Ticarət dövriyyəmiz böyük profisitlə həyata keçirilir
Şuşa şəhəri erməni işğalından azad olunduqdan sonra bir sıra
mötəbər beynəlxalq tədbirlərə evsahibliyi edib. İndi isə qədim mədəniyyət
paytaxtımızda “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal
Media Forumu keçirilir. “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının
148-ci ildönümü münasibətilə reallaşan bu beynəlxalq tədbirdə bir sıra önəmli məsələlər,
o cümlədən ölkəmizin iqtisadi uğurları bir daha dünyaya bəyan edilir.
Prezident İlham Əliyev Şuşa Qlobal Media Forumunda Transxəzər
layihəsinin maliyyələşdirilməsindən bəhs edərkən beynəlxalq maliyyə qurumları tərəfindən
mədən yanacağı ilə əlaqə¬dar layihələrin maliyyələşdirilmədiyini, bu məsələdə
daha çox “yaşıl keçid” təşəbbüslərinə üstünlük verildiyini bildirib.
Yeri gəlmişkən, qeyd edim ki, Beynəlxalq Maliyyə
Korporasiyasının hesabatına əsasən, təkcə Xəzər dənizində 157 qiqavat həcmində
potensial var. Yeni bərpaolunan enerji sahəsində bir neçə şirkət artıq fəaliyyət
göstərir. Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında saziş
imzalanıb və Avropa İttifaqının Prezidenti də həmin mərasimdə iştirak edib. Bu
layihəyə əsasən, Azərbaycandan Avropaya Qara dənizin dibi ilə yaşıl enerji xəttinin
inşa ediləcəyi qərara alınıb. Artıq ilkin hesablama aparılıb və
texniki-iqtisadi əsaslandırmanın yəqin ki, sentyabr-ok¬tyabr aylarında təqdim
olunacağı göz¬lənilir.
Dövlətimizin başçısı forumda daha sonra bu gün qeyri-neft
sektorunun inkişafının prioritet olduğunu diqqətə çatdırıb: “Biz ümumi daxili məhsulda
iqtisadiyyatımızın qeyri-neft sektorunun payını ildən-ilə artırırıq. O, artıq
50 faizdən yüksəkdir. Bu gün biz həm də qeyri-neft ixracını artırırıq…Hazırda
kapital və sərmayə proqnozlaşdırıla bilən və sabit məkanlara gedir, belə bir məkan
məhz Azərbaycandır. Hətta işğal dövründə də Azərbaycan sabitlik məkanı idi…”.
Ölkə rəhbərinin bu fikrinə əsaslana¬raq deyə bilərəm ki, son
20 ildə dünya miqyasında Azərbaycan qədər sürət¬lə inkişaf edən ikinci ölkə
olmayıb. Bu dövr ərzində iqtisadiyyat 3 dəfədən çox artıb, valyuta ehtiyatları
65 milyard dollara çatıb, xarici borc isə ümumi daxili məhsulun 10 faizi səviyyəsinə
düşüb.
Təkcə yuxarıda sadalanan göstə¬ricilərə əsaslanıb bildirim
ki, son 20 il Azərbaycanın müasir tarixinə iqtisadi, sosial, siyasi və mədəni
inkişafının dö¬nüş mərhələsi kimi daxil olub. Bu dövrdə uğurla həyata keçirilən
islahatlar nəticəsində Azərbaycan dünyanın ən dinamik inkişaf yolu keçən
iqtisadiyyatı kimi tanınıb, özünün nadir iqtisadi inkişaf modelini təqdim edib.
Ölkənin ma¬liyyə imkanları tarixi maksimuma çatdırılıb. Azərbaycan Cənubi
Qafqazın və ətrafın iqtisadi coğrafiyasını dəyişdirməyə qadir olan möhtəşəm
layihələrin təşəbbüskarı missiyasını qətiyyətlə öz üzərinə götürüb.
Respublikamız regional iqtisadiyyatın lokomotivinə çevrilib,
Avropanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaşlarından biri kimi özünü təqdim
edib, beynəlxalq Şərq–Qərb, Şimal–Cənub nəqliyyat qovşağı kimi məsuliyyətli vəzifəni
layiqincə yerinə yetirib. Bütün bunların sayəsində təbii olaraq respublikamızın
regional və dünya iqtisadiyyatında rolu və əhəmiyyəti xeyli yüksəlib. Ardıcıl və
sistemli şəkildə həyata keçirilən sosial siyasət nəticəsində insanların həyat şəraitinin
yüksəldilməsi, rifahının yaxşılaşdırılması sahəsində möhtəşəm nailiyyətlər əldə
edilib.
Yeri gəlmişkən, dövlətimizin başçısının prezidentlik fəaliyyəti
illərində iqtisadi sahədə əldə edilən digər göstəricilərə də diqqət yetirmək
istərdik. Əvvəlcə onu vurğulayım ki, Azərbaycanda ümumi daxili məhsulun (ÜDM)
nominal həcmi son 20 il ərzində 22 dəfə artaraq 133,8 milyard manata çatıb. Bu
dövrdə ölkə əhalisinin gəlirləri 13,7 dəfə, stra¬teji valyuta ehtiyatları isə
2023-cü ilin aprel ayında 2003-cü ilə nəzərən 41 dəfədən çox artıb (2003-cü ildəki
1,6 milyard dollardan 65,9 milyard dollara çatıb).
Dövlətimizin başçısının forumda vurğuladığı kimi, bu gün
ticarət dövriyyəmiz də böyük profisitlə həyata keçirilir. Son altı ay ərzində
ixrac-idxalla müqayisədə Azərbaycanın profisiti 10 milyard dollar təşkil edib.
Siyasi vəziyyət sabitdir. Azərbaycan özünü neft-qaz sahəsində etibarlı tərəfdaş
kimi sübut edib və hazırda coğrafi yerləşməni, artıq çox müasir nəqliyyat
infrastrukturunu nəzərə alaraq əlaqələndirmə məsələlərində fəal çalışır.
Cəlal Rəsulov,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının
sədri
Digər xəbərlər