Rəşadətli Ordumuz öz gücünü 2016-cı ilin aprel ayında sübut etdi.
2023-06-28
Baxış: 241
2016-cı ilin apreli Azərbaycan Ordusunun növbəti şanlı Qələbəsi ilə tarixləşdi. Azərbaycan Respublikasının Prezidenti bu döyüşlər haqqında qürurla dedi ki, Aprel döyüşləri dərsliklərə salınmalıdır. Bu qələbə ordumuzun həm döyüş, həm də yüksək mənəvi-psixoloji hazırlığa malik olduğunu da təsdiqlədi. Aprel qələbəsi onu da təsdiqlədi ki, Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü ordudur. Bu qələbə xalqımıza bir gerçəkliyi də yaşatdı: Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə qadirdir - bu döyüşlər Ali Baş Komandanın döyüş əmri ilə başlanacaq döyüşlərdə Azərbaycan ordusunun qalib gələcəyinə, torpaqlarımızı işğaldan azad edəcəyinə əminliyin döyüşləri idi.
2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələri iri miqyaslı təxribatlar törətmək niyyəti ilə ön xətt mövqelərə və yaşayış məntəqələrinə intensiv artilleriya atəşi ilə hücuma başladı. Aprel döyüşləri 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan sonra ən şiddətli döyüşlər idi. Ordumuzun bölmələri hücumun qarşısını aldı, əks-hücumla düşməni geri çəkilməyə məcbur etdi. Bu döyüşlər hərb tariximizə Aprel döyüşləri kimi həkk olundu. Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən bu döyüşlərdə qüdrətli ordumuz düşmənə sarsıdıcı zərbə vurdu, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəklikləri, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyini, Cocuq Mərcanlını, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonu istiqamətində işğal altında olan 2000 hektardan çox ərazini işğaldan azad etdi. Bu, döyüşlərin hərbi nəticəsi idi. Onun mənəvi nəticələri isə ordunun şəxsi heyətinin döyüş əzminin, qələbə ruhunun göstəricisi oldu. Azərbaycan Ordusunun qətiyyətli döyüşləri, qazandığı qələbələri ilə düşmənin məğlubedilməzlik mifinin yalan olduğunu dünyaya nümayiş etdirdi. Xalqımız öz ordusu, qorxubilməz oğulları ilə qürur duydu. Aprel döyüşləri Azərbaycan dövlətinin, dövlətçiliyinin dönməzliyinin, Azərbaycan əsgərinin gücünün, qüdrətinin ifadəsi kimi tarixləşdi. Bu döyüşlər sübut etdi ki, Azərbaycan Ordusu düşmənin istənilən miqyaslı təxribatının, istənilən hərbi əməliyyatının qarşısını almağa qadirdir. Aprel döyüşləri həm də Azərbaycan Ordusu ilə düşmən ordusu arasındakı güc fərqinin, peşəkarlığının, döyüş hazırlığının fərqinin də təsdiqi oldu. Şanlı hərbi qələbəmiz olan Aprel döyüşləri dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərməklə yanaşı, Azərbaycan xalqının və dövlətinin heç vaxt işğalla barışmayacağını, ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəyini bir daha nümayiş etdirdi. Aprel döyüşləri Azərbaycan Ordusunun istənilən döyüş tapşırığını yerinə yetirmək üçün hər cür fədakarlığa və hərbi qüdrətə hazır olduğunu da təsdiqlədi.
Bu Qələbə yüksək döyüş və mənəvi-psixoloji hazırlığın vəhdəti ilə qazanıldı. Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan Ordusu dövlətimizin qüdrətinin nümunəsidir, xalqımızın iftixar yeridir və ölkəmizin ərazi bütövlüyünü təmin etmək iqtidarında olan yüksək hazırlığa malikdir. Aprel döyüşləri 2020-ci ilin noyabrında qazanılan Zəfərin başlanğıcı idi.
Zeynalabdin Abbasov,
YAP Neftçala rayon təşkilatının fəal üzvü
Digər xəbərlər
2021-11-04
2023-04-18