üçün fərqli mənalar ifadə edir. Birgə bəyanat Azərbaycan
üçün uğurlu hesab olunsa da, Ermənistan barədə bunu söyləmək olmaz. Birgə bəyanatı
imzalamış Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan xalqının müxtəlif təhqirləri
və şiddətli reaksiyaları ilə üzləşmişdir.
Ermənistanın 30 il ərzində işğal
altında saxladığı Qarabağ ərazisində abidələrimizə münasibətdə həyata keçirdiyi
vəhşiliyin əsas məqsədi Azərbaycan xalqının əsrlər boyu yaratdığı tarixi, mədəni
irsi yer üzündən silmək olub. Uzun illər işğal altında olan, erməniləşdirilməyə
və dağıntılara məruz qoyulan daşınmaz tarix-mədəniyyət abidələrimizin vəziyyəti
bütün dünyaya bəllidir. İşğalçı Ermənistan tərəfindən əzəli torpaqlarımızdakı
İslam mədəniyyəti abidələri tamamilə məhv edilib və ya erməniləşdirilib.
İşğaldan azad olunmuş ərazilərdə təşkil edilən monitorinqlər zamanı bu ərazilərdə
kitabxanalar, mədəniyyət evləri, mədəniyyət mərkəzləri, klublar, muzeylər, uşaq
musiqi məktəbləri və s. mədəniyyət obyektlərinin qeydiyyatı aparılıb və onların
hamısının tamamilə dağıdılmış vəziyyətdə olduğu müəyyən edilib.
Vəhşi düşmən üç onillik ərzində nəzarəti altında
saxladığı torpaqlarımızda ağlasığmaz vandalizm əməlləri törədib. Lakin erməni
vandalizminin, dağıntıların miqyası böyük olsa da, Azərbaycan Vətən müharibəsində
işğaldan təmizlənən ərazilərə Böyük Qayıdışı qısa müddətdə və yüksək səviyyədə
həyata keçirmək əzmindədir. Müharibənin başa çatmasından az vaxt ötməsinə
baxmayaraq, işğaldan azad olunan ərazilərdə bərpa layihələrinin icrasına
başlanılması, hazırda işlərin intensiv şəkildə davam etdirilməsi bunu bir daha
təsdiqləyir. Görülən işlərə istinadən deyə bilərik ki, Vətən müharibəsində
işğaldan azad edilən ərazilərə artıq həyat qayıdır. Yeri gəlmişkən, avqustun
16-da Kəlbəcər və Laçın rayonlarında səfərdə olan Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bir sıra yeni
infrastruktur obyektlərinin təməlqoyma və açılış mərasimlərinə qatılıblar.
Yolboyu işğaldan azad edilən ərazilərimiz barədə məlumat verən dövlətimizin
başçısı “Bura heç vaxt erməni torpağı olmayıb və bundan sonra heç vaxt
olmayacaq. Bu, Azərbaycan torpağıdır. Biz azərbaycanlılar - bu torpaqların
sahibləri qayıtmışıq”, - deyə qeyd etmişdir.
Yaradılan infrastruktur işğaldan azad edilmiş ərazilərin iqtisadi
potensialından bəhrələnməyə və həmin ərazilərə insanların qayıdışını təmin etməyə
imkan verəcək.
İşğaldan azad olunmuş bütün yaşayış məntəqələri
üçün bərpa və yenidənqurma layihələrinin işlənməsi tikinti-abadlıq işlərinin
Qarabağın bütün ərazisində eyni vaxtda aparılacağından xəbər verir. Bunun üçün
dövlət tərəfindən nəzərdə tutulmuş vəsaitlərin böyük bir hissəsi artıq icraçı şirkətlər
üçün ayrılıb.
Yaxın onillikdə Qarabağ ərazisi həm yerli və həm də xarici şirkətlərin geniş fəaliyyət
meydanına çevriləcək.
Cənab İlham Əliyevin Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə
çıxışında vurğulamışdır ki, otuzillik işğal bitsə də,
onun ağır fəsadları hələ də qalmaqdadır. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi
Ermənistan tərəfindən yer üzündən silinib. Vaxtilə böyük və çiçəklənən şəhər
olmuş Ağdam o dərəcədə dağıdılıb ki, xarici ekspertlər onu “Qafqazın
Xirosiması” adlandırırlar. Ermənistan işğal zamanı 67 məsciddən 65-ni yerlə-yeksan
edib, qalan 2 məscid isə ciddi zərər görüb və donuz, inək saxlanılması üçün
istifadə olunub. Bu, bütün müsəlman dünyasına təhqirdir. İslamofobiya və
türkofobiya Ermənistanın rəsmi ideologiyasının bünövrəsini təşkil edir.
Azərbaycan işğaldan azad olunmuş
ərazilərdə genişmiqyaslı quruculuq işləri aparır. Keçmiş məcburi köçkünlərin öz
doğma yurdlarına dönüşü üçün “Böyük Qayıdış” proqramının icrasına başlamışıq.
Beləliklə, şübhə yoxdur ki, Azərbaycanın
Qələbəsi nəticəsində regionda yaranan yeni şərait ölkəmiz və bölgə üçün yaxşı
perspektivlər vəd edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, biz tezliklə
doğma Qarabağımızı cənnətə çevirəcəyik. İşğaldan azad edilmiş ərazilərdə görülən
işlərin, həyata keçirilən tədbirlərin sürətlə aparılması bu qənaətə gəlməyə əsas
verir.
Elnarə Əliyeva,
Digər xəbərlər