İki qardaş xalq arasında mədəni əlaqələr sovet dönəmində də xeyli inkişaf edib Özbəkist

2023-08-28 Baxış: 314
img
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin avqustun 22-də Azərbaycana səfər edib. Səfər əsnasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması mərasimi keçirilib, mühümü müqavilələrə imza atılıb. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin səfəri zamanı imzalanan sənədlərə, o cümlədən, iki dövlət başçısının verdiyi birgə bəyanata nəzər salsaq əminliklə bildirmək olar ki, bu səfər türk dünyasının iki qardaş dövləti olan Azərbaycan və Özbəkistan arasındakı dostluq münasibətlərinin, eləcə də ikitərəfli əməkdaşlığın inkişafına ciddi təkan verəcək, bu əməkdaşlığı mahiyyət etibarı ilə yeni mərhələyə yüksəldəcəkdir.
Azərbaycan və özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub. Eyni kökə malik, ortaq tarixi, dini və mədəniyyəti bölüşən iki dost və qardaş xalqlar arasında əlaqələrin tarixi qədim dövrlərə çıxır. Ölkələrimiz müstəqillik qazandıqdan sonra isə diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də qurulub.Tarixə nəzər salsaq görərik ki, Özbəkistan və Azərbaycan xalqları daim bir-birinin yanında olmuşlar. Hər iki dövlətin müstəqillik tarixi ağır keçib. İki qardaş xalq arasında mədəni əlaqələr sovet dönəmində də xeyli inkişaf edib. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistanda sığınacaq tapıb. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar da yaxından iştirak ediblər. Bu gün 70 minə yaxın azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. Azərbaycanla Özbəkistanın dövlət müstəqilliklərini əldə etdikdən sonra tarixi dostluq, qardaşlıq münasibətləri daha da inkişaf etdirilib və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəyə gəlib çatıb. Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ulu Öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub.
Bu gün ölkələrimiz regionda və beynəlxalq aləmdə baş verən bütün hadisə və proseslərə münasibətdə eyni mövqedən çıxış edirlər. Hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayır. Bütün sahələrdə əlaqələr uğurla inkişaf edir. Xalqlarımızın dostluğu qədim tarixə söykənir və Şavkat Mirziyoyevin səfəri hər bir azərbaycanlı üçün bir qardaş, dost səfəri oldu. Prezident İlham Əliyevin söylədiyi kimi, Özbək və Azərbaycan xalqları hər zaman bir yumruq kimi birlikdə olacaqdır.
Fəyyaz Quliyev,
YAP Neftçala rayon təşkilatının fəal üzvü