Azərbaycan xalqına həsr olunmuş fədakar ömür
Ulu Öndər Heydər Əliyevin təhlükəsizlik orqanlarında fəaliyyətinin ilkin dövrü
1944-1953-cü illəri əhatə edir. 1944-cü ilin may ayında dövlət təhlükəsizliyi
orqanlarında işə göndərilmiş Heydər Əliyevin verilmiş tapşırıqlara və işinə məsuliyyəti,
onun gələcək illərdə daha da yüksək vəzifələrdə çalışmasına, təhsilini davam
etdirməsinə geniş imkanlar yaratmışdır. Bu böyük tarixi şəxsiyyət o
vaxtkı sovet reallığında çox az adama nəsib olan ömür yolu keçərək təhlükəsizlik
orqanlarında leytenant rütbəsindən general-mayor rütbəsinədək, sıravi əməkdaşdan
DTK-nın sədri vəzifəsinədək yüksəlmişdir. Bu məqamla əlaqədar Heydər Əliyevin təhlükəsizlik
orqanlarına gəlişi ilə bağlı öz xatirələrini yada salmaq yerinə düşər:
"1941-ci ildən mən Naxçıvan MSSR-in NKVD-sində arxiv şöbəsinin məxfi hissəsinin
müdiri vəzifəsində işləyirdim. Sonra Muxtar Respublikanın Xalq Komissarları
Sovetində şöbə müdiri, 1944-cü ildən NKVD-DTN-DTK-da əməliyyat işində işləmişəm".
Heydər Əliyev təhlükəsizlik orqanlarının sıralarında yalnız öz şəxsi keyfiyyətləri
- dərin erudisiyası, hərtərəfli dünyagörüşü, parlaq zəkası nəticəsində vəzifə
pillələrində addım-addım irəliləyirdi. Harada çalışmasından asılı olmayaraq
Heydər Əliyev dəfələrlə özünün də qeyd etdiyi kimi, heç bir zaman vəzifə
dalınca qaçmayıb, savadlı və məsuliyyətli əməkdaşı vəzifənin özünün mütləq
tapacağına əmin olan bu insanın təhlükəsizlik orqanlarında və ümumiyyətlə həyatda
pillə-pillə yüksəlişi və nəhayət hakimiyyət olimpinə çatması yalnız biliklərə hərtərəfli
yiyələnməsinin, dərin səriştənin, peşəkarlığının, fenomenal idarəçilik və təşkilatçılıq
bacarığının və gərgin zəhmətinin bəhrəsi olub.
Heydər Əliyevin təhlükəsizlik orqanlarında gərgin və yorulmaz fəaliyyəti
bu təsisat üçün yüksək ixtisaslı, səriştəli, başlıcası isə milli ruhlu, vətənpərvər
kadrların yetişdirilməsinə, onun maddi-texniki bazasının gücləndirilməsinə yönəlmişdi.
Müstəqil Azərbaycan dövlətinin qurucusu olan Heydər Əliyev həm də sözün əsl mənasında
Azərbaycan milli təhlükəsizlik konsepsiyasının banisidir. Heydər Əliyev
dühasının böyüklüyü bir də ondadır ki, onun fəaliyyətini dar çərçivə ilə məhdudlaşdırmaq,
qəliblərə salmaq mümkün deyildir.
Sona Haxıyeva,
YAP Neftçala rayon təşkilatının əməkdaşı
Digər xəbərlər