Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib.
Xalqımız, eləcə də dünyanın müxtəlif
ölkələrində məskunlaşmış soydaşlarımız, hər il dekabrın 31-ni Dünya Azərbaycanlılarının
Həmrəylik Gününü böyük həvəs və coşqu ilə
qeyd edir. Bu bayram ildən-ilə daha geniş vüsət alır, daha geniş şəkildə
keçirilir. Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik
nümayiş etdirməsi qürurvericidir.
Dünya azərbaycanlılarının həmrəyliyi,
onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ümummilli
Liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörənliyini, xalqı öz ətrafında
birləşdirməyə qadir olduğunu nümayiş etdirdi.
Həmrəylik
bayramı ilk növbədə azərbaycançılıq ideologiyasına söykənir. Son illərdə bu
ideologiya müstəqil Azərbaycanın çiçəklənməsinə və dünya azərbaycanlılarının
özünüdərkinə təkan verən güclü bir amilə çevrilmişdir. Azərbaycançılıq
ideologiyası ətrafında birləşən hər bir soydaşımız harada yaşamasından asılı
olmayaraq ana Vətənin inkişafına, onun dünya birliyində layiqli yer tutmasına və
tanınmasına, mədəniyyətimizin təbliğinə, ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq
ictimaiyyətə obyektiv şəkildə çatdırılmasına töhfə verməyi özünün mənəvi borcu
sayır.
Dünya Azərbaycanlılarının Həmrəylik Gününün
dekabrın 31-də qeyd olunması təsadüfi deyildir. Ötən əsrin 80-ci illərinin
axırlarında keçmiş ittifaq məkanında gedən proseslər Azərbaycanda milli oyanış
hərəkatının geniş vüsət almasına gətirib çıxartdı. Ermənistanın Azərbaycana
qarşı ərazi iddiası irəli sürməsi, Dağlıq Qarabağda yaşayan ermənilərin açıq
separatçılıq hərəkatı, bu proseslərin Ermənistan və Dağlıq Qarabağda yaşayan
yüz minlərlə azərbaycanlının öz yurd-yuvasından qovulması ilə nəticələnməsi
“Meydan hərəkatı”nın əsasını qoydu.
Moskvanın və yerli hakimiyyət orqanlarının
yarıtmaz siyasəti nəticəsində meydana çıxan bu problemlərin qarşısını almaq təşəbbüsünü
üzərinə götürən xalq 1988-ci il noyabrın 17-da Bakının mərkəzi meydanına
toplaşaraq fasiləsiz kütləvi etiraz aksiyasına başladı. Həmin günlər göstərdi
ki, xalqımız müstəqil olmağa, azad yaşamağa layiqdir. Belə bir vaxtda azərbaycanlıların
vətən naminə həmrəyliyinə, birliyinə ehtiyac yarandı.
Beləliklə, bütün bu baş verən hadisələrin
fonunda 31 dekabr Azərbaycanın tarixinə Milli Həmrəylik Günü kimi daxil oldu.
Bu tarixin rəsmiləşdirilməsi isə ümummilli lider Heydər Əliyevin adı ilə
bağlıdır. Onun təşəbbüsü ilə 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar
Respublikası Ali Məclisi Milli Həmrəylik və Birlik Gününün təsis olunması barədə
qərar qəbul etdi. Bundan cəmi doqquz gün sonra Azərbaycan Respublikası Ali
Sovetinin Milli Şurası hər il dekabr ayının 31- nin Azərbaycanlıların Həmrəylik
Günü elan olunması barədə sərəncam verdi. Beləliklə, bu tarix dünya azərbaycanlılarının
hər il sevinclə qeyd etdikləri milli bayrama çevrilmişdir.
Hazırda dünyanın
müxtəlif ölkələrində yaşayan azərbaycanlılar arasında həmrəyliyin möhkəmləndirilməsi,
onların təşkilatlandırılması və güclü Azərbaycan diasporunun formalaşdırılması
respublikamızda dövlət siyasətinin mühüm istiqamətini teşkil edir.
Azərbaycan
Respublikasının Prezidenti cənab İham Əliyev təməli ulu öndər Heydər Əliyev tərəfindən
qoyulan milli həmrəylik ideyalarının bu gün də Azərbaycan dövləti üçün öz
aktuallığını saxladığını nümayiş etdirir. “Bu gün Azərbaycan diasporu böyük iqtisadi,
mədəni, intellektual qüvvəyə malikdir. Yaşadıqları ölkələrin ictimai-siyasi həyatında
onların təsiri getdikcə daha artıq hiss olunur. Məmnunluq hissi ilə qeyd edirəm
ki, Müstəqil Dövlətlər Birliyi ölkələrində, Avropada, Amerikada Azərbaycan
icmaları və cəmiyyətləri əvvəlki dövrlərlə müqayisədə xeyli səmərəli fəaliyyət
göstərirlər. Lakin o da xüsusi vurğulanmalıdır ki, onların geniş imkanları,
istifadə olunmamış potensialı vardır və bu potensialdan milli maraqlar naminə
maksimum yararlanmaq lazımdır.
Hazırda azərbaycanlıların həmrəyliyinin və mütəşəkkilliyinin
güclənməsi, ümummilli ideyalar ətrafında birləşməsi üçün daha geniş imkanlar
yaranmışdır. Azərbaycan dövləti nüfuzlu iqtisadi və siyasi gücə çevrilmiş,
bütün dünyada yaşayan soydaşlarımız qarşısında parlaq perspektivər açılmışdır.
İndi biz dünya azərbaycanlılarının ümumbəşəri və mili-mədəni hüquqlarının, beynəlxalq
konvensiyalarda təsbit edilmiş insan haqlarının qorunmasını təmin etmək üçün
daha təsirli vasitələrə malikik. Azərbaycanın siyasi rəhbərliyi dünya azərbaycanlılarının
Vətənimizə və xalqımıza mənsubluq hissini gücləndirmək, onların ölkəmizin
iqtisadi, mədəni həyatında hərtərəfli iştirakını təmin etmək üçün bütün zəruri
tədbirləri görəcəkdir”- Prezident İlham Əliyevin bu sözləri Azərbaycan dövlətinin
bu mövzuda necə qərarlı olduğunu sübut edir.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü—Azərbaycan
millətinin birlik şüarının simvolik günüdür. Bu gün dünyanın 70-dən çox ölkəsində
yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında
birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.
Bütün bu nailiyyətlərin əsasında ümummilli lider
Heydər Əliyevin formalaşdırdığı siyasi kurs dayanır. Möhtərəm Prezidentimiz
İlham Əliyev ümummilli liderimizin müdrik siyasi kursunu layiqincə davam etdirərək,
Azərbaycanın dünyanın yüksək inkişaf etmiş ölkələri sırasına çıxması naminə
qeyri-adi fədəkarlıq nümunələri göstərir.
Bu gün xalqımızın birliyi, həmrəyliyi ölkəmizin
inkişafını daha da sürətləndirib. Tariximizə qızıl hərflərlə yazılan Vətən
müharibəsində qazandığımız Zəfər həmrəyliyimizin, xal-iqtidar
birliyinin bir yumruq ətrafında birləşməyimizin bariz nümunəsidir. 44 günlük
müharibədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər ordumuz ədaləti
bərpa etdi. Bu qələbə Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsində,
nüfuzunun yüksəlməsində mühüm rol oynadı.
Cənab Prezident xarici mediada, digər ölkələrdə
yaşayan azərbaycanlılar isə yaşadıqları ölkələrdə qətiyyətlə haqq səsimizi
ucaltdılar, ədaləti müdafiə etdilər. Bu tarixi qələbəni bizlərə yaşadan Müzəffər
Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi iradəsi həmçinin güclü
ordumuzun və xalqımızın həmrəyliyi , birliyi oldu.
Fətəli Hüseynov,
YAP Neftçala
rayon təşkilatının fəal üzvü
Digər xəbərlər