Səfər çərçivsində imzalanmış Azərbaycan-Türkiyə-Türkmənistan sənədləri:”Gömrük əməkdaşlığına dair Birgə məşvərət komissiyasının yaradılması haqqında qarşılıqlı anlaşmaya dair Hökümətlərarası Memorandum”

Müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji
tərəfdaşları olan Türkiyə və Türkmənistanla münasibətlər yeni mərhələyə qədəm
qoyur. Hər üç ölkənin dövlət və hökumət başçılarının, eləcə də siyasi,
iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər sahələr üzrə aidiyyəti
qurumlarının rəhbərlərinin qarşılıqlı səfərləri ölkələrarası əməkdaşlığın
inkişafında əhəmiyyətli rol oynayır. Əlaqələr bütün sahələrdə uğurla inkişaf
edərək, ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək
səviyyəyə qalxmasına səbəb olur.
Prezident İlham Əliyevin bu il dekabrın 14-də
Türkmənistanda təşkil olunmuş üçtərəfli Zirvə Görüşündəki iştirakı bir daha
göstərdi ki, hər üç ölkə arasında olan əlaqələr yüksələn xətlə inkişaf
etməkdədir. Türkiyə ilə keçən il imzalanan Şuşa Bəyannaməsi Azərbaycan və
Türkiyə liderlərinin ölkəmizin Vətən müharibəsindəki Zəfərindən sonra regionda
yaranmış yeni tarixi reallığa atdıqları möhtəşəm imzalar idi. 2017-ci ildə
imzalanmış “Azərbaycan Respublikası ilə Türkmənistan arasında strateji
Tərəfdaşlıq haqqında Bəyannamə” iki dövlət arasında əlaqələrin strateji
tərəfdaşlıq müstəvisində inkişafını nəzərdə tuturdu.
"Azərbaycan, Türkiyə və Türkmənistan arasında
əlaqələrin belə inkişafı təkcə bu dövlətlərin deyil, həm də regionun ümumi
tərəqqisinə, Cənubi Qafqazda sabitliyin bərqərar olmasına mühüm töhfələr verir.
Bu birlik bölgədə təhlükəsizliyin qarantıdır. Birgə reallaşdırılan enerji və
nəqliyyat layihələri dövlətləri, xalqları birləşdirir, əlaqələrin inkişafı
fonunda çoxtərəfli əməkdaşlığa geniş imkanlar açır.
İqtisadi əməkdaşlığın inkişaf dinamikasının
statistikasına nəzər salsaq görərik ki, 2022-ci ilin yanvar-oktyabr aylarında
Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz artaraq 5 milyard dollara
çatıb. Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən
Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə yatırılıb. Bu
il Türkmənistan ilə ticarət dövriyyəsi də 5 dəfə artıb.
Dekabrın 14-də Türkmənbaşı şəhərində prezidentlər İlham
Əliyevin, Rəcəb Tayyib Ərdoğanın və Sərdar Berdiməhəmmədovun geniş tərkibdə
görüşündən sonra Azərbaycan-Türkiyə-Türkmənistan sənədləri imzalanıb.
“Ticari-iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası Saziş”i Türkmənistan
Nazirlər Kabineti sədrinin müavini Batır Atdayev, Azərbaycan Respublikasının
xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının ticarət naziri
Mehmet Muş imzalayıblar.
“2023-2025-ci
illər üzrə elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa dair
hökumətlərarası Çərçivə Proqramı”nı Türkmənistan Nazirlər Kabineti sədrinin
müavini Nurməhəmməd Amannepesov, Azərbaycan Respublikasının xarici işlər naziri
Ceyhun Bayramov və Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu
imzalayıblar.
“Gömrük
əməkdaşlığına dair Birgə məşvərət komissiyasının yaradılması haqqında
qarşılıqlı anlaşmaya dair Hökumətlərarası Memorandumu” Türkmənistanın Dövlət
Gömrük Komitəsinin sədri Maksat Xudayqulıyev, Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının ticarət naziri Mehmet
Muş imzalayıblar.
“Energetika
sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair
Qurumlararası Memorandum”u “Türkmənqaz” Dövlət Konserninin sədri Batır Amanov,
Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov və Türkiyə
Respublikasının energetika və təbii sərvətlər naziri Fatih Dönməz imzalayıblar.
“Nəqliyyat
sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair
Qurumlararası Memorandum”u Türkmənistanın Nazirlər Kabineti yanında Nəqliyyat
və Kommunikasiyalar Agentliyinin baş direktoru Məmmədxan Çakıyev, Azərbaycan
Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Türkiyə
Respublikasının nəqliyyat və infrastruktur naziri Adil Qaraismayıloğlu
imzalayıblar.
YAP Neftçala rayon təşkilatı
Ərazi Partiya təşkilatının sədr müavini
Digər xəbərlər



