Qəhrəman Azərbaycan övladları
İkinci Dünya müharibəsində faşizm üzərində
tarixi Qələbənin bu il 78-ci ili tamam olur. Bu böyük Qələbənin əldə olunmasında
Azərbaycan xalqının böyük töhfəsi və rolu var. Çünki xalqımız faşizm üzərində
Qələbənin əldə olunması üçün özünün 600 mindən çox oğul və qızını cəbhəyə yola
salmışdı. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci,
223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək
şanlı döyüş yolu keçib, xalqımızın əsl qəhrəmanlıq nümunələrini dünyaya nümayiş
etdiriblər. 170 mindən çox azərbaycanlının orden və medallarla təltif edilməsi,
123 nəfərin Sovet İttifaqı Qəhrəmanı adına, 30 nəfərin isə “Şöhrət” ordeninin
hər üç dərəcəsinə layiq görülməsi bunun sübutudur. Xalqımızın qəhrəman
övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və
irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər.
Qəhrəman azərbaycanlılar Polşa, Çexoslovakiya, Yuqoslaviya və digər ölkələrin
azad olunmasında, Berlin uğrunda döyüşlərdə yaxından iştirak ediblər. Partizan
hərəkatında iştirak edən soydaşlarımızın da qəhrəmanlıq nümunələri
saysız-hesabsızdır. İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçən
Azərbaycan övladlarının heç vaxt yaddaşlardan silinməyən qəhrəmanlıq və şücaəti
gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir. Amma bu qələbə Azərbaycan
xalqına asan başa gəlmədi. Yüz minlərlə həmvətənimiz, oğul və qızları bunun
üçün canlarından-qanlarından keçdilər. İkinci Dünya müharibəsində həlak olan 57
milyon insandan 27 milyonu sovet vətəndaşları idi ki, onların arasında
Azərbaycandan cəbhəyə gedən 300 mindən çox soydaşımız vardı. Onlar
el-obalarının hüdudlarından uzaqlarda mərdliklə, fədakarcasına vuruşaraq həm də
doğma Azərbaycanı faşizmdən mərdliklə qorudular. Biz faşizm üzərində Qələbənin
78 illiyində Böyük Vətən müharibəsində, alman faşizminin qarşısını almaq
uğrunda gedən döyüşlərdə həyatlarını qurban vermiş Azərbaycan vətəndaşlarının
xatirəsini böyük minnətdarlıq hissi ilə yad edirik.
Eyni zamanda, 78 ildən çoxdur ki, Qələbə
günü Böyük Vətən müharibəsi cəbhələrində ölüm-dirim savaşından zəfərlə qalib
çıxmış döyüşçülər nəslini qırılmaz tellərlə indiki nəslə bağlayır. İllər su
kimi axır. Ötüb keçən illər qəlbimizin dərinliklərində minnətdarlıq, məhəbbət
dolu sözlərlə qalaq-qalaq kitablara köçürülsə də, bizim nəsillər bəşər
tarixinin ən qanlı, ən dəhşətli müharibəsinin, Böyük Vətən müharibəsinin
veteranları qarşısında daim borclu qalacaq.
Ulu Öndərin bu sahədəki siyasətini
layiqincə davam etdirən Prezident İlham Əliyev Böyük Vətən müharibəsinin
xalqımızın tarixindəki rolunu daim yüksək qiymətləndirir. Dövlət
başçısının müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi,
xatirəsinin əbədiləşdirilməsi istiqamətində atdığı addımlar, yubiley
medallarının təsis edilməsi cəmiyyətdə böyük razılıqla qarşılanır.
Ağaş Paşayev,
YAP Neftçala
rayon təşkilatı
Ərazi partiya
təşkilat sədri
Digər xəbərlər