Ulu Öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18 -də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında “ Fərman imzalamışdır.

2023-04-27 Baxış: 262
img

Azərbaycan beynəlxalq səviyyədə ənənələri olan ölkə kimi tanınır və nüfuz qazanır. Tariximizin, milli-mənəvi dəyərlərimizin, dilimizin qorunması, inkişaf etdirilməsi daim dövlət siyasətinin əsas istiqamətlərindən biri olub. Ulu öndər Heydər Əliyev bildirirdi ki, dil hər bir millətin  mənliyinin əsasıdır.  İnkişaf etmiş  zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir,  ölməzdir, böyük gələcəyə malikdir.

Azərbaycan xalqının xoşbəxtliyi məhz dünya dilləri qrupunda  özünəməxsus yerə malik dilə sahib olması,  keçmişi ilə qürur duyub, gələcəyə böyük inamla addımlamasıdır. Bu, xalqımızın tarixin hər bir dövründə məğrurluğunu, yenilməzliyini nümayiş etdirməsindən, zəngin tarixə malik olmasından irəli gəlir.

Ana dili xalqın keçdiyi bütün tarixi mərhələlərdə  yaşayıb,  müasir dövrə gəlib çatan ən böyük mənəvi sərvətlərdəndir. Dilimizin keçdiyi ən çətin dövr məhz  Sovetlər dönəmində olub. Belə ki,  sovet dövründə ana dilimizin qorunması və inkişaf etdirilməsi, Azərbaycan dilinin dövlət dili statusunun təmin edilməsi ilə bağlı ümummilli lider Heydər Əliyev tarixi faktları gerçəkləşdirdi.  Ulu Öndər Heydər Əliyevin sonsuz  qayğısı və diqqəti nəticəsində  Azərbaycan dili ölkəmizdə dövlət dili kimi rəsmiləşmişdir.
  Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ümummilli lider Heydər Əliyevin xalq qarşısında ən böyük xidmətlərindən biri kimi tarixə yazılır.

Müstəqilliyimizin  qazanılmasından  sonra  yaranmış tarixi  şərait xalqımızın  dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Bu mənada Azərbaycan Əlifbası və Azərbaycan  Dili Gününün  təsis edilməsi  haqqında  ulu öndər Heydər Əliyevin  9 avqust  2001-ci il  tarixili  Fərmanı tarixi hadisə kimi dəyərləndirildi.

Əbəs yerə dil  millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvəti kimi xarakterizə edilmir. Ulu öndər Heydər Əliyevin  təşəbbüsü ilə  27 aprel 1978-ci il tarixində  Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə olunmuşdur. Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra da  dilimizin qorunması  əsas prioritetlər sırasında oldu. Belə ki, milli-mənəvi dəyərlərimizin qorunmasında  xüsusi xidmətləri olan ulu öndər Heydər Əliyevin imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” (18 iyun 2001-ci il), “Azərbaycan Respublikasında Dövlət dili haqqında Azərbaycan Respublikasının Qanunu” (30 sentyabr 2002-ci il) və “Azərbaycan Respublikasında dövlət dili haqqında  Qanununun tətbiq edilməsi barədə” (2 yanvar 2003-cü il) Fərmanlarının həyata keçirilməsi ilə ədəbi dilimizin fəaliyyət imkanları daha da  genişləndirildi, nitq mədəniyyətimizin qarşısında  yeni üfüqlər açıldı.


“Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” deyən Ulu öndər Heydər Əliyev Azərbaycan dilini xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli, müstəqilliyimizin başlıca rəmzləri ilə eyni səviyyədə qiymətləndirirdi
Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan Möhtərəm  cənab Prezidentimiz Azərbaycan dilinin qorunması istiqamətində verdiyi sərəncamlarla dilimizin və mədəniyyətimizin hər zaman keşiyində dayandığını Azərbaycan xalqına və dünya azərbaycanlılarına nümayiş etdirmişdir.

Gövhər Mahmudova,

YAP Neftçala rayon təşkilatının fəal üzvü