Tarixi, mədəni abidələrimizin bərpası və qorunması prioritet istiqamətlərdəndir.
Şanlı
Azərbaycan Ordusunun 44 günlük zəfər yürüşü doğma Qarabağımızın azadlığa
qovuşdurulması ilə yanaşı, tarixi, mədəni irsimizi də erməni vandallarından
xilas etdi. Müzəffər Ordumuz tarix səhifələrimizi qaralamağa, silməyə,
saxtalaşdırmağa, təməlini laxlatmağa çalışanlara layiqli dərs verərək yerinə
otuzdurdu.
İşğalçılar bu illər ərzində yer
adlarımızı, toponimlərimizi dəyişdirib, uydurma adlar qoyub, tariximizə iddia
edə bilmədikləri məqamlarda isə barbarlığa əl ataraq maddi-mədəni, dini
abidələrimizi vəhşicəsinə dağıdıblar. Erməni millətçiləri xalqımızın tarixi
yaddaşını yox etmək, qədim Azərbaycan torpaqlarında türk-müsəlman
mədəniyyətinin izlərini silmək üçün hər cür namərdliyə əl ataraq çirkin
əməllərini illər boyu davam etdiriblər. 30 il müddətində işğal altında
saxladıqları Qarabağda dünyada misligörünməmiş talançılıqla məşğul olub, bütün
tarixi, dini abidələrimizi məhv ediblər. Erməni vandalları tərəfindən törədilən bu vəhşiliklər, “Tarix
və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası
Qanununun müddəalarının, “Silahlı münaqişələr zamanı
mədəni mülkiyyətin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının 1999-cu
il protokolunun, “Arxeoloji irsin qorunması haqqında” 1992-ci il tarixli Avropa
Konvensiyasının tələblərinin pozulmasıdır. Əminik ki, çox tezliklə onlar tarixi
abidələrimizə qarşı törətdikləri vəhşi əməllərinə görə hüquqi müstəvidə də
cavab verəcəklər.
Biz isə Böyük Qayıdışa hazırlaşırıq. Artıq Azərbaycan Respublikasının
işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair 1-ci Dövlət Proqramı
(2022-2026-cı illər) təsdiq edilib. Prezident İlham Əliyev noyabrın 16-da
bununla bağlı sərəncam imzalayıb. Dövlət Proqramında işğaldan azad edilmiş
ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, məqsədlər və
onlara uyğun hədəf göstəriciləri, prioritet istiqamətlər, müvafiq vəzifələrin
yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər
əksini tapıb. Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə,
bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin
sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə
alınıb. Dövlət Proqramının Tədbirlər Planı
(2022–2026-cı illər) 6 prioritet istiqaməti əhatə edir. Hər prioritet üzrə
müvafiq fəaliyyət istiqamətləri nəzərdə tutulub.
2-ci prioritet istiqamət –
“Ərazilərdə şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisi və
infrastrukturla təmini” üzrə fəaliyyət istiqamətlərindən biri azad edilmiş
ərazilərdə mədəniyyət tədbirlərinin keçirilməsi və mədəni irs obyektlərinin
bərpası ilə bağlıdır.
Tural Abbasov,
YAP Neftçala rayon təşkilatının fəal üzvü
Digər xəbərlər