"Müstəqillik dövründə qazandığımız ən mühüm nailiyyətlərdən biri milli ordumuzun yaradılması olmuşdur."
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
yaradılması prosesi, əslində, ölkəmizin müstəqilliyinin tarixidir. Milli
Ordumuzun yaradılması hələ Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövrünə təsadüf
edir. O zamanlar Rusiya İmperiyasının müsəlman xalqlarına münasibəti, onların
orduda xidmətdən “azad” edilməsi bu xalqların hərbi işləri yadırğamasına gətirib
çıxarmışdı. Erməni təcavüzünün gücləndiyi 1917-1918-ci illərdə Azərbaycan türklərini
fiziki cəhətdən məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir vəziyyətdə təcili
olaraq ordu quruculuğuna başlamaq tələb olunurdu. Bununla əlaqədar olaraq
1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı
ilə ölkəmizdə ilk nizami hərbi hissə - Əlahiddə Korpus yaradılmış, avqustun 1-də
Hərbi Nazirliyi təsis edilmişdir. Hərbi Nazirliyə istedadlı general Səməd bəy
Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir
müavini təyin edilmişdilər.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə əsası
qoyulmuş Azərbaycan ordusunun ənənələri müasir dövrdə də qorunub saxlanılıb və
inkişaf etdirilməsi Ümummilli liderimiz Heydər Əliyevin ciddi səyləri nəticəsində
mümkün olmuşdur. Heydər Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələr quruculuğu
sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan
vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır. Azərbaycan
ordusu yaradılmasına başlanıldığı vaxtdan müxtəlif təzyiqlərə məruz qaldı.
Xaricdən və eləcə də daxildən göstərilən təzyiqlərin əsas məqsədi ordu
quruculuğunun qarşısını almaqla Azərbaycanın müstəqil bir dövlət kimi
mövcudluğuna yol verməmək idi.
Heydər Əliyevin 1993-cü ildə
hakimiyyətə qayıdışı və Azərbaycan Respublikasının Prezidenti seçilməsi
vəziyyəti kökündən dəyişdi. H.Əliyev Azərbaycanda ordu quruculuğu sahəsində
mühüm tədbirlərin həyata keçirilməsinə güclü təkan verdi və cəbhədə vəziyyətin
müsbət istiqamətdə inkişafına şərait yaratdı. Ümummilli liderimiz Heydər
Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmanla 26 iyun tarixinin Silahlı
Qüvvələr Günü elan olunması, tarixi həqiqətin və milli ordu quruculuğunda
varislik ənənələrinin bərpa edilməsi baxımından böyük əhəmiyyətə malik bir
hadisədir. Azərbaycan Respublikası Silahlı Qüvvələrimizin şəxsi heyəti
sələflərimiz tərəfindən başlanan müqəddəs işi layiqincə davam etdirir və
müstəqil ölkəmizin ordu quruculuğu tarixinə yeni-yeni parlaq səhifələr
yazır.Silahlı Qüvvələrimiz müasir texnika, silah və sursatla təchiz olunmuş,
ordunun zabit kadrları ilə komplektləşməsinə, hissə və birləşmələrin döyüş və
mənəvi-psixoloji hazırlığının yüksəldilməsinə imkanlar yaratmışdır.
Bu
gün Azərbaycanın dövlət büdcəsində hərbi təyinatlı xərclər birinci yerdədir.
Ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi və modernləşdirilməsi üçün
bütün imkanlardan istifadə edilir. Uzun illərdir biz ölkəmiz üçün ən ağrılı
problem - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli üçün çalışırdıq.
Azərbaycan torpaqları uzun illərdir ki, işğal altında idi. Lakin Azərbaycan
xalqının çoxdan gözlədiyi gün gəlib çatdı. Azərbaycan Ordusu düşmən üzərində
şanlı qələbə çaldı. Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, bu qələbəni
dəmir yumruqla qazandıq. Müzəffər ordumuz hər qarış torpağımız üçün mübarizə
apardı. Vətən müharibəsində işğal olunmuş torpaqlarımızı ordumuzun gücü,
şəhidlərimizin qanı ilə azad etdik.
Şəkəralı
İsmayılov,
YAP
Neftçala rayon təşkilatının fəal üzvü
Digər xəbərlər