Azərbaycan qazına ehtiyac artmaqdadır

2023-06-06 Baxış: 284
img

Cənubi Qafqazın ən zəngin karbohidrogen ehtiyatlarına və enerji sisteminə malik ölkəsi Azərbaycandır. Bu səbəbdən ölkəmiz təkcə milli və regional səviyyədə deyil, ümumilikdə dünya enerji sistemində, transmilli enerji bazarında özünəməxsus yer tutmaqla yanaşı, həm də kənardan heç bir enerji asılılığı olmayan, bütün sahələr üzrə öz tələbatını daxili imkanları hesabına tam ödəməyə qadir ölkələrdəndir.Tarixi həqiqətdir ki, Azərbaycanın uğurlu neft strategiyasının əsası ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyunundan etibarən ölkəmizə rəhbərlik etməyə başladığı dövrdən formalaşmağa başlamışdır. Belə ki, birinci Qarabağ savaşında atəşkəsin əldə edilməsi ilə respublikada siyasi və iqtisadi sabitlik təmin edilmiş, xarici sərmayələrin yatırılması üçün Azərbaycan cəlbedici ölkəyə çevrilmişdir. 1994-cü ildə Bakıda ilk neft-qaz sərgisinin keçirilməsi Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim etməyə imkan yaratdı. Həmin ildə imzalanmış “Əsrin müqaviləsi” ölkəmizin enerji ehtiyatlarından səmərəli istifadəsi ilə bağlı vəziyyəti kökündən dəyişdi və bununla da dayanıqlı inkişaf və iqtisadi müstəqilliyin təməli qoyuldu, Azərbaycanı firavan gələcəyə daşıyan yol xəritəsinin konturları müəyyənləşdi.

Prezident İlham Əliyevin cari ilin 31 may tarixində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz -“Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışında Prezident özünün dərin məzmunlu çıxışında bildirib ki, Azərbaycan özünü enerji sahəsində nəhəng transformasiya prosesinin tərkib hissəsi hesab edir. Azərbaycan çalışır ki, bu məsələdə geridə qalmasın və lider, aparıcı ölkə olsun. Bu cəhətdən Bakı Enerji Həftəsi enerji sahəsində aparıcı beynəlxalq tədbirdir Təsadüfi deyil ki, ABŞ Prezidenti Co Bayden və Böyük Britaniyanın Baş naziri Sunakbu tədbirə öz məktublarını ünvanlayıblar. Bu, onun göstəricisidir ki, bu tədbir qlobal əhəmiyyətə malikdir. ABŞ və Böyük Britaniya hökumətləri hər zaman bizim bütün təşəbbüslərimizi dəstəkləyiblər ki, Azərbaycan öz resurslarını inkişaf etdirə bilsin. 30 il ərzində Azərbaycan dünya ölkələri ilə enerji sahəsində uğurlu əməkdaşlıq aparır. “Bizim təchizatın coğrafiyası, əminəm ki, genişlənməkdə davam edəcək. Çünki Azərbaycan qazına ehtiyac artmaqdadır. Son il yarım ərzində bizə 10-dan artıq ölkə müraciət edib ki, təchizatın həcmini artıraq və ya həmin ölkələrə təchizata başlayaq. Əlbəttə, biz bütün dostlarımızın ehtiyaclarını ödəməyə çalışırıq. Sərmayələri də əlaqələndirməliyik ki, bazar imkanları nəzərə alınsın”, - deyə dövlətimizin başçısı qeyd edib. Bu işdə beynəlxalq maliyyə institutlarının dəstəyinə ehtiyac olduğunu vurğulayan Azərbaycan Prezidenti deyib: “Bilirik ki, bu gün “yaşıl enerjiyə” gəldikdə, bəzi beynəlxalq maliyyə institutları neft-qaz sahəsini maliyyələşdirməyi dayandırıb. Amma mən hesab edirəm ki, biz bir balaca realist olmalıyıq. Çünki qaz və neft təchizatı olmadan enerji təhlükəsizliyi tam olaraq təmin edilə bilməz”.

Prezident İlham Əliyevin cari ilin 31 may tarixində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərində çıxışı bir daha təsdiqlədi ki, Azərbaycanın siyasi nüfuzunun yüksəlişi reallığa, gerçəkliyə əsaslanır. Azərbycan dünya dövlətlərinin siyasi ehtiramı ilə əhatələnib.

 

Sona Haxıyeva,

YAP Neftçala rayon təşkilatının əməkdaşı