Gürcüstan və Azərbaycan arasında daşımalar, enerji və bir çox digər sahələrdə qarşılıqlı əlaqə və tərəfdaşlıq enerji və daşımalar təhlükəsizliyinin vacib meyarıdır

2023-05-11 Baxış: 295
img

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev və Gürcüstanın o vaxtkı lideri Eduard Şevardnadze tərəfindən möhkəm özül üzərində qurulan dostluq əlaqələri ildən-ilə daha da möhkəmlənərək qarşılıqlı dostluq və qardaşlıq müstəvisinə yüksəlib. Belə ki, ölkələrarası diplomatik münasibətlər qurulandan sonra Ulu öndər Heydər Əliyev və Eduard Şevardnadze istər regional, istərsə də qlobal məsələlərdə həmişə eyni mövqedən çıxış ediblər. Ölkələr arasındakı ikitərəfli münasibətlər Ulu öndər Heydər Əliyevin 1996-cı ildə Tbilisiyə rəsmi səfərindən sonra daha da inkişaf etməyə başlayıb. Həmin səfər zamanı tərəflər “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik” və “Qafqaz regionunda sülh, təhlükəsizlik və əməkdaşlıq” haqda qarşılıqlı bəyannamələr imzalayıblar. 1997-ci ilin fevralında Gürcüstan dövlət başçısı Eduard Şevardnadzenin Bakıya səfəri zamanı isə iki ölkə arasında strateji əməkdaşlığın inkişafına dair yeni bir sənədə imza atılıb.
Beləliklə, Ulu öndər Heydər Əliyevin və Eduard Şevardnadzenin əsasını qoyduğu strateji əməkdaşlıq keçən müddətdə bütün sahələr üzrə davam edib. Bu gün Gürcüstanla Azərbaycanı hər şeydən əvvəl Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRACEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Bununla paralel olaraq, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib. Siyasi yaxınlaşma iqtisadi inteqrasiya fonunda baş verir və strateji xarakter alır.

 Ulu Öndərin neft strategiyası Azərbaycanın və Gürcüstanın dövlət müstəqilliyinin qarantıdır.

Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfrans keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib.

 Konfransda çıxış edən dövlət başçısı  sualları cavablandırarkən bildirib ki, bu gün Azərbaycan və  Gürcüstan  münasibətləri uğurla inkişaf edir. Bilirsiniz, bu yaxınlarda, yəni, ötən ay Gürcüstanın Baş naziri Azərbaycana səfərə gəlmişdi. Altı ay əvvəl mən Gürcüstanda oldum.  Beləliklə, biz hər zaman əlaqədəyik və ölkələrimiz arasında münasibətlərin daha da möhkəmləndirilməsi məqsədilə birgə çalışırıq. Yüksək səviyyəli rəsmilər arasında qarşılıqlı anlaşma var ki, biz öz məqsədlərimizə yalnız birgə işləyərək nail ola bilərik. Biz Avropadakı tərəfdaşlarımızla münasibətdə və regionda daha güclü ola bilərik. Buna görə Gürcüstan və Azərbaycan arasında daşımalar, enerji və bir çox digər sahələrdə qarşılıqlı əlaqə və tərəfdaşlıq enerji və daşımalar təhlükəsizliyinin vacib meyarıdır. Həmin iki mühüm məsələ qeyd edilən səfərlərimizdə, o cümlədən digər yüksəkrütbəli rəsmilərin qarşılıqlı səfərlərində nəzərdən keçirilmişdir.

Həcər Dadaşova,

YAP Neftçala rayon təşkilatının fəal üzvü