Talançılıq siyasəti
Təəccüb və təəssüf doğuran fakt göz
qabağındadır. Vətən müharibəsinə qədər, hətta müharibədən sonra bir il ərzində
Azərbaycanla heç bir problemi olmayan İran Zəngəzur dəhlizi məsələsi
aktuallaşandan dərhal sonra yenidən aqressiv ritorikasını bərpa edib, təhdid
dolu bəyanatlar səsləndirməyə başlayıb. İranın şimal-qərb bölgəsi ilə həmsərhəd
olan Azərbaycan torpaqlarına Ermənistanın nəzarət etməsi siyasi baxımdan da
Tehran üçün əlverişlidir. Bu, Azərbaycanla İranın azərbaycanlılar yaşayan
şimal-qərb bölgələri arasında “bufer zona”sı demək idi.
Rəsmi Tehran Bakını İsraillə
əməkdaşlıqda ittiham edir. Lakin hər kəsə bəllidir ki, rəsmi Bakı ABŞ və
İsraillə açıq strateji tərəfdaşlığını bir qədər tarazlaşdırıb, İranla normal
mehriban qonşuluq münasibətlərini düşünüb. Tehran isə Bakının bu jestini heç
vaxt dəyərləndirməyib. Əvəzində isə İran Azərbaycan ərazilərini işğal edən bir
ölkə ilə ən sıx münasibətlər qurur. İranı Ermənistanla birləşdirən avtomobil və
dəmir yolunun tikintisinə xüsusi əhəmiyyət verən Tehran Fars körfəzindən Qara
dənizə, oradan isə Bolqarıstana çıxmaq imkanı əldə etmək istəyib, lakin bundan
istifadə edərək, İrəvanı işğala son verməyə səsləməyib.
Dünya multikulturalizmin
ünvanlarından biri olan Azərbaycandan fərqli olaraq İran hər zaman fərqli
ölkələr üçün dini zəmində təhdid yaradıb. İranda hakimiyyətdə öz xalqına, dinc
əhalisinə qarşı tərəddüdsüz silah işlədən istibdadçı, mürtəce molla rejimidir.
İranın azərbaycanlı əhalisi hətta ən
elementar hüquqlardan belə amansızcasına məhrum edilib. Prezident İlham Əliyev,
bu günlərdə Səmərqəndə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə
Görüşündəki çıxışında xüsusilə vurğuladı ki, “Əfsuslar olsun ki, Azərbaycan
dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti
öz ana dilində təhsil almaq imkanlardan məhrumdur. Türk dövlətlərindən kənarda
yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları önəmli məsələdir. Biz
acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın
dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq
ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt
kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik".
Cahangir
Abdullayev
YAP
Neftçala rayon təşkilatının veteran üzvü
Digər xəbərlər