Azərbaycan xalqına həsr olunmuş fədakar ömür

2023-05-04 Baxış: 302
img

Bəşər tarixində min illər öncə yazılmış qaynaqlar dahilər haqqında ən geniş, ən zəngin bilgilər verməkdədir. Ona görə ki, loğmanlar, filosoflar, münəccimlər, yazıçılar, elm xadimləri, maarif işçiləri, hikmət dəryasını yaradan müdriklər əqli qüdrətlərinin bütün bacarığından bəhrələnərək, kamilcəsinə ömür yaşamış, mənsub olduqları xalqın, millətin dühalıq durumunu təsdiqləmişlər. Bu təsdiq əsrlər boyu tarixlə yaşdaş, yaddaş ömrü yaşayaraq, onun qədir-qiymətini qoruyaraq bu günə gətirib çıxarmışdır.

Şəxsiyyət zirvəsinə yetişənlər və bu zirvənin fatehi olanlar, hər şeydən əvvəl, ayaq basdıqları torpağa bir varlıq kimi baxmış və onun dəyərini heç bir ölçüyə sığışdırmamışlar. Ona görə ki, onlar tamlığı, bütövlüyü şərtləndirən amilləri ömür yollarının ilk başlanğıcında duyur, bu amillərdən yetərincə bəhrələnir, böyüdükcə torpağın müqəddəsliyini dərk edir, torpağın nəyə qadir olduğunu xüsusi düşüncə qüdrəti ilə qavrayırlar. Şəxsiyyət zirvəsinin fatehi olmaq haqqın mübarək gözlərinin nuru ilə işıqlanan yolların xüsusi zəka ilə görünməsidir, keçilməsidir. Ən əsası isə bu torpağın öz övladlarının varlığına, vücuduna verdiyi təpərdir, gücdür. Yalnız müqəddəs amallarla ömür sürməyi qarşısına məqsəd qoyanlar, müqəddəsliyə qovuşmaq üçün əyilmədən, yenilmədən, heç bir çətinliyə əhəmiyyət vermədən həyat tərzi keçirir, dünyanın bütün sirlərini zərrə boyda incəliklərinə belə göz qoyaraq, diqqət yetirərək əsl kişilik ömrü yaşayırlar. Heydər Əliyev də bir böyük şəxsiyyət kimi Azərbaycanın zənginləşdirilməsi üçün mənalı ömür yaşamış və dövlətçilik amallarımızı dahiliklə həyata keçirməkdə əvəzsiz müdiriklik göstərmişdir.

Xalqımızın Ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti o qədər geniş mövzudur ki, bu dahi şəxsiyyətin keçdiyi həyat yolunu, gördüyü bütün işləri əhatə edə bilmək üçün bir ömür kifayət etməz. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin və müstəqil Azərbaycanın banisi, xilaskarı və qurucusudur. Milli dövlətə, Azərbaycan dövlətçiliyinə xidmət Heydər Əliyevin bütün siyasi fəaliyyətinin əsas prinsipini, mahiyyətini və mənasını təşkil edir.

Heydər Əliyev müdriklik, aqillik, kamillik mücəssəməsidir! O, dərin zəkası ilə müəllimimizdir, bizə həyatın keçmişini, zamanın dəyişkənliyindəki tələbləri, milli dəyərləri müqəddəs hesab etməyi illlərdir ki, demişdir. Deyə-deyə özü də müqəddəsləşmiş, məbədgaha çevrilmişdir.

Fərqanə Məmmədova,

YAP Neftçala rayon təşkilatının fəal üzvü