Mərkəzi Asiya ölkələri ilə iş birliyi artır
Azərbaycanın Avropada etibarlı tərəfdaş kimi münasibətlərini ildən-ilə
inkişaf etdirdiyi ölkələrdən biri də Almaniyadır. Almaniya Azərbaycanın müstəqilliyini
1992-ci ilin 12 yanvarında tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər
isə 1992-ci ilin fevralında qurulub. Diplomatik münasibətlərin
yaranmasından sonra Azərbaycan və Almaniya arasında əlaqələr mütəmadi olaraq
inkişaf edib.
Prezident İlham Əliyevin cari ilin mart ayının 13-14-də Almaniyaya işgüzar
səfəri iki ölkə arasında münasibətlərin daha da gücləndirilməsi və əməkdaşlığın
genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Səfər zamanı dövlətimizin
başçısının həm Almaniya Prezidenti Frank Valter Ştaynmayer, həm də Almaniyanın
Federal Kansleri Olaf Şolts ilə təkbətək və geniş tərkibdə görüşləri keçirilib,
bu ölkənin aparıcı şirkətlərinin rəhbərləri və nümayəndələrinin iştirakı ilə dəyirmi
masa təşkil olunub. Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul
edir, ölkəmizin regionda lider mövqeyini, həmçinin beynəlxalq səviyyədə
tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir.
Eyni zamanda, bu ölkə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin
olunmasında mühüm rolunu təqdir edir.
Prezident İlham Əliyevin
Almaniyaya səfəri özündə bir sıra mühüm
faktorları ehtiva etməkdədir. Eyni zamanda, daha bir fakt da budur ki,
Azərbaycandakı münbit biznes mühiti alman şirkətlərinin ölkəmizdə
fəaliyyətlərini daha da genişləndirməsinə imkan verir. Qarşılıqlı ticarət
dövriyyəsinin getdikcə artması onu deməyə əsas verir ki, artıq Azərbaycan
Almaniyanın etibarlı ticarət tərəfdaşlarından birinə çevrilib. Bir sözlə,
Azərbaycan-Almaniya münasibətlərinin və əməkdaşlığının inkişafı baxımından
Azərbaycan Prezidentinin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə üç
saata yaxın davam edən uğurlu görüşləri bir daha dövlətimizin həm iqtisadi, həm
də beynəlxalq qüdrətini Avropada nümayiş etdirmiş oldu. Martın 14-də Berlində
Kansler Olaf Şoltsla birgə keçirilən mətbuat konfransındakı çıxışında Prezident
İlham Əliyev bildirib ki, "Səfər zamanı apardığımız danışıqlar bir daha
onu göstərir ki, Almaniya ilə Azərbaycan arasında əlaqələr yüksək səviyyədədir,
siyasi dialoq müntəzəm olaraq aparılır".
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev görüşdə
maraq doğuran bir məsələni də diqqətə çatdırdı: “Mərkəzi Asiya ölkələri ilə iş
birliyi artır. Hazırda Azərbaycan məhdud imkanları olan Bakı-Tbilisi-Qars
dəmir yolunun, onun Gürcüstan hissəsinin genişlənməsinə investisiya yatırır.
Ola bilsin ki, gələn il bu investisiya layihəsi tamamlanacaq. O, bir milyon
tondan beş milyon tonadək genişləndiriləcək. Azərbaycanın əlavə investisiyaları
120 milyon ABŞ dollarından çox olacaq və biz onu gələn il tamamlayacağıq. Başqa
dar keçidlər də var, onlardan biri bizim Dəniz Ticarət Limanı ola bilər.
Hazırda biz onun 15 milyon tondan 25 milyon tona və 1 milyon TEU-dək genişlənməsinin
texniki əsaslandırmasının tamamlanması prosesindəyik”.
Dövlətimizin başçısı İlham Əliyevin Almaniyaya səfəri Azərbaycan-Almaniya etibarlı tərəfdaşlığının hərtərəfli və yüksələn xətlə inkişafının əyani göstəricisidir. Əminliklə söyləmək olar ki, bu səfər bütün sahələr üzrə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasına əhəmiyyətli təkan verəcək, gələcək inkişaf üçün böyük perspektivlər açacaq.
İlham Əsədov,
YAP Neftçala rayon təşkilatının fəal üzvü
Digər xəbərlər