Müəllifi Ulu Öndər Heydər Əliyev olan milli ideologiya xalqın birliyini təmin edir.
Müasir dünyada təzahür
edən və böyük rola malik ideoloji cərəyanlardan biri milli ideologiyadır.
Bütövlükdə ideologiyanın milli tipi vətəndaşların cəmiyyətə siyasi tələblərini
ifadə edir, onların sosial statusunu milli mənsubiyyətlə və milli-mənəvi dəyərlərlə
yüksəltməyə istiqamətlənir. Milli ideologiya hər şeydən əvvəl milli dəyərlərin
təbiətinin bu və ya digər səviyyədə başa düşülməsini ehtiva edir. Ölkəmizdə əsası Heydər
Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyasının formalaşması dövlətçiliyimiz
və xalqımızın inkişafında mühüm rol oynamış, milli özünüdərkin və milli ruhun
dirçəlməsinə səbəb olmuşdur. Ötən əsrin 90-cı illərinin əvvəllərində
SSRİ-nin dağılması ilə istiqlaliyyətini bərpa etmiş Azərbaycanda xalqın milli
birliyinin yaradılması ən aktual vəzifə kimi qarşıda dayanırdı. Çünki həmin
dövrün ortaya çıxartdığı çətinliklərin və problemlərin həlli, eləcə də, müstəqilliyin
daha etibarlı şəkildə qorunmasının təmin edilməsi, milli dövlətçilik ənənələrinin
bərqərar olması yalnız xalqın ideya birliyinin yaradılmasından asılı idi. Lakin
çox təəssüf ki, müstəqilliyin ilk illərində respublikaya rəhbərlik edən qüvvələr
bu tarixi zərurəti obyektiv şəkildə qiymətləndirə bilmədilər. Nəticədə Azərbaycanda
cəmiyyətin bütün təbəqələrini əhatə edən siyasi pərakəndəlik və ideoloji
parçalanma meyilləri müşahidə edilməyə başlandı. Halbuki, o dövrdə ümummilli
birliyə nail olmaq üçün kifayət qədər obyektiv şərait mövcud idi. Ən
acınacaqlısı isə o idi ki, bu pərakəndəlik xaricdə yaşayan soydaşlarımız
arasında da özünü açıq şəkildə büruzə verirdi. O dövrdə hakimiyyətdə olan qüvvələr
bu kimi taleyüklü problemləri həll etmək əvəzinə siyasi naşılıq göstərərək
milli birlik, milli özünüdərk kimi mühüm siyasi problemlərin həllini şəxsi mənafe
və ambisiyalarına qurban verdilər.Xalqımızın milli özünüdərk prosesinin
formalaşmasına əsaslı təkan vermiş Ulu öndərimiz Heydər Əliyev Naxçıvan Ali Məclisinin
Sədri kimi fəaliyyət göstərdiyi dövrün əvvəllərində - 1991-ci ilin dekabrında
Naxçıvan MR Ali Məclisi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününün
təsis edilməsi haqqında tarixi qərar qəbul etdi. Əslində, bu, təkcə xalqımızın
birliyinin və həmrəyliyinin təmin edilməsi istiqamətində atılmış addım deyildi,
həm də xalqın bir məslək uğrunda birləşdirilməsinə xidmət edəcək azərbaycançılıq
ideologiyasının əsasının qoyulması demək idi. Müstəqil Azərbaycan dövləti böyük
inkişaf yolu keçərək tarixin müxtəlif sınaqlarından çıxmış və dünya dövlətləri
sırasında öz layiqli yerini tuta bilmişdir. Yüzlərlə dövlətlər sırasında Azərbaycanın
üçrəngli bayrağının dalğalanması, Vətənimizin adının hörmətlə, şərəflə çəkilməsi
hər bir Azərbaycan vətəndaşını sevindirir və hər birimiz başa düşürük ki, Azərbaycanın
dünya səviyyəsində tanınmasında Ulu öndər Heydər Əliyevin fenomenal xidmətləri əvəzsizdir.
Həyatının mənasını Vətənə xidmətdə görən Ümummilli liderimiz azərbaycançılıq
ideologiyasının formalaşmasında, xaricdə yaşayan soydaşlarımızın milli özünüdərketmə
hisslərinin oyanışında və onların təşkilatlanmalarında mühüm rol oynamışdır. Əsası
xalqımızın Ulu öndəri Heydər Əliyev tərəfindən qoyulmuş və millətimizin gələcək
inkişafına yönəldilmiş dövlət siyasətimiz elə istiqamətlənmişdir ki,
soydaşlarımızı vahid ümummilli ideya ətrafında toplamaqla bir tərəfdən Vətəndə
gedən proseslərə fəal sürətdə cəlb edir, digər tərəfdən də onların təşkilatlanmasına
yardımçı olur. Bu ideyalar ilk növbədə tarixin dünya azərbaycanlılarına töhfəsi
olan Azərbaycan Respublikasının müstəqilliyinin qorunmasına, dövlətimizin
siyasi və iqtisadi baxımdan möhkəmləndirilməsinə, Dağlıq Qarabağ münaqişəsinin
həllinə və torpaqlarımızın işğaldan azad edilməsinə yönəlmişdir. Azərbaycançılıq
ideologiyasının əsasını qoymuş Ümummilli liderimiz Heydər Əliyev bu
ideologiyanın əsas məqsədləri barədə deyirdi: “İndi hər bir azərbaycanlı qürur
hissi keçirdə bilər ki, mən azərbaycanlıyam, mənim millətim, mənim millətimin
dövləti, ölkəm vardır. İsveçrədə, Almaniyada, Fransada yaşasam da, fərqi
yoxdur, mənim xalqımın müstəqil dövləti var və dünya xalqları içərisində yerim
vardır. Azərbaycan xalqının əsrin sonunda əldə etdiyi ən böyük nailiyyət
budur”.Azərbaycanın inkişafının adı Heydər Əliyev
strategiyasıdır. Bu gün isə, bu strategiya özünü Zəfər strategiyası kimi təqdim
edir. Çünki Vətən müharibəsindəki tarixi qələbəmizdən sonra Heydər Əliyevin müəyyənləşdirdiyi
strategiyaya baxacağımız başqa bir rakursda meydana gəldi. Biz çox aydın gördük
və təsəvvürlərimizi daha da möhkəmləndirdik ki, ümummilli lider Heydər Əliyevin
inkişaf strategiyası, əslində, ölkənin ərazi bütövlüyünün təmin olunmasına
hesablanmışdı. Heydər Əliyevin özünün də əsaslandırdığı kimi, daxili sabitlik
olmadan heç bir məqsədə çatmaq mümkün deyil. Azərbaycandakı xaos, gərginlik o qədər
təhlükəli idi ki, həmin dövrdə siyasi eksperimentlərə yer yox idi. Yalnız hadisələrə
düzgün qiymət verməklə, hədəfə yönəlik çox dəqiq addımlar atmaqla, xaosu dəf
etmək, dövlət idarəetmə sistemini işə salmaq və ölkənin inkişaf elementlərini
müəyyənləşdirməklə vəziyyətdən çıxmaq mümkün idi.Bütün bunlarla yanaşı, beynəlxalq
informasiya məkanında münaqişə vəziyyəti ilə bağlı həqiqətlərin yerinin göstərilməsi,
ümumiyyətlə, milli maraqlarımızın qorunması missiyası da ümummilli lider Heydər
Əliyevin üzərində idi. Xarici səfərləri zamanı xəritə üzərində Azərbaycan sərhədlərini
dünyaya tanıdırdı, Ermənistanın təcavüzkarlığı, işğalçılıq siyasəti haqqında məlumatlandırırdı.
Bunun özü artıq bizim gələcək hərbi qələbəmizin siyasi elementlərinin
formalaşdırılması prosesi idi. Heydər Əliyev ideyalarından bəhrələnərək yeni
reallıqlar şəraitində Azərbaycanı daha da gücləndirən Prezident İlham Əliyev
2020-ci ildə milli tariximizin ən parlaq səhifəsini yazdı və xalqımızı
qürurlandırdı. Tarixi Zəfərimiz Ümummilli Liderimizin müəyyən etdiyi və
Prezident İlham Əliyevin müasirləşdirərək inamla həyata keçirdiyi milli dövlətçilik
strategiyasının ən böyük təntənəsidir.Azərbaycançılıq ideologiyasının həyata
keçirilməsi zərurəti hamı tərəfindən tarixi reallıqların diktə etdiyi qanunauyğunluq
kimi qəbul olunmalıdır. Bu gün hər bir azərbaycanlı əsası xalqımızın Ulu öndəri
Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyasına sadiq olmalı,
müstəqil dövlətimizin inkişafı üçün əməyini əsirgəməyən Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin ətrafında sıx birləşməlidir.
Kərimova Xanım
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədr müavini.
Digər xəbərlər