Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda inşa edilmiş tunellər və Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlərlə tanışlıq
Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uzunluğu 82 kilometr olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda inşa edilmiş tunellər və 2021-ci ilin noyabrından 2023-cü ilin mayınadək ümumilikdə bu yolda və uzunluğu 76 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub.
MAYAKİNFO xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər haqqında məlumat verdi.
Bildirildi ki, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. I, II və III texniki dərəcəli yol iki, üç və dörd hərəkət zolağından ibarət olacaq. Bu yolun üzərindəki 5 tunelin ümumi uzunluğu 25,9 kilometrdir. Tunellərin 12,3 kilometrlik hissəsində qazma işləri tamamlanıb. Buradakı ən uzun tunel Murov dağının altından keçir. Həmin tunelin uzunluğu 11,6 kilometrdir.
Qeyd edək ki, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə Kəlbəcər rayonunun ərazisindən keçir. Buna görə də yol rayonun bir çox yaşayış məntəqələri ilə yanaşı, Kəlbəcər şəhərinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişə imkan yaradacaq.
Məlumat verildi ki, uzunluğu 76 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolu mövcud yoldan 33,1 kilometr qısadır. I və II texniki dərəcəli bu yol ikizolaqlı və dördzolaqlı olmaqla inşa edilir. Bu yolun üzərində 17 tunelin inşası nəzərdə tutulur. Tunellərin ümumi uzunluğu 13,3 kilometrdir. Bundan başqa, yol üzərində ümumi uzunluğu 4,1 kilometr olan 23 körpü və ümumi uzunluğu 1076 metr təşkil edəcək 3 qovşaq inşa olunacaq.
Digər xəbərlər