Zəfəri reallığa çevirmiş effektiv ordu quruculuğu
Ordu
dövlətin suverenliyini və ərazi bütövlüyünü təmin etmək üçün əsas qüvvə olaraq
dövlət quruculuğunun tərkib hissələrindən biridir. Azərbaycanın zəngin dövlətçilik
tarixində güclü ordunun yaradılması hər zaman prioritet məsələlərdən olmuşdur.
Ulu Öndər Heydər Əliyevin təhlükəsizlik
siyasəti və strategiyası, ordu quruculuğu ilə bağlı başladığı işlər Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hələ 2003-cü ildə andiçmə mərasimindəki
nitqi zamanı Prezident İlham Əliyev bununla bağlı deyib: "Azərbaycanda
ordu quruculuğu sahəsində də böyük işlər görülmüşdür. Ölkəmizdə güclü ordu
yaradılmışdır və bu proses davam edəcəkdir. Bu məsələ daim mənim diqqət mərkəzimdə
olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri
həll etmək iqtidarında olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı
ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri
yerinə yetirməsinə imkan verəcəkdir”. Ötən 19 ildə ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi,
Silahlı Qüvvələrdə aparılan modernləşmə islahatları və bunun nəticəsi olaraq
baş verən keyfiyyət dəyişiklikləri dövlət başçısı, Azərbaycan Silahlı Qüvvələrinin
Ali Baş Komandanı İlham Əliyevin öz vədinə sadiqliyini təsdiq edir. Dövlət
başçısı təhlükəsizlik siyasətini həyata keçirən və bu istiqamətdə praktik fəaliyyət
göstərən orqan və qurumlar içərisində, ilk növbədə, ölkəmizin hərbi təhlükəsizliyinin
qarantı olan ordu quruculuğu və Silahlı Qüvvələrin yüksək döyüş hazırlığı səviyyəsinə
gətirilməsi istiqamətində çox gərgin, səmərəli və məqsədyönlü iş aparmışdır.
Hazırda Cənubi Qafqazın ən qüdrətli ordusuna malik Azərbaycanın Silahlı Qüvvələri
döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Azərbaycan vətəndaşları
Silahlı Qüvvələrimizdə baş verən keyfiyyət və kəmiyyət dəyişikliklərini
ordumuzun keçirdiyi təntənəli hərbi paradlarda görüblər. Ölkəmizin hərbi qüdrətinin
nümayişi olan belə paradlarda xalqımız və beynəlxalq ictimaiyyət Azərbaycanın
mükəmməl hərbi gücə malik olduğuna şahidlik edib. Təsdiq olunub ki, Azərbaycan
Ordusu arsenalını ən modern silah və digər hərbi texnika ilə zənginləşdirir. Fərəhlisi
odur ki, bu gün dünyanın hərbi baxımdan inkişaf etmiş dövlətlərinin malik
olduqları strateji silahlar Azərbaycanda var. Bütün bu deyilənlərin təsdiqidir
ki, 44 gün ərzində Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında məhz
onun formalaşdırdığı qəhrəman ordumuz torpaqlarımızı 30 illik işğaldan azad
etdi. Cənab Prezidentin dediyi kimi məhz onun dövründə yetişdirilən gənclər bu
Zəfəri bizə yaşatdılar.
Elnarə
Əliyeva,
YAP
Neftçala rayon təşkilatının fəal üzvü
Digər xəbərlər