Vətənpərvər Azərbaycan əsgəri

2023-07-02 Baxış: 300
img
Xalqımızın şanlı tarixi çoxlu sayda qəhrəmanlıq səhifələri ilə zəngindir. Mayası qorxmazlıq, igidlik və vətənpərvərliklə yoğrulan bu xalq əyilməzliyini hər zaman sübut edib. Hər bir millət gələcəyə qəhrəman övladları ilə gedər. Qəhrəmanları olmayan millət tarixin sınaqlarından keçə bilməyəcək, dar və dolanbac döngələrdə azıb qalacaq. Qəhrəmanlığı edənlər də, onu tarixə yazanlar da vətənin igid övladlarıdır. Ölümdən qorxmadan, sağlamlığını itirmək bahasına olsa belə vətən, torpaq, azadlıq uğrunda mübarizəsindən dönməyən əsgərlərimiz var.
Vətənin müstəqilliyi qoruyub saxlamaq üçün güclü ordu ən vacib şərtlərdəndir. Güclü ordusu olmayan dövlətin müstəqilliyi daim düşmənlərin, yadellilərin təhlükəsi altındadır. Müasir dövrdə Azərbaycan Ordusu zəngin maddi-texniki bazaya, ən yeni silahlara malikdir. Lakin ordunu yenilməz edən təkcə silah və texnikanın gücü deyil. Ən yeni raketlərin, güclü silahların, topların, döyüş maşınların ola bilər. Lakin sənin qorxmaz, mərd, cəsur əsgərlərin yoxdursa, məğlub olarsan.
1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurasının üzvləri müsəlman şərqində ilk Cümhuriyyətin yaradıldığını elan etdilər. Gəncəyə köçən hökumət iyunun 26-da Müsəlman Korpusunun Əlahiddə Azərbaycan Korpusu adlandırılması haqqında qərar verdi. Beləliklə, Azərbaycan Milli Ordusunun təşkilinə başlanıldı”.
“Gənclər hərbi xidmətin mahiyyətini dərk etməkdə çətinlik çəkirdilər. Onlar arasında vətənpərvərlik ruhunda təbliğatın aparılmasına ehtiyac var idi. Orduya çağırılan əsgər kazarma həyatına öyrəşə bilmirdi. Fərarilik adi hal almışdı. Silah və sursat yox dərəcəsində idi.
Milli Ordu hissələri Bakını və Qarabağı düşmən qüvvələrindən təmizlədikdən sonra sırada Lənkəran dayanırdı. Hələ 1918-ci ilin avqustunda bu bölgə ilə heç bir əlaqəsi olmayan millətçi rus zabitləri molokan qiyamına başladılar. Ona görə də Azərbaycan Ordusunun qarşısında duran əsas məsələ bu bölgədə qiyamı yatıraraq Milli Hökumətin idarəçiliyinin bərpasına nail olmaq idi. Qiyamçıların qurudan və dənizdən hərtərəfli yardım almasına baxmayaraq, 1919-cu ilin avqustunda düşmən darmadağın edildi, bölgədə əmin-amanılq bərpa olundu”.
“Qısa müddət ərzində Qarabağda ermənilərin pozuculuq fəaliyyətinə son qoyan milli ordu hissələri 1919-cu ilin avqustunda onları Azərbaycan idarəçiliyini qəbul etməyə məcbur etdilər. 1918-1920-ci illərdə Cümhuriyyətin ən uğurlu işlərindən biri Milli Ordu quruculuğu oldu. Qısa zaman kəsiyində 40 minlik bir ordunun yaradılması böyük siyasi-hərbi hadisə idi.
1939-1945-ci illər II Dünya müharibəsində milli Azərbaycan diviziyaları təşkil edildi. Bu diviziyaların faşizmə qarşı qəhrəmanlığı haqqında yüzlərlə əsər yazılıb. Bir sözlə, tarix boyu Azərbaycan əsgəri öz şərəfli adını ləyaqətlə qoruyub”.
 1991-ci ildə Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etdikdən sonra milli ordu quruculuğu əsas məsələyə çevrilib: “Düşmən havadarlarının gücündən istifadə edərək Azərbaycan torpaqlarının 20 faizini işğal etmişdi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra ordu quruculuğu sahəsində böyük işlər görüldü. Milli ordu hissələri ilk dəfə Horadiz əməliyyatında düşmənin layiqli cavabını verdi. Erməni işğalı ilə barışmayan Azərbaycan xalqı hər cür alçaldıcı razılaşmalardan imtina etdi.
Bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu sonrakı dönəmdə Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Azərbaycan öz tarixi torpaqlarını işğaldan azad etmək üçün Vətən müharibəsinə başladı. 44 günlük Vətən müharibəsində qazandığımız qələbə Azərbaycan Ordusunun nəyə qadir olduğunu bütün dünyaya bəyan etdi. Müharibənin qəhrəmanı Ali Baş Komandan və onun ölkəyə rəhbərliyi dönəmində yetişən Azərbaycan əsgəridir.
Bu gün güclü Azərbaycan dövləti və ordusu var. Bu ordu hər cür müasir silahla təchiz olunub. Məhz bu ordu İkinci Qarabağ müharibəsində tarixi torpaqlarımızı azad edərkən üç min şəhid verdi. Bu ordu xalqımızı qalib xalqa, vətənimizi qalib ölkəyə çevirdi. 2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan xalqı qalib əsgəri ilə öyünür, onun qəhrəmanlığı ilə fəxr edir. Şanlı Azərbaycan əsgəri öz zəfəri ilə 26 iyun gününü qaliblərin bayramına çevirdi”.

Yusif Abdullayev, 
YAP Neftçala rayon təşkilatının fəal üzvü