Qələbənin təminatı və rəsmiləşdirilməsi üçün siyasi və hüquqi baza yaradıldı

2022-12-10 Baxış: 309
img

Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradından 2 il ötür.  Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdir. Paradda yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak etmişdilər. Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər paradında 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilmişdir. Həmçinin, müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın bir qismi nümayiş olunmuşdur. Azərbaycan xalqı 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini və Qələbə gününü gözləyirdi. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi.  Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə heç də asan başa gəlməyib. Bütün bu illər ərzində prezident İlham Əliyev davamlı və effektiv ordu quruculuğu həyata keçirib, ölkənin dayanıqlı iqtisadi inkişafının  təmin olunması naminə düşünülmüş siyasət yürüdüb.. Ordunun döyüş qabiliyyəti davamlı olaraq möhkəmləndirilib, müasir silah-sursat və texnika ilə təchizatı həyata keçirilib. Bir ölkədən asılı olmamaq üçün silah-texnikanın bir çox mənbədən alınması təmin olunub. Vətən müharibəsi göstərdi ki, Azərbaycanda silahlanma siyasəti düzgün aparılıb. Ümumiyyətlə, torpaqlarımızın işğaldan azad edilməsi, Vətən müharibəsi üçün Prezident İlham Əliyev tərəfindən böyük hazırlıq işləri görülüb. Siyasi sabitlik, vətəndaş birliyi təmin edilib. Beynəlxalq müstəvidə, beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın maraqlarına cavab verən önəmli qərarlar və qətnamələrin qəbuluna nail olunub. Qələbinin təminatı və rəsmiləşdirilməsi üçün siyasi və hüquqi baza yaradılıb.

 

Vüqar Qələşov,

YAP Neftçala rayon təşkilatının fəal üzvü