Türkiyə ərazisindən Avropa ölkələrinə Azərbaycanın qaz ixracı artmaqdadır
Azərbaycan və Türkiyə qardaşlığı tarixin bir çox ağır və məsuliyyətli
sınaqlarından üzüağ çıxmışdır. Azərbaycanın müstəqilliyini ilk tanıyan qardaş
Türkiyə bugünə qədər təmsil olunduğu bütün beynəlxalq təşkilatlarda yüksək
tribunalardan ölkəmizi dəstəkləməklə haqq işimizin müdafiəsi üçün çalışmışdır.
Xüsusən də Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın parlaq gələcəyi istiqamətində
göstərdiyi səylər, türk dünyasının birliyi və həmrəyliyi yolunda atdığı ciddi
siyasi addımlar olduqca əhəmiyyətlidir.
İyunun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə geniş tərkibdə
görüşü keçirilib.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin iyunun 13-də mətbuata bəyanatla
etdiyi çıxışında da qeyd olunduğu kimi, bu seçkilərdən sonra Türkiyə-Azərbaycan
qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni üfüqlər açılır. Azərbaycan və
Türkiyə Prezidentlərinin istər təkbətək keçirdikləri görüş zamanı, istərsə də
heyətlərin iştirakı ilə aparılan danışıqların gedişində bir daha ölkələrimizin
ortaq niyyəti ifadə olundu, əldə edilmiş bütün uğurların təməlində Türkiyə və
Azərbaycan arasında olan qardaşlıq əlaqələrinin durduğu diqqət mərkəzinə çəkildi.
Türkiyə üzərindən Avropa ölkələrinə Azərbaycanın qaz ixracı
artmaqdadır. Buna da böyük tələbat var. Bunu Prezident İlham Əliyev Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatı zamanı deyib. “Enerji sahəsində bizim işimiz təbii qaz məsələsi
ilə məhdudlaşmır. Biz bu gün yenilənən, yəni bərpa olunan enerji növləri üzrə əməkdaşlıq
haqqında fikir mübadiləsi apardıq. Bu gün həm qaz, həm neft, həm neft məhsulları,
neft-kimya məhsulları, elektrik enerjisi məsələlərində biz fəal əməkdaşlıq
edirik”, - dövlət başçısı qeyd edib.
Türkiyə
növbəti beşillikdə Rəcəb Tayyib Ərdoğanın liderliyində öz qüdrətini, dünyadakı
nüfuzunu daha da artıracaq. Böyük türk xalqı öz mövqeyini daha da qətiləşdirərək
yeni dövrün başlandığını bütün dünyaya nümayiş etdirəcək. Azərbaycan və Türkiyə
dövlətləri iki liderin qardaşlığının vəhdətində regionda növbəti uğurlara
birlikdə imza atacaqlar. Türkiyə və Azərbaycanın qardaşlıq münasibətlərinin,
birliyinin yeni istiqamətlər üzrə inkişafı bu gün dünyanın diqqət mərkəzindədir.
Ərəstun
Əskərov,
YAP
Neftçala rayon təşkilatı
Ərazi
partiya təşkilat sədrinin müavini
Digər xəbərlər