Şuşa Azərbaycanda hakimiyyətdə olan və ya hakimiyyətə gəlməyə çalışan bir çoxlarının xəyanəti nəticəsində işğal olunmuşdu.

2023-05-08 Baxış: 339
img

Cari ilin 3 may tarixində ADA Universitetinin təşkilatçılığı ilə  Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda Cənab Prezident İlham Əliyev Azərbaycan və Ermənistan arasında baş vermiş 44 günlük müharibə haqqında da söhbət açmışdır. Cənab Prezident çıxışında bildirmişdi ki, Şuşanın Azərbaycanın tarixində xüsusi yeri var. İndi Şuşa sıfırdan yenidən qurulur. İl ərzində müstəqil Azərbaycanın qurucusunun xatirəsinə ehtiram əlaməti olaraq və eyni zamanda, daxili siyasətimizin vacib məsələlərinə, regional inkişaf proseslərinə və beynəlxalq məsələlərə toxunaraq Azərbaycanda və xaricdə çoxsaylı tədbirlər, konfranslar təşkil olunur. Ulu Öndər Heydər Əliyev həmişə Azərbaycan xalqının maraqlarını qoruyan bir şəxs olmuşdur və bunu zamana, siyasi vəziyyətə baxmayaraq etmişdir. Sovet Azərbaycanı dönəmində 10 ildən artıq müddətdə Sovet Azərbaycanının rəhbəri olanda və hətta ideoloji əngəllər çərçivəsində o, Azərbaycan xalqının maraqlarını qoruyurdu və milli kimliyimizi saxlaya bilməyimiz üçün əlindən gələni etməyə çalışırdı. Qarabağın azad edilməsindən sonra ölkə daxilində artıq heç bir risklə üzləşmədiyimizə baxmayaraq, biz adada yaşamırıq.

Ötən il “Şuşa İli” elan edilmişdir, çünki bu şəhərin Qarabağ xanı Pənahəli xan tərəfindən yaradılmasının 270-ci il dönümü idi. Şuşa həmişə Azərbaycan şəhəri olmuşdur. Yalnız işğal dövründə iyirmi səkkiz ildən artıq müddət ərzində Şuşa əcnəbi hökmranlıq altında idi. Şuşa heç vaxt ermənilər üçün doğma şəhər olmamışdır. Şuşa Azərbaycanda hakimiyyətdə olan və ya hakimiyyətə gəlməyə çalışan bir çoxlarının xəyanəti nəticəsində işğal olunmuşdu. Ona görə də Şuşanın azad edilməsi həqiqətən də bizim qürurumuzun nümayişidir.

Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi və Ali Baş Komandan İlham Əliyev müzəffər ordusu ilə, arxasında yumruq kimi birləşən xalqın iradəsi ilə Ulu Öndərin arzusunu gerçəkləşdirdi. Azərbaycan xalqı bununla fəxr edir, bütün azərbaycanlılar buna sevinir. Vətən müharibəsində qələbəmizin simvoluna çevrilən Şuşa Bəyannaməsinin imzalanması tarixi hadisə idi. Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycanı rəsmi olaraq müttəfiq elan edib.  Azərbaycan və Türkiyə nəinki müttəfiqlik formatını qoruyub saxlayacaq, hətta onu gücləndirəcəkdirlər. Çünki yeni geosiyasi reallıqda bu, artıq regional sabitliyin və təhlükəsizliyin mühüm amilinə çevrilib.

Xannənə Ağayeva,

YAP Neftçala rayon təşkilatı

Ərazi Partiya təşkilatının sədri