Azərbaycan xalqına həsr olunmuş fədakar ömür.

2023-05-08 Baxış: 257
img

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi  Siyasi Bürosunun  və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu  vəzifələrdən istefa vermişdir.

Heydər Əliyev Moskvada işləyərkən, son dərəcə gərgin iş rejiminə baxmayaraq, Azərbaycan haqqında məlumatlarla daim maraqlanırdı. O, imkan taparaq, Moskvada yaşayıb işləyən azərbaycanlılarla, o cümlədən vaxtilə şəxsən özünün buraya ali məktəblərdə təhsil almağa göndərdiyi azərbaycanlı gənclərlə görüşür, onların həyatı ilə maraqlanır, üzləşdikləri problemlərin həllinə kömək edirdi. Heydər Əliyevin Moskvada yaşayan azərbaycanlılara diqqət və qayğısı, mənəvi dayaq olması orada Azərbaycan diasporunun  formalaşmasına və fəaliyyətinə güclü təsir göstərirdi. Keçmiş sovet rəhbərliyinin 1987-ci ildə Heydər Əliyevi "səhhətinə görə" istefaya göndərmək qərarı SSRİ rəhbərliyinin Azərbaycana qarşı yönəldilmiş məkrli və riyakar siyasətinin həyata keçirilməsi yolunda ilk addım oldu. Bir tərəfdən Qərbin məşhur dövlət xadimlərinin, politoloqlarının Heydər Əliyevin SSRİ-nin hökümət başçısı ola biləcəyi haqqında proqnozları, həmçinin İttifaqın bir çox ziyalı təbəqəsinin məhz fenomenal keyfiyyətlərə malik şəxsiyyət olan Heydər Əliyevi bu vəzifədə görmək istəyi, digər tərəfdən ermənipərəst qüvvələrin onu siyasi hakimiyyətdən uzaqlaşdırmaq üzrə ciddi səyləri bu prosesi sürətləndirirdi. Heydər Əliyev kimi dövlət xadiminin SSRİ-nin ali rəhbərliyi sıralarından kənarlaşdırılması erməni millətçilərinin və onların Kremldəki havadarlarının əl-qolunu açdı. Heydər Əliyevin 1987-ci ilin oktyabrında vəzifədən getməsindən dərhal sonra erməni akademiki Aqanbekyanın Fransanın "Humanite" qəzetinə müsahibəsində qondarma Şərqi Ermənistan torpaqlarının Ermənistana birləşdirilməsi barədə sərsəm bəyanatları 1988-ci ilin fevralında Ermənistandakı və Dağlıq Qarabağdakı millətçi qüvvələrin təcavüzkar separatçılıq niyyətlərinin reallaşdırılması üçün siqnal rolunu oynadı. Azərbaycanın o vaxtkı rəhbərliyinin Mərkəzə yarınmaq üçün yeritdiyi xalqa zidd siyasət respublikada ictimai-siyasi vəziyyəti son dərəcə kəskinləşdirdi. 1990-cı ilin qanlı 20 Yanvar hadisələri bütün dünyaya nümayiş etdirdi ki, sovet rəhbərliyi və onun yerlərdəki əlaltıları Azərbaycan xalqına qarşı ən ağır cinayətlər törətməkdən çəkinmirlər.

 

Gülnarə Qasımova,

YAP Neftçala rayon təşkilatının fəal üzvü