Parlamentin fəaliyyətində məsuliyyət və şəffaflıq amili

2023-03-10 Baxış: 335
img

VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar seçkilərinin keçirilməsindən 3 il ötür. 2020-ci il mart ayınıın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda çıxış edərək bildirmişdir ki, Parlament tərəfindən qəbul edilmiş qanunlar bizim uğurlu inkişafımızın hüquqi bazasını gücləndirmişdir. Dövlətimizin başçısı altıncı çağırış Milli Məclisin uğurla fəaliyyət göstərəcəyinə, ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi. 1300-dən çox namizədin mübarizə apardığı seçkilərin uğurla keçdiyini deyən Prezident İlham Əliyev bütövlükdə seçkilərin xalqımızın iradəsini tam ifadə etdiyini söylədi. Prezident İlham Əliyev onu da vurğuladı ki, seçkilərdə bütün siyasi qüvvələr iştirak ediblər. Nəticədə altıncı çağırış Milli Məclis çoxpartiyalı məclis kimi formalaşır. Seçkilərdə Yeni Azərbaycan Partiyasının yerlərin əksəriyyətini əldə etdiyini deyən dövlətimizin başçısı vurğuladı ki, siyasi sistemin möhkəmləndirilməsi, siyasi münasibətləri sağlam zəmində inkişaf etdirmək üçün bütün partiyaların nümayəndələri Milli Məclisin rəhbərliyi və komitələrinin rəhbərliyində təmsil olunmalıdırlar.

Dövlət başçısı milli-mənəvi dəyərlərin, ənənələrin qorunması və informasiya mühafizəsinin vacibliyi məsələsinə də toxundu. Qeyd edildi ki, Azərbaycan müstəqil siyasət yeridən, heç kimin qarşısında baş əyməyən dövlət kimi qara piar kampaniyası, yalan, böhtan, uydurma, iftira üzərində qurulmuş kampaniyalarla üzləşib. Bu baxımdan informasiya təhlükəsizliyi ilə əlaqədar qanunvericilikdə yeni yanaşmalar əksini tapmalıdır. Ədalətli sosial siyasət, şəffaflığın təmin edilməsi, gizli iqtisadiyyatla aparılan ciddi mübarizəyə qanunvericilik dəstək verməlidir. Gənclər siyasəti, onların fəallığının artması, vətənpərvərlik və milli ruhda tərbiyə edilməsi də qanunla müdafiə olunmalıdır.

Parlament diplomatiyası ölkənin beynəlxalq aləmdə milli maraqlarının təmin olunması baxımından çox önəmlidir. Milli Məclis dünyanın mötəbər beynəlxalq təşkilatları və parlamentləri ilə uğurlu əməkdaşlığı davam etdirərək, dövlətimizin və xalqımızın haqq işinin beynəlxalq aləmdə dəstəklənməsi naminə öz səlahiyyətləri çərçivəsində bütün imkanlardan istifadə edir.

 

Cəlal Rəsulov,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri