“Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır. Bu, bizim müqəddəs borcumuzdur, əcdadlarımız qarşısında borcumuz, bugünkü nəsil qarşısında borcumuz , gələcək nəsillər qarşısında borcumuzdur.”
Müasir Azərbaycan tarixinin böyük bir hissəsi,
önəmli bir mərhələsi Ulu Öndər Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Azərbaycanın bugünkü
uğurları Heydər Əliyev strategiyasının təntənəsidir. Ulu Öndər demişdi:“Azərbaycanın
ərazi bütövlüyü bərpa olunacaqdır. Bu, bizim müqəddəs borcumuzdur, əcdadlarımız
qarşısında borcumuz, bugünkü nəsil qarşısında borcumuz, gələcək nəsillər
qarşısında borcumuzdur”
Azərbaycan bu gün dünyanın ən sürətlə, hərtərəfli
inkişaf edən dövlətlərindən birinə çevrilmişdir. Bu gün ölkəmizdə davam edən
geniş miqyaslı quruculuq işləri Heydər Əliyev zəkasının bəhrəsidir. Azərbaycan
tarixinə xilaskar və qurucu lider kimi daxil olmuş Ulu Öndər xalqımızın
taleyində, siyasi - ictimai və mədəni həyatında böyük xidmətlər göstərmişdir.
1993-cü ildə respublikamızda tuğyan edən
ictimai-siyasi böhran zamanı ikinci dəfə hakimiyyətə qayıdaraq xilaskarlıq
missiyasını yerinə yetirməsi xalqımız tərəfindən dövlətimizin qurtuluşu kimi
qeyd olunur. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş
qarşıdurmasına son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən,
siyasi-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və
dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikamızın qarşısında duran
problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı.
İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatımızda əsaslı dönüş
başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi, Azərbaycan
dünya birliyinə inteqrasiyaya başladı.
Ancaq bu müstəqiliyi qoruyub saxlamaq və möhkəmləndirmək
lazım idi. Bununla əlaqədar Ulu Öndər Heydər Əliyev 21 noyabr 1998-ci il tarixdə
Yeni Azərbaycan Partiyasının yaradılmasının altıncı ildönümünə həsr olunmuş təntənəli
yığıncaqdakı nitqində demişdir: “Müstəqilliyi elan etmək hər bir xalq üçün, hər
bir ölkə üçün tarixi hadisədir, böyük xoşbəxtlikdir. Amma müstəqilliyi yaşatmaq
və onu dönməz etmək, sarsılmaz etmək bundan da böyük vəzifədir, bundan da çətin
vəzifədir, bundan da böyük xoşbəxtlikdir.” Ümummilli Lider müstəqil Azərbaycan
dövlətinin yaradılması, onun yaşaması və qorunmasının hər bir Azərbaycan vətəndaşının
vəzifəsi olduğunu bildirərək qeyd etmişdi ki, “Biz müstəqil Azərbaycan dövləti
yaradırıq və onu elə yaratmalıyıq ki, daim yaşasın, heç bir qüvvə onu heç vaxt
heç yana əyə bilməsin, heç bir dövlət gəlib bizim, Azərbaycan xalqının milli
azadlığını, müstəqilliyini əlindən ala bilməsin. Bunun üçün də hər kəs bu müstəqilliyi
qorumaqdan ötrü sadiq olmalı və öz şəxsi mənafeyini milli mənafedən aşağı
tutmalıdır. Milli mənafe, dövlət mənafeyi hər şeydən üstün olmalıdır.”
Heydər Əliyevin çoxşaxəli ictimai-siyasi,
sosial-iqtisadi, mədəniyyət və digər sahələrdə yorulmaz fəaliyyəti, Azərbaycan
xalqı və dövləti qarşısında misilsiz xidmətlərini Azərbaycan xalqı heç bir
zaman unutmayacaq. Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı ən böyük xidmətlərindən
biri bilavasitə onun rəhbərliyi ilə işlənib hazırlanan və həyata keçirilən
sosial dövlət modeli olmuşdur. Heydər Əlyev hakimiyyətə gələnədək ölkədə heç
bir iqtisadi qanunlarla tənzimlənməyən sosial siyasət həyata keçirilirdi.
Bununla yanaşı, Ulu Öndərin bilavasitə rəhbərliyi
ilə hazırlanaraq 1995-ci ildə qəbul edilmiş müstəqil Azərbaycanın ilk
Konstitusiyasında Azərbaycan vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin
edilməsi dövlətin ali məqsədi kimi və Azərbaycan dövlətinin xalqın və hər bir vətəndaşın
rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin
qayğısına qaldığı ən yüksək səviyyədə bəyan edildi. Bu da dahi şəxsiyyət Heydər
Əliyevin sosial dövlət ideyasının Əsas Qanun səviyyəsində təsbit etməklə, bu
ideyanın dövlətin inkişafında aparıcı amil kimi müəyyən edilməsini şərtləndirdi.
Tarixi qəhrəmanlıq salnamələri ilə zəngin
olan Azərbaycan xalqı 44 günlük Vətən müharibəsini də qalibiyyətlə başa vuraraq
zəngin irsinə yeni şərəfli səhifə yazdı. Bu müharibə xalqımızın milli həmrəyliyinin,
öz haqqı uğrunda mübarizə aparmaq əzminin nümayişi oldu. Bu qalibiyyət Azərbaycanda
Ulu Öndər Heydər Əliyev tərəfindən başladılan, Prezident İlham Əliyev tərəfindən
ən müasir çağırışlar səviyyəsində həyata keçirilən ordu quruculuğunun mühüm nəticəsi
kimi tarixə yazıldı.
2003-cü ildən sonrakı dövrü böyük yolun
davamı kimi dəyərləndirən cənab İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin
dəstəyini qazanaraq Prezident seçildiyi vaxtdan Heydər Əliyev siyasətini
layiqincə yaşatmaqla yanaşı, həyata keçirdiyi düşünülmüş və balanslaşdırılmış
siyasi kursu ilə Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirir. Ötən
illlər ərzində cənab Prezidentin rəhbərliyi lə Azərbaycan çox böyük uğurlara
imza atıb. Əlbəttə bu uğurların başında Azərbaycan Respublikasının Prezidenti ,
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun 44
gün davam edən, işğal altında olan torpaqlarımızın azad olunması uğrunda
aparılan Vətən Müharibəsində əldə olunan Tarixi Zəfərdir.
Bibixanım Quliyeva,
YAP Neftçala rayon təşkilatının fəal üzvü
Digər xəbərlər