Qürurlu gəncliklə uğurlu gələcəyə doğru!

2023-02-01 Baxış: 340
img

             2 fevral tarixi təqvimimizdədə Azərbaycan Gəncləri Günü kimi qeyd edilir. Gənclərin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasəti müstəqil Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxmışdır. Məhz Ulu Öndərin 1997-ci il fevral ayının 2-də imzaladığı Fərmana əsasən, hər il fevralın 2-si Azərbaycan Gəncləri Günü kimi qeyd edilir. 1969-cu ildə Ulu Öndər Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəldikdən sonra gələcək, bu günkü müasir Dövlətimiz haqqında düşünmüş, yüksək intellektli, savadlı vətəndaşların yetişməsi, ixtisaslı zabit kadrlarının hazırlanması üçün böyük əhəmiyyətli işlər görmüşdür. 1970-1980-ci illərdə on minlərlə azərbaycanlı gəncin SSRİ-nin ən nüfuzlu ali məktəblərinə göndərilməsi və nəticədə yüksək ixtisaslı 15 minə yaxın kadr ordusunun yaradılmasına nail olunmuşdur. 1972-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və təkidi ilə Bakıda xüsusi hərbi məktəb - Cəmşid Naxçıvanski adına məktəb açılmışdı. Azərbaycan milli ordusunun yaranmasında və təşəkkül tapmasında bu məktəb çox böyük xidmətlər göstərmiş, hər il məktəbin minə yaxın müdavimi bilik və bacarıqlarını artırmaq üçün Sovet İttifaqının müxtəlif ali hərbi məktəblərinə göndərilmişdir. Ölkəmiz müstəqilliyini yenidən bərpa etdikdən sonra 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin Azərbaycanda xalqın böyük təkidi və istəyi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra gənclərin problemlərinin həllini ən vacib dövlət məsələləri ilə bir sırada prioritet vəzifə kimi qarşıya qoydu. Onun Sovetlər dönəmində yetişdirdiyi kadr potensialı artıq müstəqil Azərbaycana rəhbərliyi dövrdə dövlətin idarə edilməsində aparıcı qüvvəyə çevrilmişdi. Həm qürurverici, həm də sevindirici haldır ki, dövlətin gənclər siyasəti bu gün Ulu Öndər siyasi kursunun layiqli davamçısı, Müzəffər Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezident gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun, dövlət idarəçiliyi sistemində iştirakının təmin edilməsi məqsədilə Dövlət Proqramları təsdiq etmiş, gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün də dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirmişdir. 2007-ci ilin Azərbaycanda “Gənclər ili” elan edilməsi Ölkə Prezidenti tərəfindən gəncərə verilən böyük önəmin bariz nümunəsi idi. Bəli, bu gün  də ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir. Ölkəmizdə həyatın bütün sferalarına nəzər salsaq, görərik ki, orada gənclər əksəriyyət təşkil edir. Müxtəlif qurumlarda, dövlət idarələrində, siyasi və iqtisadi arenalarda gənclərin fəal iştirakı təmin edilib. Bundan əlavə qeyd etməliyik ki, hazırda Azərbaycanda həyata keçirilən gənclər siyasətinin əsasında idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması mühüm yer tutur. Cənab İlham Əliyevin ciddi islahatları nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də 44 günlük Vətən Müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda qəhrəmanlıqla vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz Müzəffər Ali Baş Komandanımız və Azərbaycan gənclərinin dəmir yumruq ətrafında birləşərək göstərdikləri rəşadət sayəsində Ölkəmiz düşmən üzərində Şanlı Zəfər qazanaraq yurdumuzun ərazi bütövlüyünü bərpa etdi. Ali Baş Komandan cənab İlham Əliyev: “Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər.” deyərək gəncliyimizin dəyərini, qiymətini vermişdir. İnanırıq ki, qürurlu gəncliyimiz Ölkəmizin gələcək inkişafının təmin olunmasında, azad edilən torpaqlarımızda görülən yenidənqurma işlərində, doğma diyarımızın yenidən çiçəklənməsində iştirak etməklə daha böyük uğurlara nail olacaqdır. Bu mənada Azərbaycan gənclərinin ölkə həyatında yüksək fəallığı, vətənpərvərliyi, dövlətə və vətənə bağlılığı gələcəyə inamla baxmağa əsas verir!

             Məhəmməd Rəsulzadə;

             Neftçala rayon gənci