Biz hər zaman istəyirdik ki, bizim siyasətimiz ancaq xalqımızın iradəsini əks etdirsin
Yeni Azərbaycan
Partiyasının təsis edilməsinin 30 illik yubileyi münasibətilə respublika tədbiri
keçirilmişdir. Tədbirdə çıxış edən Partiyamızın sədri, Cənab Prezident İlham
Əliyev bir çox məqamlara toxunmuşdur.
"Bu gün biz Yeni Azərbaycan Partiyasının
yaranmasının 30-cu ildönümünü qeyd edirik. Bu münasibətlə Yeni Azərbaycan
Partiyasının bütün üzvlərini ürəkdən təbrik edirəm. Partiyamızın yaranması tarixi
hadisə idi. O vaxt gənc Azərbaycan Respublikası çətin günlər yaşayırdı.
Müstəqilliyimizin cəmi bir yaşı var idi və müstəqilliyimizin birinci ili çox
ağır keçmişdir, bəzi hallarda xalqımız böyük faciələrlə üzləşmişdir. Belə bir
vəziyyətdə Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər insanlar, ölkənin
gələcəyini düşünən insanlar ölkəmizin nicat yolunu Heydər Əliyevin simasında
görürdülər və məhz buna görə Ulu Öndərə müraciət ünvanlamışdılar. Bu müraciəti
ünvanlayan məşhur “91-lər” öz tarixi missiyasını şərəflə yerinə yetirdilər.
Çünki məhz bu müraciət əsasında, bu müraciətə cavab olaraq Yeni Azərbaycan
Partiyasının təsis konfransı Naxçıvanda keçirilmişdir. Təsis konfransında
ölkəmizin bütün bölgələrindən 500-dən çox nümayəndə iştirak edirdi və onların
tarixi qərarları ölkəmizin yeni səhifəsinin açılmasına gətirib çıxardı" bu
fikirləri Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri İlham
Əliyev partiyanın yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdəki
çıxışında söyləyib.
Dövlətimizin
başçısı əmin olduğunu bildirib ki, bu gün aparılan iqtisadi islahatlar -
strateji xətt üzrə aparılan bu islahatlar yaxın gələcəkdə də bizə əlavə
imkanlar verəcək.
“O
cümlədən Qarabağı və Şərqi Zəngəzuru öz hesabımıza yenidən qurmaq və bütün
məqsədlərə çatmaq üçün bizə mütləq güclü iqtisadiyyat bundan sonra da lazım
olacaq. Çünki bu, əsasdır. O ölkələr ki, iqtisadi cəhətdən digər ölkələrdən,
yaxud da ki, beynəlxalq maliyyə qurumlarından asılıdır, o ölkələr faktiki
olaraq müstəqil siyasət aparmaqda çətinlik çəkirlər. Biz isə hər zaman
istəyirdik ki, bizim siyasətimiz ancaq xalqımızın iradəsini əks etdirsin. Biz
istəyirdik ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməsin və belə
bir imkan olmasın. Ona görə iqtisadi güc, iqtisadi müstəqillik bütün başqa
sahələrdəki fəaliyyətin təməlidir. Ulu Öndərin yolu ilə gedərək biz, əlbəttə,
bu gün dünyada baş verən dəyişikliklərə də çox diqqətlə yanaşırıq, ən mütərəqqi
təcrübəni Azərbaycanda tətbiq edirik. Əminəm ki, növbəti illərdə bu sahədə
istədiyimizə nail olacağıq”, - deyə Prezident vurğulayıb.
Sevil
Məmmədova
YAP
Neftçala rayon təşkilatının fəal üzvü, Şəhid bacısı
Digər xəbərlər