Qarabağın şəhərsalma prosesində ən müasir urbanizasiya modellərindən istifadə edilir

2022-12-21 Baxış: 296
img

Azərbaycan ordusunun şanlı qələbəsi ilə bitən İkinci Qarabağ Müharibəsi işğal edilmiş ərazilərin azad edilməsi ilə nəticələnməklə yanaşı Erməni işğalçılarının həyata keçirdiyi dağıntıların tam olaraq üzə çıxmasına imkan yaratdı. Bir daha məlum oldu ki, otuz ilə yaxın davam edən işğal müddətində Erməni vandalları işğal etdikləri Azərbaycan ərazilərində böyük dağıntılar həyata keçirmiş və mövcud olan infrastrukturu demək olar ki, tamamən məhv etmişdir. Əvəzində isə hətta özləri üçün belə heç bir infrastruktur formalaşdırmamışdır. Biz bunun xüsusilə Ağdam nümunəsində şahidi olduq. Müharibədən sonra Ağdama səfər edən xarici media nümayəndələri hətta Ağdamı Cənubi Qafqazın Xirosiması adlandırdı. Erməni vandallarından fərqli olaraq Azərbaycanda  İkinci Qarabağ müharibəsi bitdikdən dərhal sonra azad edilmiş ərazilərin sosial-iqtisadi inkişaf planının hazırlanması üçün tapşırıqlar verildi və “Böyük Qayıdış” proqramı əsasında bərpa prosesi başlandı. Bərpa prosesi bir neçə mərhələdə həyata keçirilməsi nəzərdə tutulmuşdur.. Birinci mərhələdə büdcədən ayrılan vəsaitlər əsas iki məqsəd üçün, infrastrukturun formalaşdırılmasına və kommunal xidmətlərin əlçatanlığının təmin edilməsinə yönəldiləcəkdir. Növbəti mərhələdə isə özəl və xarici investisiyanın cəlb edilməsinə daha çox yer ayrılacaqdır. Ümumiyyətlə, azad edilmiş ərazilərin əsaslı şəkildə bərpa edilməsi və orada müasir infrastrukturun yaradılması Qarabağın inkişafının əsas strateji istiqamətlərindən biridir. Çünki bərpa prosesi həyata keçirilmədən həmin ərazilərin sosial-iqtisadi inkişafını təmin etmək mümkün deyildir. Yenidənqurma və bərpa prosesinin həyata keçirilməsi Azərbaycanda ümumi iqtisadi inkişafa təkan verəcək, yeni iş yerlərinin yaranmasına şərait yaradacaqdır. Azad edilmiş ərazilərdə infrastruktur tamamilə məhv edildiyindən və buna görə də həmin ərazilər sıfırdan bərpa edildiyindən orada texnoloji yeniliklərin tətbiqi daha asandır. Şəhər və kəndlərin yenidən qurulması ilə bağlı diqqət çəkən əsas məqam  bu prosesdə “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarından istifadənin nəzərdə tutulmasıdır. Bu konseptlərin tətbiqi şəhərsalma aparılarkən dünyanın ən qabaqcıl texnologiyalarının tətbiq edilməsinə və dünyanın qabaqcıl texnoloji şirkətlərinin ölkəmizə cəlb edilməsinə imkan yaradacaqdır.

Fəxriyyə Qafarova,

YAP Neftçala rayon təşkilatının fəal üzvü