Ermənistan bizim ərazi bütövlüyümüzü tanıdıqdan sonra faktiki olaraq sülh müqaviləsi üçün hər hansı bir ciddi maneə qalmayıb
Prezident İlham Əliyevin 28 may - Azərbaycan Respublikasının Müstəqillik
Günündə Laçın şəhərinə səfəri və oradakı çıxışı hər bir azərbaycanlı üçün
qürurverici idi. Cənab Prezident çıxışında bildirdi ki, 28 may ikiqat
bayramdır. Laçın şəhərinin sakinləri uzun fasilədən sonra öz doğma şəhərinə
qayıdıblar. Bu gün müstəqil Azərbaycan dövləti dünya miqyasında öz mövqelərini
kifayət qədər möhkəmləndirib və istənilən nəticəni əldə etməyə qadirdir. Cəmi
7-8 ay ərzində Laçının böyük hissəsi tamamilə yenidən qurulub. İlk 20 ailə
artıq Laçında yerləşibdir və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək.
Birinci mərhələdə Laçında 4 minə yaxın insan məskunlasaçaqdır. Laçın şəhərinin
Baş planı hazırlanıb və bütövlükdə Laçında 7-8” ay ərzində 700 bina inşa edilib.
Onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil
hazırdır. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər. Ölkə başçısı
bildirdi ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsindən
sonra Azərbaycan ayağa qalxa bildi, inkişaf yoluna qədəm qoya bildi, vətəndaş
müharibəsinə son qoyuldu. 1993-cü ilin oktyabr ayından Ulu Öndər prezident vəzifəsinə
seçiləndən bu günə qədər Azərbaycan sabitlik məkanı kimi, dünyada nümunəvi ölkə
kimi özünü təsdiqləyib. Dünya miqyasında nadir ölkələrdənik ki, iqtisadi cəhətdən
tam müstəqilik. Siyasi gücümüzü artırdıq və bu gün Azərbaycanla hesablaşırlar.
Qurduğumuz güclü ordu düşməni 44 gün ərzində darmadağın edib, onları diz
çökdürüb və torpaqlarımızdan qovub. Yetişdirdiyimiz vətənpərvər, tərbiyəli,
milli ruhda tərbiyə almış gənc nəsil torpaqlarımızı azad etdi. Laçını, Kəlbəcəri,
o vaxt işğal altında olan digər torpaqları görməyən, bu bölgələrdən olan gənclər
ölümə getməyə hazır idilər, ölümə də gedirdilər. Biz onların qəhrəmanlığını heç
vaxt unutmayacağıq. Cənab Prezident onu da bəyan etdi ki, hazırda Ermənistan
bizim ərazi bütövlüyümüzü tanıdıqdan sonra faktiki olaraq sülh müqaviləsi üçün
hər hansı bir ciddi maneə qalmayıb. Yaxın gələcəkdə, - əgər yenə də Ermənistan
saxtakarlıq etməsə və yenə də öz mövqeyini dəyişməsə, - sülh müqaviləsi
imzalana bilər. Son vaxtlar beynəlxalq təşkilatlar da faktiki olaraq bizim
mövqeyimizlə tamamilə razılaşıblar. Ona görə ki, biz haqlıyıq və ona görə ki,
biz mövqeyimizdən kənara bir addım belə atmırıq. Ona görə bu gün nə müstəqillikdən,
nə muxtariyyətdən, nə başqa bir şeydən heç kim artıq söhbət açmır. Lakin sülh
müqaviləsi beynəlxalq şərtlər əsasında olmalıdır, Naxçıvana yolumuz açılmalıdır
və Qarabağda hələ də kök salmış Ermənistan ordusunun nümayəndələri oradan
çıxarılmalıdır.
Nigar İbrahimova,
YAP Neftçala rayon təşkilatı
ərazi partiya təşkilatının sədr
müavini
Digər xəbərlər