Ümummilli Lider Azərbaycan dilinin adını özümüzə qaytardı.
Dil hər bir millətin, xalqın
milli kimliyi, varlığı və ən böyük mənəvi sərvətidir. Ana dilimiz qədimliyi, zənginliyi,
ahəngdarlığı, acılığı, rəngarəngliyi və səlisliyi baxımından dünyanın seçkin dillərindən
biridir. Azərbaycan xalqının xilaskarı olan Ümummilli lider Heydər Əliyev keçən
əsrin 60-cı illərin sonundan Azərbaycan Respublikasına rəhbərlik etməyə
başladığı ilk vaxtlardan ana dilimizə çox böyük diqqət və qayğı göstərmişdir. Heydər
Əliyevin qətiyyəti, şəxsi təşəbbüsü və sarsılmaz iradəsi, ciddi səyləri ilə
1978-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına Azərbaycan
dilinin dövlət dili kimi fəaliyyəti haqqında ayrıca maddə daxil edilib.
Ana dilini ürəkdən sevən, bu dildə danışmağı ilə fəxr
edən Ümummilli Lider bənzərsiz nitqlərində, dərin məzmunlu çıxışlarında
dilimizin rəngarəng ifadə vasitələrindən ustalıqla istifadə edirdi. Ümummilli
lider Heydər Əliyevin natiqlik məharətini ana dilini gözəl bilməsi, bu dildən mənəvi
zövq alması şərtləndirir. Ulu Öndərin dil haqqında fikirləri onun fəaliyyətinin
əsas istiqamətlərindən olmuş, daim prioritet kimi diqqətində saxlamışdır. Heydər
Əliyevin “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə
malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”
müdrik kəlamı ana dilimizə olan məhəbbət və hər bir soydaşımız üçün örnəkdir.
“Ümummilli Lider Azərbaycan dilinin adını özümüzə qaytardı. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdü. Bu təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Ulu Öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb. “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən isə hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili günü kimi qeyd edilir. Bundan əlavə, 2002-ci ilin 30 sentyabrında “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanun qəbul edilib. Ulu Öndərimizin Azərbaycan dilinin qorunmasına və inkişafına xidmət edən siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
Aytəkin Mahmudova,
YAP Neftçala rayon təşkilatı
ərazi partiya təşkilatının sədri
Digər xəbərlər