Ən əsas nailiyyət ondan ibarətdir ki, biz müstəqilliyimizi müdafiə etdik, qoruduq, möhkəmləndirdik, inkişaf etdirdik və müstəqilliyimizi əbədi etdik.

2023-03-14 Baxış: 684
img

Ulu öndər Heydər Əliyevin  dövlət və xalq qarşısındakı tarixi xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi dövrlər ölkəmizin gələcək  tərəqqisinin əsası oldu. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən işlərin fonunda ölkəmiz sürətli inkişaf tempinə malik oldu və bütün sahələrdə mütəmadi inkişaf göstəriciləri qeydə alındı.  Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır. Dahi lider Azərbaycan naminə bütün fəaliyyəti zamanı milli ideologiyanın yaradılmasına xüsusi diqqət yetirmişdir. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı.Ulu Ööndər daim vurğulayırdı ki, azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub-saxlamaq və möhkəmləndirmək üçün vasitədir. Heydər Əliyevin fəlsəfi baxışlarına görə, azərbaycançılıq milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. Xalqımızın milli-mənəvi dəyərlərini həm müdafiə etməyi, həm də qoruyub saxlamağı bacaran, dövlətlə vətəndaşların mənafeyini üzvi şəkildə birləşdirən azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyi və vahid sosium üçün uğurlu təməldir. "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq", - deyən ulu öndər dühası azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail oldu.Hər birimizin müqəddəs borcu müstəqil dövlətimizin qədrini bilmək, onu qorumaq, inkişaf etdirmək, dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə qaldırmaqdan ibarətdir. Ən əsas nailiyyət ondan ibarətdir ki, biz müstəqilliyimizi müdafiə etdik, qoruduq, möhkəmləndirdik, inkişaf etdirdik və müstəqilliyimizi əbədi etdik. 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Prezident İlham Əliyevin Sərəncamı əsasında 2023-cü ilin "Heydər Əliyev İli" elan olunması cox məqsədəuygundur. İnanırıq ki, respublikamızda müstəqil dövlətçilik düşüncəsinin, azərbaycançılıq ideallarının, vətənpərvərlik tərbiyəsinin daha da möhkəmləndirilməsinə özünün sanballı töhfələrini verəcək.Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi Ümummilli lideri var. Və bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Nə qədər Azərbaycan yaşayır Heydər Əliyev ruhu daim var olacaqdır!.

Aynurə Aslanova,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri