Qarabağ ermənilərinin nümayəndələrinin xahişi təmin edilmişdir
Azərbaycan
Prezidenti İlham Əliyev 2020-ci il noyabrın 9-da Rusiya Prezidenti Vladimir
Putinlə Laçın rayonun işğaldan azad olunması üçün apardığı danışıqların
detallarını açıqlayıb. Dövlət başçısı bu barədə martın 28-də Məsim Məmmədovu
Prezidentin Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi
nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən danışıb.
"İkinci
Qarabağ müharibəsi başa çatanda rayon bizim nəzarətimizə keçsə də, Laçın şəhəri
nəzarətimizdən kənarda idi. Bunun obyektiv səbəbləri var idi. Çünki Ermənistandan
Qarabağa gedən yol Laçın şəhərinin ortasından keçirdi. 2020-ci il noyabrın 9-da
Rusiya Prezidenti ilə gün ərzində apardığım bir çox saatlıq telefon danışıqları
nəticəsində biz nail olduq ki, Laçın şəhərinin də Azərbaycana qaytarılması şərtləndirilsin.
Bu məqsədlə alternativ yolun çəkilişi mənim təkidimlə yekun Bəyanata
salınmışdır və müddət göstərilmişdir. Amma bu, bir qədər qeyri-müəyyən ifadələrlə
göstərilmişdir ki, üç il ərzində bu məsələ ilə bağlı müzakirələr aparılacaq. Ancaq
İkinci Qarabağ müharibəsi başa çatan kimi mən dərhal göstəriş verdim ki, yeni
yolun marşrutu və bütün texniki parametrləri müəyyən edilsin. Biz bu işə
tezliklə başlamışıq və bunu bir il yarım ərzində həll etmişik. Yəni, Laçın şəhərindən
yan keçən yeni yol çəkildi və keçən il avqustun əvvəlində, daha doğrusu,
avqustun 2-də yol istismara hazır idi. Biz Rusiya sülhməramlı qüvvələrinin
komandanlığına xəbər göndərmişdik ki, artıq onlar öz postlarını ovaxtkı
marşrutdan çıxarıb yeni yola keçirsinlər və avqustun 5-nə qədər biz Laçın şəhərinə,
Zabux və Sus kəndlərinə girməliyik. O vaxt bizim nümayəndələrimizlə təmasda
olan Qarabağ ermənilərinin nümayəndələri bizdən xahiş etmişdilər ki, vaxt verin,
biz avqustun 25-nə qədər özümüz bu məsələləri həll edərik, orada qanunsuz məskunlaşmış
erməniləri Laçın şəhərindən, Zabux və Sus kəndlərindən çıxaracağıq və beləliklə,
məsələ rahat şəkildə öz həllini tapa bilər. Mən buna etiraz etmədim, yəni 20
gün o qədər də böyük fərq etmir. Beləliklə, Laçın şəhərində, Zabux və Sus kəndlərində
qanunsuz məskunlaşmış bütün ermənilər aparılan işlər nəticəsində avqustun 25-də
oradan çıxarılmışdır. Avqustun 26-da biz Zabux, Sus kəndlərinə və Laçın şəhərinə
qayıtmışıq. Ondan sonra mən Laçın şəhərinə səfər etdim, Azərbaycan Bayrağını şəhərin
mərkəzində qaldırdım və bəyan etdim ki, biz artıq bu doğma diyarımızda əbədi
yaşayacağıq", - Prezident vurğulayıb.
Fəyyaz
Quliyev,
YAP
Neftçala rayon təşkilatının fəal üzvü
Digər xəbərlər