Ermənistan dərk etməlidir ki, təxribatların heç bir nəticəsi olmayacaq
Ötən iki il ərzində Ermənistan
rəhbərliyi nəinki imzasına hörmət göstərməyərək üzərinə düşən öhdəlikləri
yerinə yetirməyib, hətta bölgədə ən ağır hərbi təxribatları törətməklə
gərginlik yaratmaqda davam edib. Ötən müddət ərzində Ermənistan hərbi-siyasi rejiminin
addımları onların sülh prosesindən uzaq olduqlarını açıq-aşkar göstərib. Buna
rəğmən Azərbaycan tərəfi yenə özünün humanizm prinsiplərinə sadiq qalaraq
Qarabağda məskunlaşmış mülki ermənilər üçün dəhlizi açıq saxlayıb, sülhə
yönələn bütün təkliflərə səmimi və dürüst olduğunu əməli ilə nümayiş etdirib. Öz ərazisinə mümkün hərbi
təhlükəni önləmək, aparılan quruculuq işlərində iştirak edən mülkü şəxslərin
təhlükəsizliyini təmin etmək üçün Azərbaycan ordusu dövlət sərhədimizdəki
təxribatların layiqli cavabını verdi. Bölgədəki hərbi gərginliyin birbaşa
səbəbkarı heç şübhəsiz ki, sülh prosesindən yayınan və hərbi-siyasi
təxribatların arxasında duran Ermənistan hakimiyyətidir. Eyni zamanda, ötən iki
il ərzində ermənilərin sülhdən yayınmaq üçün hər cür pozuculuq fəaliyyətinə göz
yuman beynəlxalq ictimaiyyət də mövcud situasiyada məsuliyyət daşıyır. Azərbaycan öz suverenliyinə və ərazi bütövlüyünə qarşı
hər cür təhdidlərə layiqli cavab vermək gücündədir. Ermənistan ötən əsrin
90-cı illərinin eyforiyasındadır, amma unudurlar ki, Azərbaycan bu gün həm
siyasi, həm iqtisadi, həm də hərbi baxımdan bölgənin lideridir.
Yanvarın 10-da Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə
vermişdir.Müsahibəsi zamanı "Mən ümid edirəm ki, artıq Ermənistan
açıq-aydın dərk edir ki, bu təxribatların heç bir nəticəsi olmayacaq. İkinci
Qarabağ müharibəsi başa çatandan sonra bizim Ermənistan tərəfinə göndərdiyimiz
siqnallar da ondan ibarət idi ki, siz bu vəziyyətlə barışmalısınız və
kapitulyasiya aktına imza atmaqla faktiki olaraq bizim aramızdakı bu qarşıdurma
başa çatmalıdır. Ancaq əfsuslar olsun ki, biz bunu görmədik, əksinə, Ermənistan
həm Qarabağda, həm sərhəd istiqamətində öz planlarından əl çəkmədi və biz məcbur
olub tədbirləri gördük, biz onlara xəbərdarlıq etmişdik. Eyni zamanda, avropalı
tərəfdaşlarımıza da bildirmişdik ki, əgər biz təhlükə görsək, dərhal hərəkətə
keçəcəyik. Hesab edirəm ki, o cümlədən ona görə də beynəlxalq aparıcı qüvvələrin
reaksiyası bu hadisələrə adekvat olmuşdur. Yəni, bizi heç kim qınamamışdır, heç
kim bizi günahlandırmamışdır. Çünki hər kəs görürdü ki, bu, toqquşmaların səbəbkarı
biz deyilik" deyə dövlət başçısı
qeyd etmişdir.
Sona Haxıyeva,
YAP Neftçala rayon təşkilatının məsləhətçisi
Digər xəbərlər