Bu gün Azərbaycan Avrasiyada nəqliyyat mərkəzlərindən birinə çevrilib
"Ümummilli
Lider Heydər Əliyev ideyaları bu gün də yaşayır və qalib gəlir. Bütün Azərbaycan
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. İlin əvvəlindən bu
günə qədər və ilin sonuna qədər həm ölkəmizdə, həm müxtəlif ölkələrdə bir çox tədbirlər
keçirilmişdir və keçiriləcəkdir. Azərbaycan öz böyük oğlunun xatirəsinə böyük
hörmətlə yanaşır. Ulu Öndər demişdir: «Mənim həyatımın məqsədi Azərbaycandır,
Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır. Əgər
mən buna nail ola bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam. Buna
nail olmağa çalışıram və çalışacağam.» Ən ağır məqamlarda Azərbaycan
xalqı əmin idi ki, Ümummilli Lider xalqımızın, dövlətimizin maraqlarını
qoruyacaq və ölkməmizin inkişafı ilə bağlı ən düzgün qərarları verəcəkdir.
Böyük qürur hissi ilə qeyd edirik ki, müasir müstəqil Azərbaycan ümummilli
lider Heydər Əliyevin şah əsəridir." Bu fikirləri Prezident
İlham Əliyev Ümummilli
Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Şuşadan Azərbaycan
xalqına müraciət edərkən
bildirmişdir.
Ulu Öndər
hər zaman ölkənin inkişafında sabitliyin rolunu önə çəkərək bildirirdi ki,
sabitlik olmadan hansısa sosial-iqtisadi layihənin həyata keçirilməsi
mümkünsüzdür. Məhz, Ulu Öndərin uğurlu siyasəti nəticəsində yenidən qurulan Azərbaycan
qısa zamanda sabitlik diyarına çevrildi, ölkəmizə investisiya axını sürətləndi.
1994-cü il sentyabrın 20-də imzalanan «Əsrin müqaviləsi» Azərbaycanın
nüfuzunun, beynəlxalq aləmdə möhkəmlənən yerinin və artan rolunun danılmaz göstəricisidir.
Bu sazişin imzalanması ilə Azərbaycanın, həm, iqtisadi qüdrəti artdı, həm
də, etibarlı tərəfdaş kimi mövqeyi möhkəmləndi. Tarixən neft ölkəsi kimi
tanınan Azərbaycan sonrakı illərdə qaz ixracatçısı kimi beynəlxalq aləmdə nüfuz
qazandı. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft və 2007-ci ildə
Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istifadəyə verilməsi Azərbaycanı regional
inkişafın aparıcı qüvvəsinə çevirdi.
Ulu Öndər
qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin
əyani nümunəsini yaratdı. 1994-cü il sentyabrın 20-də imzalanmış «Əsrin
kontraktı» ölkəmizin inkişafında növbəti bir dönüş nöqtəsi idi. İndi Azərbaycan
dövlətinin payına düşən mənfəət neftinin 75 faizi bu gün bizim
iqtisadiyyatımızı gücləndirir. Azərbaycan dövləti «Əsrin kontraktı»nın icrasına
bir manat vəsait qoymayıb. Ancaq mənfəət neftinin 75 faizi Azərbaycana gəlir.
Bu gün xarici şirkətlərlə aparılan neft-qaz əməliyyatları çərçivəsində minlərlə
milli kadr yetişib. Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin 100 illik
yubileyi ilə bağlı müraciətində bildirib ki, bu gün Azərbaycan Avrasiyada nəqliyyat
mərkəzlərindən birinə çevrilib. Məhz, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə
Azərbaycanda Avropa-Qafqaz-Asiya Beynəlxalq Nəqliyyat Dəhlizinə
dair çox böyük və mötəbər beynəlxalq konfrans keçirilmişdi. Məhz, o illərdə, bu
gün «Orta Dəhliz» dediyimiz layihənin bünövrəsi qoyuldu – Avropa-Qafqaz-Asiya.
Bu dəhlizin Azərbaycan ərazisindən keçməsi o illərdə şərtləndirildi. Halbuki bəziləri
bunu istəmirdilər. Əfsuslar olsun, bu gün də elələri var ki, Azərbaycanı bu
strateji layihədən kənarda qoymaq istəyirlər, amma onların arzuları gözlərində
qalacaq.
Mehman Əsədov,
YAP
Neftçala rayon təşkilatının üzvü
Digər xəbərlər